Beşinci kalon öz gücünü yenidən səfərbərliyə alıb-Tarixçi alim

Beşinci kalon öz gücünü yenidən səfərbərliyə alıb-Tarixçi alim
Dilavər Əzimli
Tarixçi Alim

Son aylar beşinci kalon öz gücünü yenidən səfərbərliyə alıbdır. Bu kalon hələ də XII işğalçı Rusiya ordusunu həsrətlə gözləməkdədir. Bunu hiss etmək üçün son aylarda ölkənin ictimai-siyasi həyatında baş verən prosesləri izləmək kifayətdir.

 Bir müddət bundan əvvəl ABŞ xüsusi xidmət orqanları belə bir informasiya yaydılar ki, Azərbaycanda Rusiyanın 80 mindən çox casusu fəaliyyət göstərir. Son bir neçə ayda Patruşev Bakıya dəfələrlə səfərlər edib. Hər dəfə səfər etdikdən sonra onun səfərinin izlərini görmək üçün bir qədər diqqətli olmaq lazımdır. Dünyanın bütün münaqişəli ərazilərində uduzan Rusiya Qafqazı əldən verməmək üçün bütün gücünü işə salıb. Təbii ki, ilk növbədə casus şəbəkəsini aktivləşdirməlidir. Qafqazın taleyi isə Azərbaycandan asılıdır. 

Azərbaycan mediasında Rusiyaya yönəlik məqalələr, verilişlər geniş yer almaqdadır. Hətta o dərəcəyə gəlib çıxdıq ki, Bakını xilas edən, qız-gəlinlərimizi erməni təcavüzündən xilas edən qəhrəman Qafqaz İslam ordusu fədailərini başda Nuri Paşa olmaqla işğaçı kimi qiymətləndirənlər də oldu. Məşhur agentliyin televiziya efirində tarixdən xəbəri olmayan birisinin dilindən bu cür ifadələrin səslənməsi Qafqaz İslam ordusunda döyüşən qəhrəman Azərbaycan igidlərinin də ruhunu təhqir etməkdir. Baxın, bu Ordunun tərkibində beş minə qədər Azərbaycan igidləri olmuşdur. Bu Orduda Həbib Bəy Səlimov  kimi qəhrəman generallarımız olmuşdur. Onda onlar da öz torpaqlarını işğala gəliblərmiş bizim xəbərimi yoxdur. Bu bədbəxtlər hələ də anlamırlar ki, Azərbaycan və Anadolu vahid orqanizmdir. Onları nə məzhəblər, nə da başqa vasitələrlə ayırmaq mümkün deyildir. Dırnağı ətdən ayırmaq olarmı? 
Amma buna baxmayaraq Azərbaycanda Azərbaycan-Türkiyə birliyinə qarşı bu cür ifadələr işlədirlər... Həm də efirdən... Təbii ki, həmin media rəhbərliyinə belə tapşırıqlar verilir. Çünki bizdə müstəqil media yoxdur. Bu günlərdə isə şahidi oldum ki, Azərbaycanda hətta bəzi dairələr, konkret desək strateji mərkəzlər Rusiya ilə bağlı, hətta çar Rusiyası ilə bağlı "işğal”, "anneksiya” sözlərinə belə etiraz edirlər. Yəni, çar Rusiyasından yazanda onun Azərbaycanı işğal etməsini yox, Azərbaycana dost kimi gəlməsini yazmaq lazımdır. Yaxud, Rusiya Azərbaycana, o cümlədən Qafqaza mədəniyyət gətirdi yazmağı tövsiyyə edirlər. Dəhşətdir!!! Sanki 1920-ci il hadisələrinə doğru gedirik. O zaman müstəqilliyimizə qarşı çıxan bolşeviklər Azərbaycanı Rusiyanın ayaqları altına atdılar. İndi də onların nəvələri bundan ötəri nəyə desən getməyə hazırdırlar. Bunlar hətta unudurlar ki, rəhmətlik Heydər Əliyev tarixə dair çıxışlarında çar Rusiyasının Azərbaycanı işğal etdiyini daima vurğulayırdı... 

O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələdə həmişə qətiyyət əks etdiribdir. Həmin qüvvələrə xatırladarıq ki, Azərbaycan ikinci dəfə müstəqilliyinə qanlar bahasına nail olubdur. Minlərlə vətəndaşımız bu yolda həlak olmuş, minlərlə də şikəst qalmışdır. Rusiya daima bizə bədbəxtliklər gətirmiş və Azərbaycan torpaqlarında erməni dığalarına müstəqil dövlət ərmağan etmişdir. Mərhum Heydər Əliyev də daima bəyan edirdi ki, müstəqilliyimiz əbədidir! 

Bunu xatırlatmağı sizlərə borc bildim!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az