Nüvə müharibəsi başlaya bilər? - Deputat mümkün ssenarini açıqladı
"Hazırda dünyada müşahidə olunan proseslər beynəlxalq təhlükəsizlik sisteminin ciddi böhran keçirdiyini göstərir. Beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxması, ayrı-ayrı dövlətlərin öz maraqlarını beynəlxalq hüquq normalarından üstün tutması, regional münaqişələrin genişlənməsi və böyük dövlətlər arasında etimadın kəskin şəkildə azalması qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır”.
Bu sözləri "Yeni Sabah”a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.
Deputat bildirib ki, ABŞ və İran arasında gərginlik artarsa, münaqişə bütün regiona yayıla bilər: Marqarita pizza
"ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi də bu mənzərənin mühüm elementlərindən biridir. Xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr və qarşılıqlı hərbi təhdidlər göstərir ki, lokal xarakterli qarşıdurma çox qısa müddətdə daha geniş regional böhrana çevrilə bilər. Bunun iqtisadi, enerji və humanitar nəticələri isə yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq.
Lakin 33 ölkənin vətəndaşlarına ərzaq, su və dərman ehtiyatı saxlamağı tövsiyə etməsini dünyanın qaçılmaz müharibəyə hazırlaşması kimi qiymətləndirmək düzgün olmazdı.
Burada bir mühüm məqamı nəzərə almaq zəruridir: bu tövsiyələr vahid beynəlxalq qərarın və ya konkret müharibə xəbərdarlığının nəticəsi deyil. Ölkələrin bir çoxunda belə hazırlıq tövsiyələri əvvəldən mövcud olub. Sadəcə, indiki geosiyasi şəraitdə onların aktuallığı daha çox diqqət çəkir. Tövsiyələrin əksəriyyəti insanların ən azı 72 saat ərzində dövlətin operativ yardımına ehtiyac duymadan ilkin tələbatlarını ödəyə bilməsinə hesablanıb. Dövlətlər, əslində, insanları təkcə müharibəyə deyil, müasir dünyanın üzləşə biləcəyi müxtəlif fövqəladə vəziyyətlərə hazırlayırlar. Buraya hərbi qarşıdurmalarla yanaşı, enerji və ərzaq təchizatında fasilələr, kiberhücumlar, kommunikasiya sistemlərinin sıradan çıxması, təbii fəlakətlər və digər böhranlar daxildir”.
Onun sözlərinə görə, ehtiyat tədbirləri təkcə müharibəyə deyil, digər fövqəladə hallara da aiddir:
"Mən bu prosesi, ilk növbədə, dövlətlərin riskləri qabaqlamaq və cəmiyyətlərin dayanıqlılığını artırmaq cəhdi kimi qiymətləndirirəm. Amma bu, beynəlxalq vəziyyətin təhlükəli olmadığını düşünmək üçün də əsas vermir. Dünya həqiqətən də daha mürəkkəb və riskli mərhələyə qədəm qoyub. Əsas məsələ bu risklərin idarəolunmaz qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır. Nüvə silahından istifadəyə gəldikdə isə mən bunu tamamilə istisna edirəm. Nüvə silahı indiyədək, ilk növbədə, çəkindiricilik vasitəsi kimi nəzərdən keçirilib. Onun mövcudluğunun əsas məqsədi qarşı tərəfə belə bir silahdan istifadənin doğuracağı fəlakətli nəticələri dərk etdirmək və bununla müharibənin qarşısını almaq olub”.
E.Mirzəbəylinin fikrincə, nüvə zərbəsi ilə bağlı bəyanatlar əsasən siyasi və psixoloji təzyiq vasitəsi kimi istifadə olunur:
"Əgər nüvə silahı çəkindiricilik faktorundan çıxaraq real müharibə vasitəsinə, yəni savaş elementinə çevrilərsə, bu, artıq bəşəriyyətin gələcəyini sual altına qoyan prosesin başlanğıcı deməkdir. Nüvə müharibəsində qalib tərəf olmayacaq. Bu silahdan istifadənin nəticələri yalnız zərbəyə məruz qalan ölkə ilə məhdudlaşmayacaq. Radiasiya, ekoloji fəlakət, iqtisadi sistemlərin dağılması, milyonlarla insanın həyatını itirməsi və uzunmüddətli humanitar nəticələr bütün bəşəriyyəti təhdid edəcək.
Ona görə də nüvə silahından istifadəni hər hansı siyasi və ya hərbi məqsədlə əsaslandırmaq mümkün deyil. Bəzən nüvə zərbəsi ilə bağlı səsləndirilən bəyanatlar siyasi və psixoloji təzyiq vasitəsi, qarşı tərəfin iradəsini sındırmaq, danışıqlarda üstünlük qazanmaq və geosiyasi mövqeləri möhkəmləndirmək cəhdi kimi çıxış edir. Lakin belə ritorikanın özü də son dərəcə məsuliyyətsizdir.
Çünki nüvə təhdidlərinin adiləşdirilməsi beynəlxalq təhlükəsizlik sisteminə, dövlətlər arasında etimada və qlobal sabitliyə ciddi zərbə vurur. Onu da qeyd edim ki, ABŞ-nin mövcud sisteminə əsasən, nüvə silahından istifadəyə dair qərar vermək səlahiyyəti prezidentə məxsusdur. Prezident bu məsələdə ali baş komandan kimi çıxış edir.
Belə bir qərarın həyata keçirilməsi üçün prezidentin kimliyinin xüsusi autentifikasiya kodları vasitəsilə təsdiqlənməsi, hərbi komandanlıq sistemi ilə əlaqənin yaradılması, əmrin ötürülməsi və onun icrası üçün nəzərdə tutulmuş texniki prosedurların yerinə yetirilməsi tələb olunur”.
O bildirib ki, ABŞ prezidentinin nüvə zərbəsi qərarı üçün ayrıca razılıq tələb olunmur, lakin qanunsuz əmrlər icra edilməməlidir:
"Bu prosesdə Pentaqon rəhbəri, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və ABŞ Strateji Komandanlığının rəhbərliyi məsləhətçi və əmrin ötürülməsi sisteminin iştirakçıları kimi rol oynayırlar. Ancaq burada çox vacib hüquqi xüsusiyyət var: ABŞ-də prezidentin nüvə silahından istifadə qərarı üçün müdafiə nazirinin, Konqresin və ya digər hərbi rəhbərlərin ayrıca razılığı hüquqi baxımdan məcburi deyil. Son qərar səlahiyyəti prezidentə aiddir. Bununla yanaşı, hərbi rəhbərlik verilmiş əmrin qanuniliyini qiymətləndirməli, qanunsuz əmri isə icra etməməlidir. Yəni hətta belə bir əmr olsa da belə icra edilməyəcəyinə əminəm.
Bütün bunlar göstərir ki, nüvə silahından istifadə məsələsi son dərəcə ciddi siyasi, hərbi və hüquqi məsuliyyət tələb edir. Eyni zamanda qeyd etmək istəyirəm ki, nüvə silahının tətbiqi ehtimalını müzakirə etmək belə, onun istifadəsini mümkün ssenari kimi normallaşdırmamalıdır. Nüvə silahı insanlığın məhvinə gətirib çıxara biləcək bir vasitədir və heç bir dövlətin, heç bir siyasi liderin, heç bir geosiyasi marağın bəşəriyyətin taleyini təhlükə altına qoymaq hüququ yoxdur”.
Deputat bildirib ki, başqa ölkələrin tövsiyələrini Azərbaycana aid etmək düzgün deyil:
"Azərbaycan vətəndaşlarının da evdə ərzaq, su və dərman ehtiyatı saxlamalarına ehtiyac yoxdur. Əgər belə bir zərurət yaranarsa, Azərbaycan dövləti özü vətəndaşlara müraciət edəcək, vəziyyətin xarakterinə uyğun olaraq zəruri tövsiyələrini və müvafiq göstərişlərini verəcək. Ayrı-ayrı ölkələrdə səsləndirilən çağırışları avtomatik şəkildə Azərbaycan reallığına transfer etmək düzgün deyil.
Hər bir dövlət özünün geosiyasi vəziyyətini, təhlükəsizlik mühitini və mövcud riskləri nəzərə alaraq qərarlar qəbul edir. Azərbaycan dövləti də regional və beynəlxalq prosesləri diqqətlə izləyir, milli təhlükəsizlik maraqlarından irəli gələn addımlar atır. Ölkəmizin müxtəlif böhran vəziyyətlərində fəaliyyət göstərmək təcrübəsi və bunun üçün formalaşdırılmış institusional mexanizmləri var.
Mən bu məsələdə vətəndaşlara səslənən əsassız çağırışların və təşviş yarada biləcək məlumatların əleyhinəyəm. Çünki belə yanaşma bəzən real təhlükədən daha ciddi sosial-psixoloji problemlərə, süni tələbatın yaranmasına və ictimai narahatlığın artmasına səbəb ola bilər. Bir daha vurğulamaq istəyirəm ki, əgər vətəndaşların evlərində xüsusi ərzaq, su və dərman ehtiyatı yaratmasına ehtiyac olsaydı, dövlətimiz bu barədə müvafiq qaydada məlumat verər və zəruri tövsiyələrini çatdırardı.
Vətəndaşlarımızın hansısa ehtimallara əsaslanaraq təşvişə düşməsinə ehtiyac yoxdur. Əsas məsələ dövlətin həyata keçirdiyi təhlükəsizlik siyasətinə, müvafiq qurumların fəaliyyətinə və rəsmi məlumatlara hər zaman olduğu kimi etimad göstərməkdir. Dövlətin vəzifəsi təhlükələri qabaqcadan qiymətləndirmək, mümkün risklərə hazır olmaq və zərurət yarandıqda əhalinin təhlükəsizliyini təmin etmək olduğu kimi vətəndaşın vəzifəsi dezinformasiyaların təsiri altına düşməməkdir”.
Əsmətxanım Rzazadə