Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və
sərgilərdə fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət 9-11 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində
keçirilən 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisinə qatılıb. Sərgidə Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin
nümayəndələri ilk növbədə mövcud olan Tələbə Proqramları haqqında ətraflı məlumat
ilə paylaşıb və eyni zamanda Azercell-də işə qəbul olunmaq arzusunda olanların
bütün suallarını cavablandırıblar. Azercell-də karyera qurmaq istəyində olan gənclərə
məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan
yaradılıb.
Qeyd edək ki,
Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində
öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq
Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər
il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə
görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat
verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil
müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd
və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda
Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə
bağlıdır. Məlumat üçün deyək ki, oktyabrın 1-dən etibarən "Azercell Telekom”
MMC Tələbə Proqramına başlayıb. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin
sonuna qədər "Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar.
Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait
yaradılacaq. Eyni zamanda Noyabr ayında Bölgə Tələbə Proqramı 2015 başlaması nəzərdə
tutulub. Proqram çərçivəsində, Gəncədə, Mingəçevirdə, Naxçıvanda və Lənkəranda
təqdimatlar keçirilicək və tələbələrə bu proqramda iştirak etmək şansı veriləcək.
Proqramda Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil
alan və yaxşı qiymətləri olan tələbələr müraciət edə biləcək.
Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.