Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
"Mənə son günlər "manatlıq” taksilərin fəaliyyətinə qoyulan məhdudiyyətlərdən sonra yaranmış vəziyyətlə bağlı çoxsaylı müraciətlər daxil olur. Moskva prospekti və "20 Yanvar” metrostansiyası ətrafında nəqliyyat yükünün artması xüsusilə şəhərətrafı ərazilərdən Bakıya gələn insanların gündəlik hərəkətinə ciddi təsir göstərir. Sərnişinlər əlavə vaxt itirir, daha çox pul ödəyir və əvvəllər istifadə etdikləri əlçatan nəqliyyat imkanından məhrum olurlar. Bu vəziyyətə biganə qalmaq olmaz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat bildirib ki, qayda-qanun yaratmaq, nəqliyyatda intizam və təhlükəsizliyi təmin etmək, əlbəttə, doğru dövlət yanaşmasıdır: "Amma həyata keçirilən siyasət və qəbul olunan qərarlar vətəndaş üçün rahatlıq və əlçatanlıq təmin edə bilmirsə, mövcud nəqliyyat imkanını sadəcə bloklamaq qətiyyən yolverilməzdir. Bir imkanın aradan qaldırılması yalnız onun əvəzinə vətəndaşa daha rahat, təhlükəsiz və əlçatan alternativ təqdim edildiyi halda məntiqli ola bilər. Burada məsələ konkret olaraq "manatlıq” taksiləri müdafiə etməkdən getmir. Məsələ vətəndaşın gündəlik həyatının necə təşkil olunmasıdır. Nəqliyyat siyasətinin əsas məqsədi insanların hərəkətini çətinləşdirmək yox, onların vaxtına və cibinə qənaət edən, rahat və işlək sistem yaratmaqdır. Mövqeyim qətidir: nəqliyyat sahəsində qayda-qanun yaradılması ilə yanaşı, vətəndaş üçün real alternativ də təmin olunmalıdır. Əks halda, mövcud imkanı məhdudlaşdırmaq problemin həlli deyil, problemin başqa formada vətəndaşın üzərinə keçirilməsidir. "Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməli və xüsusilə şəhərətrafı ərazilərdən Bakıya gələn sərnişinlərin real vəziyyəti nəzərə alınmalıdır”.