"Ramiz Mehdiyev, Əli Kərimli və onlar kimiləri tarixin lənətinə gələcəklər"
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digər şəxslərlə bağlı geniş məlumat yayıb. Bildirilib ki, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaitin leqallaşdırılmasında iştirak edib. Eyni məlumatda qeyd olunur ki, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli şəkildə KTMT-yə tam üzv olması ilə bağlı razılaşmanın mövcud olduğu iddia edilir. Açıqlamada bu cür əlaqə və razılaşmaların ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratdığı vurğulanır.
Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlama verib. O deyib ki, bu, dövlətə xəyanətdir:
"Tutduğu vəzifədə dövlətə xidmət etmək əvəzinə, dövlətin müstəqilliyinə və suverenliyinə qarşı əlaltı fəaliyyət göstərmək açıq-aşkar xəyanətdir. Bu, mənəvi xəyanətdir. Bu, müstəqilliyimizə və xalqımızın adına qarşı edilən xəyanətdir. Ramiz Mehdiyevin öz gizli niyyətlərini pərdələyərək Azərbaycanı müstəqillikdən məhrum etmək, onu xarici qüvvələrin təsiri altına salmaq cəhdlərinin qarşısı alındı. Bir daha sübut olundu ki, Ulu Öndər Heydər Əliyevin qurduğu və Prezidentin möhkəmləndirdiyi müstəqil Azərbaycan dövlətini heç nə sarsıda bilməz. İstənilən xəyanətin, müstəqilliyimizə qarşı yönələn hər hansı hərəkətin qarşısı qətiyyətlə alınacaq. Xalq onları bağışlamayacaq. Xalq heç vaxt onların arxasınca getməyib və getməyəcək. Müstəqillik ona görə əldə edilməyib ki, sonradan bir qrup insanın siyasi oyunlarının alver predmetinə çevrilsin. Ramiz Mehdiyev, Əli Kərimli və onlar kimiləri tarixin lənətinə gələcəklər”.