Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Doğma bir günün üzün unudarsan,
heç vaxt getməyən bir gələnin yoxdursa,
heç kimi gözləmirsən.
...qapın, pəncərən yol gözləyir
daş ürəkli buludlarda
göy üzüylə dəniz arasında.
Dualar əlini üstündən çəkərsə,
arxasınca getmədiyin yollar ata qarğışından ölər...
Ürəyini bir qəbirin ayağında basdırarsan,
daha bir kibrit çöpünə gücün qalmaz...
Kaş ki, üstünü qış alan birində
hamı eyni üşüyərdi, eyni yanardı...
Qoy, çovğunlar bilməsin
xoşbəxtlik ağ gününə qar olmaqdır,
sevda gülləsindən ayrı düşməkdir.
...Heyif bilməmişəm
xoşbəxtliyi gözünü çıxarırmış
başını küçələrin sinəsinə qoyan yağışların,
əllərini közə basan ağacların.
Eh dostum,
ertələmək olmur sevdiklərinin gecəsini.
Hər saatın başı əqrəblər təki təklənibdi sevgilər,
hər sabaha üz qoyubdu ayrılıqlar...
Cavid Fərzəli