Bütün Qafqazın Şeyxini niyə HƏDƏF seçirlər?

Bütün Qafqazın Şeyxini niyə HƏDƏF seçirlər?

Və ya həqiqətə qarşı vuruşanlara kiçik XATIRLATMA

Bir müddət bundan öncə Bakı yeparxiyasının rəhbəri  Arxiyepiskop Aleksandrın (İşein) vəfat etməsi, bildirildiyi kimi, xristian icması və cəmiyyətimiz üçün ağır itki oldu. İstər dövlət, istər ictimaiyyət tərəfindən bu müqəddəs insanın ölümü ilə bağlı imzalanan nekroloqlarda, paylaşımlarda kədər hissi açıq-aydın qədirbilənliklə ifadə olunurdu. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin "Sirdaşım, qardaşım Aleksandr Atanın vəfatı böyük itkidir” ifadəsi sosial media üzərində geniş təhlil olunur və ictimai müzakirələrə çıxarılır. Hətta, bəzi məsuliyyətsiz klaviatura "qəhrəman”ları tənqid və təhqir etməkdən belə çəkinmirlər.  Mövzu ətrafında qərəz, kin və küdurət açıq-aydın hiss olunur. Güya, Şeyx həzrətləri Bakı yeparxiyasının rəhbərinə qardaşım, sirdaşım deməklə yanlışlıq edib. Vətənpərvər olublar, daxili düşmən ovuna çıxıblar.  Başa düşüləndir. Həmişə bu tipli müzakirələri izlədikcə,  dahi Tolstoyu xatırlayıram. Onun məşhur ifadəsi belə yadımda qalıb: Vətənpərvərlik alçaqların son büründüyü məkandır. Sosial media üzərində bu "vətənpərvərlik libasını” geyənlərə, özünü vətənpərvərəm deyib kiməsə göstərənlərə qısa bir xatırlatma: 

Bakı yeparxiyasının rəhbəri  Arxiyepiskop Aleksandr doğrudan da, hər bir azərbaycanlının sirdaşı və qardaşıdır. Mərhum Aleksandr Ata fəaliyyəti dönəmində Azərbaycanın haqq səsini ali tribunalardan bəyan edən, Ermənistanın işğalçılıq siyasətini pisləyən, onların faşist təfəkkürünü, rasizm siyasətinə qarşı çıxan din xadimi olmuşdur. Əgər şüphəniz varsa, ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin panel iclaslarının mətni ilə maraqlanın, onun ölkəmizin ərazi bütövlüyünə dəstək olan bəyanatları ilə tanış olun. Uzaq deyil, yaxın bir tarixdir bu. Bəlkə də utanacaqsınız. Yox əgər, hədəfiniz bütün Qafqazın Şeyxidirsə, bu da çox uğursuz təbliğatdır. Ədalətli və vicdanlı olun. Azərbaycanın yanında olan, onun dövlət siyasətini dəstəkləyən və dostu olan hər kəs, millətindən, dini mənsubiyyətindən, harada olmasından asılı olmayaraq bizə əziz və doğmadır. Arxiyepiskop Aleksandrın istər ölkə, istərsə də xarici mətbuata  verdiyi müsahibələrində bunu daha aydın görmək olar. 
 
Bilməyənlər üçün qısa bir arayış: Aleksandr İşein 1952-ci il iyunun 13-də Rusiyanın Yaroslavl şəhərində anadan olub.  Moskva Ruhani Seminariyasını bitirdikdən sonra o, uzun müddət Şimali Qafqazda din xadimi kimi fəaliyyət göstərib.
1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunmuş, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilmiş, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülüb. 
Azərbaycana qəlbən bağlı olan və onu ikinci Vətəni hesab edən arxiyepiskop Aleksandr ölkəmizin ictimai və dini-mənəvi həyatında yaxından iştirak etmiş, dinlərarası və xalqlararası dostluq, qardaşlıq və etimad mühitinin daha da möhkəmləndirilməsinə, cəmiyyətdə konfessiyalararası harmoniyanın və etnik-dini tolerantlığın inkişafına sanballı töhfələr vermişdir.
 
Qeyd etdiyimiz kimi, istər ölkə başçısı, istərsə də bütün Qafqazın Şeyxi , Aleksandr Atanın vəfatını ictimaiyyət üçün ağır itki hesab etmişdir. 
Məhz buna görə bütün Qafqazın Şeyxi Aleksandr Atanın 20 Yanvar faciəsi, Azərbaycan torpaqlarının işğalı, Xocalı qətliamı  dövründə bizimlə  həmişə bərabər olmasını,  Azərbaycan həqiqətlərini dünyaya çatdırması istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir. Göz önündə olan budur ki, o, demək olar ki, Azərbaycan vətəndaşı kimi xoş günlərimizə sevinib, çətin günlərimizdə isə həmişə xalqın yanında olub. Şeyx daha sonra qeyd edir:  Aleksandr Ata 12 il əvvəl xəstələnən zaman mən bu barədə Prezident İlham Əliyevə məlumat verdim. 12 il ərzində davamlı olaraq  Aleksandr Atanın müalicəsi Prezident İlham Əliyevin diqqət mərkəzində oldu və  bütün müalicə xərcləri təmin edildi.  Buna görə dindarlar adından Prezident İlham Əliyevə təşəkkür edirəm. 
Haşiyə: Dövlətimiz, xalqımız üçün nəcib işlər görən bu ləyaqətli və şərəfli insan qardaşımız, sirdaşımız ola bilməz? Nə etdiyinizin, nə yazdığınızın fərqindəmisiniz? Sosial media üzərində başqa mövzumu yox? Bu qaraguruhluq deyil, bəs nədir? Yəni, doğrudanmı vətəndaş məsuliyyətinizi itirmisiniz? Yəni dərk etmirsinizmi ki, Azərbaycanı sevən bizə əziz adamdır? Nəyə nail olmaq istəyirsiz? Açdığınız mənasız müzakirələr əmin olun ki, ölkəmizin əleyhinə işləyir. Azərbaycanı sevən bizim dostumuzdur, əsla unutmayın bunu! 

Aleksandr Gennadyeviç müqəddəs dinimizə də sevgi və hörmətlə yanaşıb. Onun  Azərbaycan dindarları ilə birgə müqəddəs yerlərdə ziyarətgahlarda olması ilə bağlı da məlumatlar var.
1-ci Qarabağ savaşının iştirakçısı, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Səxavəddin Sadıqovun bildirdiyinə görə, bir neçə dəfə müqəddəs ziyarətgahlara səfərlərimiz zamanı Arxiyepiskop Aleksandrın bizim din xadimlərimizlə Kərbəla ziyarətlərində olduğunu görmüşəm:

"O, Azərbaycan dövlətinə çox bağlı adam idi. Həmişə açıqlamalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edirdi. Xüsusilə də Qarabağ məsləsində həmişə Azərbaycanın mövqeyindən çıxış edib.”

XDMX-nin sabiq əməkdaşı maraqlı məlumatı da qeyd edir:

"Bir dəfə Kərbəla ziyarətində Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində Aleksandrı da gördüm. İmam Hüseyn (ə.s) məqbərəsində əllərini göyə qaldırıb ölkəmiz üçün dua edirdi. Onu orda hətta ağlayan gördüm. O, Allaha dua edirdi...həm də ağlayırdı. Bir neçə dəfə onu Azərbaycandan gedən nümayəndə heyəti sıralarında görmüşəm müqəddəs yerlərin ziyarətində. O, Azərbaycanı çox sevirdi. Həmişə də Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün  dualar edirdi”-deyə Səxavəddin Sadıqov qeyd edir.

O, Azərbaycanı sevən böyük insan olub həm də. Düşünürük ki, qara niyyətli insanların bu ucuz mövzu üzərində Hacı Allahşükür Paşazadəni hədəf alması son dərəcə uğursuz və gülünc görünür. Sadəcə qaraguruha səslənirəm ki, fəliyyətinizdə dövlət maraqlarını heç zaman unutmayın, birliyimizə düşmən kəsilməyin. Axı, bu dövlət hamımızındır!  

Amil Ağayev
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az