“Məni tanımayacaqsınız, təəccüblənəcəksiniz”
Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Toydan, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın yeni “Ulduzların idman saatı” layihəsində onlarla idman zallarında görüşdürəcəyik sizləri.
Növbəti “idmançımız” isə sabah toyu olacaq aparıcı Elgiz Əkbərdir.
- Əvvəlcə bunu soruşum, idmanla aranız necədir?
- Yaxşı. Vaxtım olsa, hər gün idmana gedərəm. İdman sağlamlıqdır.
- Bəs ən çox maraq göstərdiyiniz idman növü hansıdır?
- Uşaq vaxtımdan su idman növlərinə maraq göstərmişəm. Üzgüçülüklə məşğul olmuşam. Peşəkar şəkildə olmasa da, üzməyi yaxşı bacarıram, boğulmaram.
- Hansısa matçı canlı izləmisiniz?
- Mən iki il Türkiyədə yaşamışam. Bir dostum “Fənərbağça” azarkeşi idi. Bütün oyunları izləməyə gedirdi. Bir dəfə də onunla “Qalatasaray” – “Fənərbağça” matçına baxmaq üçün stadiona getmişdik. Əslində mən “qalatasaraylı”yam. Amma dostumun qəlbini qırmamaq üçün “fənərliyəm” demişdim. Düzünü bilsəydi, dostluğumuz pozulardı yəqin. Orada azarkeşlik bambaşqadır.
- Həftənin 5 günü ANS-in canlı efirindəsiz. Formada qalmaq üçün nəsə edirsiniz?
- Yalan nə deyim, 2 il bundan öncə çəki məsələsinə çox diqqət edirdim. Əvvəllər çəkim 75-76 kiloqram olurdu. Amma son bir ildə problemlər yaşadım deyə kökəldim. İndi həmin problemlər haqqında danışmaq istəmirəm. Şükür, hər şey geridə qaldı. Əsas problem mənim səhhətimlə bağlı idi. Əsəblərimdə problemlər yaranmışdı. Qidalanmağımla bağlı da problemlərim vardı, kökəlməyə başlayırdım. İnsanın əsəbləri pozulanda orqanizmdə düzən dəyişir və adam başlayır qədərindən artıq yeməyə. Məsələn, elə insan var ki, bu proses zamanı iştahı olmur. Təsəvvür edin ki, əsəblərim pozulan zaman gedirdim marketə, 3 kiloluq tortu alırdım, səhərə qədər yeyib qurtarırdım. Şükürlər olsun ki, o günlər geridə qalıb.
Qaçış cığırında məşq edir.
- Neçə vaxtdır məşq edirsiniz?
- (Bir az düşünür...) Təzə-təzə başlamışam. 2 ay olar.
- Söylədiniz ki, çox kökəlmişdiniz. Nə əcəb əməliyyatla...
- (Sözümü kəsir) Əməliyyatdan, hətta iynə vurdurmaqdan da qorxan insanam. Mən son 2 ildə dərman qəbul etməyə başlamışam. Əməliyyat etməyə o qədər də meylli insan deyiləm. Bir də ki, əməliyyatla arıqlamaq düz üsul deyil. İradəcə güclü insanam. On beş ildir ki, siqaret çəkirdim. Gündə az qala iki qutu. Ötən ilin iyununda qərara gəldim ki, siqaret çəkməyəcəm. Elə həmin vaxtdan siqareti atmışam. Artıq arıqlamağa başlamışam. İki aydan sonra məni tanımayacaqsınız. Çox təəccüblənəcəksiniz.
- Arıqlama üçün nələrdən imtina etmisiniz?
- 15 gündür çörək yemirəm. Yeməklərimə diqqət edirəm.
- Toy ərəfəsində olduğunuza görə arıqlamaq qərarına gəldiniz, yoxsa?..
- Yox, ailə quracağım xanımla heç vaxt aramızda çəki ilə bağlı söhbət olmayıb. Heç bu barədə danışmamışıq da. O, məni bu çəkidə sevib. (gülür) Əlbəttə, hər bir insan istəyər ki, arıq görünsün. Onu da deyim ki, toyumdan sonra yaradıcılığımda yenilik olacaq. Bu nə ilə bağlıdır? Bu sualın açıqlaması toyumdan sonra.
Söhbət edə-edə əzələ yığır.
- Artıq neçə gündür mətbuatda ailə qurmaq xəbəriniz müzakirə mövzusudur...
- Bilirsən, Yalçın, çox məəttəl qalmışam. O gün avtomobili idarə etdiyim yerdə duyğulandım, sükanı saxladım. Ailə qurmaq xəbərimin bu qədər müzakirə olunacağını gözləmirdim. Bu, məni çox təəccübləndirdi. Toy xəbərimin bu qədər müzakirə olunmağı məni sevindirir. Hətta tanımadığım insanlar qarşımı kəsərək təbrik edirlər. Ağlıma da gətirməzdim ki, mənim toy xəbərim bu qədər marağa səbəb olar. Təsəvvür edin, gəlib qapımı döyürlər ki, məni toya çağırın. Hətta mənə yaxınlaşıb “Çox xahiş edirik, bizə dəvətnamə verin, gələk toyda iştirak edək” deyirlər. Nəməri əvvəlcədən yazdırmaq istəyənlər də var. Razı olmadım. Bu nə biabırçılıqdır? Hamı istəyir ki, toyunda yalnız tanıdığı insanlar iştirak etsinlər. Xoş günümdə tanımadığım insanların əhatəsində özümü pis hiss edərəm.
Güzgünün qarşısında “qantel”lə məşq edir.
- Evlənmək üçün çox düşündünüz deyəsən?
- 25 yaşıma qədər çox istəyirdim ailə qurum. Sadəcə, o vaxt fikirləşirdim ki, əlimi çörəyə çatdırım, sonra evlənim. Elə oldu ki, həmin yaşda da başım işə, karyeraya qarışdı, ailə qura bilmədim. Elə çox adamların da başı işə qarışır, qocalır, sonra da evlənmək istəmir. İndi evliliyə tam hazıram. Təsəvvür edin, mənə belə maraq olduğu halda, allah göstərməsin, birdən-birə ailəmin dağılması xəbəri yayılsa, görün insanlara necə təsir edər? Allah bunu mənə qismət eləməsin. Çox arzu edirəm ki, mənim qurduğum ailə daimi, sağlam, möhkəm olsun. Səkkiz ildir ki, qulluqçum var. Çünki anamın o yaşı deyil ki, mənə qulluq etsin. Həm də özüm də ailə, övlad sahibi olmaq istədim. Ailə qurmaq elə bir işdir ki, gərək ürəyin istəyən insan qarşına çıxsın. Həmin xanımı görən kimi deyəsən ki, bu mənim həyat yoldaşım olmalıdır. Çox olub ki, evlənmək üçün qohum-qonşudan qızlar göstəriblər. Amma ürəyimə yatmayıb, istəməmişəm. Gənclərə demək istəyərdim ki, ailə qurmaq məsələlərində çox dərinə getməsinlər. Çox dərinə getdikcə adamda qorxu hissi yaranır. Əgər yaxşı qızdırsa, namuslu-qeyrətli bir ailənin övladıdırsa, niyə də ailə qurmayasan? Digər şeylər sonra düzələr.
Sonda tennis oynamaq qərarına gəlir.
- Ailə quracağınız xanımla tanışlığınız necə olub?
- Bir müddət öncə ANS-in “Şəbəkə” verilişində ailə quracağım xanımla tanışlığım barədə açıqlama vermişəm. Amma orada verdiyim açıqlama cəmiyyətdə düzgün başa düşülməyib. Mən demişəm ki, bu insan mənim tamaşaçım olub. Deməmişəm ki, ailə quracağım xanım gəlib zalda əyləşib. İndi bu məsələyə aydınlıq gətirmək istəyirəm. Demək istəyirəm ki, gələcək həyat yoldaşım ekran qarşısında tamaşaçım olub. Yəni ailə quracağım xanımın televiziya ilə əlaqəsi yoxdur. Televiziyanın heç qapısını da tanımır. Tanışlığımız zamanı onunla söhbətim oldu. Söhbətimiz zamanı illər öncə aparıcılıq etdiyim verilişlərin adını da söylədi. Sən demə, bütün verilişlərimi izləyib. Qaldı ki, xanımımı necə tanımağıma, ailəvi tanışlığımız var. Mənim ailəm onların ailəsi ilə illərdir tanışdır.
- Toyunuza kimlər dəvətlidir?
- Toyumda müxtəlif sahənin adamları, o cümlədən Azərbaycan estradasının bir çox tanınmış isimləri iştirak edəcəklər. Yalnız tanıdığım adamlar olacaq. Mediaya isə qapalı olacaq.
Milli.az