Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyada bir ildən artıqdır ki, təmir işlərinin dayandırıldığı, lakin məktəbdə heç bir tikinti və ya bərpa işinin aparılmadığı bildirilir.
Bu barədə gimnaziyanın müəllim kollektivi Tendensiya.com-a məlumat verib. Onların sözlərinə görə, yay tətili dövründə təmir işlərinin başlanacağı gözlənilsə də, indiyədək məktəbdə heç bir iş görülməyib. Təmirin hansı səbəbdən dayandırıldığı isə məlum deyil.
Tendensiya.com-a daxil olan məlumata görə, ölkədə tanınan təhsil müəssisəsinin başqa əraziyə köçürülməsi ilə bağlı plan müzakirə olunur. Digər iddiaya əsasən isə gimnaziyanın stadionunun və həyətyanı sahəsinin satışa çıxarılması nəzərdə tutulur.
Son günlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən gimnaziyanın stadionunda bir neçə müvəqqəti tikinti köşkünün quraşdırılması bu istiqamətdə atılan ilk addım kimi qiymətləndirilir. Məlumata görə, həmin şəxslər ərazinin artıq onlara məxsus olduğunu bildiriblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Şəhər sakinlərinin sözlərinə görə, gimnaziyanın ərazisinin satılması planının arxasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dayanır. Onların sözlərinə görə, bu proseslə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya da təzyiq göstərib.
Məlumatda həmçinin bildirilir ki, İlhamə Abdullayeva bu planlarla razı olmasa da, gimnaziyanın və onun ərazisinin qorunması istiqamətində hər hansı addım atmayıb.
Mövzunu araşdırmaqda davam edirik. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə və cavab hüququnu təmin etməyə hazırıq.