7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinin Avropa Birliyi və Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilməsi bölgəmiz üçün yeni risklər yaradır. Təəssüflər olsun ki, aparılan təbliğat kampaniyasının hədəflərindən biri Azərbaycana qarşı "Qarabağ hərəkatı”nın, separatçılıq şüarlarının, 44 günlük müharibənin nəticələrinin, "itirilmiş torpaqlar” narrativinin və sülh müqaviləsinin şərtlərinin istismarı təşkil edir.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, bəli, İrəvanda "üçbaşlı müharibə partiyası”na ən azı 3 dövlət dəstək verir:
"Əlbəttə, Ağrıdağı simvola çevirən və bayraq yandıranların seçkilərdə şansları yoxdur. Lakin Avropa və qonşu ölkələrin siyasi rəhbərliyində "Zəngəzur açılarsa, Gülüstan və Türkmənçay müqaviləsinin üzərindən xətt çəkilir və Azərbaycan bütövləşir” demələri səbəbsiz deyil. Əsrlər boyu türk və azərbaycanlı xofunu ermənilərin şüuraltına yeridən və ərazisində ordu saxlayanlar indi azərbaycanlı və erməni liderlərin vasitəçisiz danışıqlarını, əməkdaşlığını və Qarabağ məsələsinin gündəlikdən çıxmasını görüb ənənəvi qorxu siyasətini sata bilmədiklərindən qəzəblənirlər.
"Qarabağı Azərbaycanın tərkibində kim birinci tanıyıb” mübahisəsi düz 4 ildir ki, gedir. Halbuki qələbəmizin legitimliyinin beynəlxalq səviyyədə qəbulu xarici dövlətlərin xalqımıza lütfü deyil, apardığımız müharibənin hüquqi və ədalətli nəticəsidir.
Paşinyan qarşıdakı seçkilərdə uğur qazanmasa belə, onun alternativləri Zəfərimizə və sülh müqaviləsinə zərbə vura bilməzlər. Əksinə, yaxın 20 ildə Ermənistanın Azərbaycana bərabər hərbi gücü yarana bilməyəcəyi üçün "müharibə partiyası”nın seçkilərdə qələbəsi erməni hakimiyyət təmsilçilərinin dediyi kimi, İrəvanın da itirilməsi ilə nəticələnər. Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar".
Deputat bildirib ki, Qarabağ məsələsini gündəliyə qaytaranlar erməni xalqını köləlikdə saxlamaq istəyənlərdir: "Soyqırım”ı dövlət siyasətindən çıxaran, "böyük” yox, "real Ermənistan”da yaşamaq istəyənlər ölkələrinin karta, geosiyasi alətə və silaha çevrilməsinin tarixi nəticələrini ağır şəkildə ödədiklərini anlayırlar.
İlham Əliyevin Qarabağ Zəfəri onu imperiya maraqları üçün istismar edən dövlətlərin Azərbaycan və Ermənistan üzərində qurduqları çoxəsrlik əsarətə də son qoyub. Deməli, biz təkcə torpaqlarımızı yox, siyasi azadlığımızı da qazanmışıq. Qarabağ Azərbaycanın milli azadlığının tam və bütövləşmiş simvoludur.
İndi ölkəmizin ərazisindən Ermənistana neft məhsulları daşınır, xarici yük daşımaların tranziti bərpa olunur. İqtisadi əlaqələrin başlanması sülh tərəfdarlarının mövqeyini gücləndirir və Qarabağ üzərindən xarici təzyiqlərə son qoyur.
Ona görə də Bakıdan çox, İrəvanın düşmənlərinin namizədləri 90-cı illərdəki babalarının aqibətindən dərs çıxarsınlar. Düşmənçiliyin ideoloqu Zori Balayana 91 illik ömür mükafatdan çox cəzaya çevrildi - o, Azərbaycanın Qələbəsini və öz ideologiyasının iflasını gördü, erməni xalqının soyuq biganəliyi şəraitində dünyadan köçdü.
İndi Cənubi Qafqazda yalnız bir qüvvə - İlham Əliyevin sülh partiyası bütün xalqların rifahına, təhlükəsizliyinə zəmanət verdiyi üçün regionun gələcəyini Azərbaycan müəyyən edəcək".