IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALISA (Automated Library System of Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana sisteminin təqdimat mərasimi keçirilib.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, təqdimat mərasiminə "Ultra" şirkətinin biznes xidmətləri qrupunun proqram təminatı komandasının rəhbəri Anar Məmmədov ALISA layihəsi haqqında ətraflı məlumat verib.Bildirib ki, bu proqram Azərbaycan kitabxanalarını vahid bir məkanda birləşdirən - mərkəzləşdirilmiş elektron kitabxana sistemidir: "Sistemin hazırlanması zamanı kitabxana sistemləri üzrə dünya təcrübəsi öyrənilib. Eyni zamanda, Azərbaycanın kitabxana sisteminin özünəməxsusluqları da nəzərə alınıb. ALISA elektron kitabxana sisteminin məqsədi mərkəzləşdirilmiş kitabxana və kitabxanalar arasında vahid informasiya bazasının (kitab, qəzet, audio, və s.) və təsnifatının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanı, oxucu və kitabxana arasında daha rahat, vaxt itkisi olmadan operativ olaraq münasibətlərin qurulması məqsədlərini özündə birləşdirir".
Anar Məmmədov qeyd edib ki, sistemin onlayn rejimdə çalışması, bura dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınıb və kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatları bura aid etmək mümkündür. Sistem həmçinin, unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir. ALISA çoxsəviyyəli hüquqlar sisteminə malikdir. İstənilən istifadəçiyə proqramdan istifadə üçün məhdud, yaxud tam hüquqlar vermək olar. Həmçinin, bunu həm bir kitabxana, həm də nazirlik səviyyəsində həyata keçirmək mümkündür.
A.Məmmədov onu da vurğulayıb ki, layihə çərçivəsində xüsusi elektron portal da yaradılıb və portalda ölkənin bütün kitabxanalarının saytları yer alıb. Burada kitabxana haqqında məlumat almaq, kitabxana ilə bağlı xəbərlər, elanlar və tədbirlərlə tanış olmaq, fonda yeni daxil olan kitablar və s. barədə informasiya əldə etmək mümkündür. Bundan başqa, portalda, oxucular öz rayonlarında yerləşən kitabxanada qeydiyyatdan keçə, sonradan almaq üçün kitab sifariş edə, həmçinin, şəxsi kabinetdə sifariş edilmiş və geri qaytarılmalı olan kitablar barədə məlumat əldə edə bilər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.