Bu ilin ilk 3 ayında yol qəzalarında 162 nəfər ölüb

Bu ilin ilk 3 ayında yol qəzalarında 162 nəfər ölüb
Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az yol-nəqliyyat hadisəsi baş verib

 Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9% azalaraq 573 nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onlardan 162 nəfər ölüb, 411-i isə xəsarət alıb. Hadisələrin 46,7%-i gündüz, 33,9%-i gecə, 19,4%-i isə toran vaxtı baş verib, 24,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
 
Yol-nəqliyyat hadisələrinin 89,9%-i yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində ölənlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,0% artaraq 119 nəfər, xəsarət alanların sayı isə 7,2% azalaraq 386 nəfər olub.
 
Bütün yol-nəqliyyat hadisələrinin 47,9%-i nəqliyyat vasitələrinin və piyadaların,  33,7%-i bir neçə nəqliyyat vasitəsinin, 18,4%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. 2016-cı ilin yanvar-mart aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 14,0% artıb, 17,0% və 9,6% azalıb.
 
Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 72,8%-ni, xəsarət alanların isə 71,8%-ni kişilər təşkil edib.
 
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Belə hadisələrin 85,7%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
 
Bu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq  747,8 min olub. Xətaların 50,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3%-i dayanma və ya durma qaydalarının pozulması, 9,5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
 
Qaydaların pozulmasına görə 15,1 mln. manat məbləğində cərimələr tətbiq edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az