Paşa Talıblı: “Alnım — qürbət günsüzlüyü...”
Qarı cəllad bu qubarı gördümü...
Dar ağacı bar ağacı deyil ki..
Demirdinmi: dar ağacı dərilmız!..
... dəstələyib nə yığmısan dərdini,
az dəstələ, dərdin ucu hörülməz!
Qulac-qulac hörən varmı dərdini?
... sərhesabla indi hansı ağıldı?
Kim demişdi: hörüyü var dağların...
Qubar gördü, dağın zülfü dağıldı!..
... görən yenə qarı könlü nə çəkir?
Duman dağdan nə aparır , gördümü?
... qubar keçir yenə Sınıq körpüdən,
qarı cəllad bu qubarı gördümü!
Qasid
Elə bil sənindi ürəyim, götür,
elə bil sənindi gözlərim, buyur!
Bir az gözlərimin oduna atıl,
bir az ürəyimin dalınca yüyür!..
Bir az taleyimin dalınca yüyür,
taleyimin üstə gəril bir azca!
Bərkit ayağını, bas üzəngini,
teylə ürəyini, yorul, bir azca!
Çevir ürəyini sevər üzünə,
çevir gözlərini baxdığı səmtə;
üzünü üzümə çevir, qadası!
Sən elə həmişə taleyimdəsən,
taleyi düzünə çevir, qadası!
Bir az ürəklərin qaç dolusundan,
bir az ürəklərin boşuna yüyür!
Ürəyim boyunca, gözüm boyunca
dünyanın ağrılı başına yüyür
ürəyim ağzımda mən yüyürəntək!..
Bir az ürəyimin dalınca yüyür,
gözümün odunu alınca yüyür!
Taleyimin üstə yüyür, qadası!
Elə bil sənindi buyur, qadası!
Canlı kitab
... deyirsən, çarə yox olacağa da!
Necə inanırdım o yoxa, Tanrım!
... olacaq nə görsəm, ayağa qalxdım,
məni çox qaldırdın ayağa, Tanrım!
Üzümdəki rəsmin kölgəsindəndi —
üzümün yarısı gecədir, bax bir!
Səndən əvvəl ölmək tənhalıqdısa,
səndən sonra ölmək necədir... bax bir!
Desəm, uzunçuluq eləmiş ollam...
Kəsib doğanaqdan keçirirəm mən!
... can da bir kitabdır, olacaq nə var
bu canlı kitaba köçürürəm mən!
Tanrım, yenə olsun nə olacaqsa!
... yenə təkkə sirli, qalaça ovsun!
Elə istədiyim bir ucqar sözdü...
Mənə bir ucqar söz olacaq olsun!
Deyirsən, çarə yox olacağa da!
Necə inanırdım o yoxa, Tanrım!
...olacaq nə gördüm ayağa qalxdım,
məni çox qaldırdın ayağa, Tanrım!
Alnımın sürreal eskizi...
... yarı qürbət tənhalığı,
yarı da alın yazısı.
Olan alnımdan nə xəbər?
Nə deyir yalın yazısı?
Acı rüzgarlar əsirkən,
aç ovcunu, gözlərini yum!
Alnım - qürbət günsüzlüyü...
Gün çıxmaz alnımdan, yavrum!
Ay da doğmaz, yavrum, ay da!..
Aysız-günsüz də yeri di!
... macəra yeridi bəlkə
ya qərib güllə yeridi —
gün çıxmaz alnımdan, yavrum!
Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü