İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayb.

Miq.Az fərmanın mətnini təqdim edir:

1. "Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Kino Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100000 (bir yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

4.1. Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019; № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1841 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.13-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.6.14-cü yarımbənd əlavə edilsin:

"5.6.14. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az