“Mədəniyyət ocağı yox, təhlükə mənbəyi” - Hövsandakı yarımçıq layihənin məsuliyyəti kimdədir?

“Mədəniyyət ocağı yox, təhlükə mənbəyi” - Hövsandakı yarımçıq layihənin məsuliyyəti kimdədir?

Bir vaxtlar Hövsan sakinlərinə "mədəniyyət ocağı” kimi təqdim olunan bina bu gün baxımsızlığın, məsuliyyətsizliyin və yarımçıq qoyulan layihələrin birbaşa canlı abidəsinə çevrilib. Təxminən beş il əvvəl təmirinə başlanılan Hövsan Mədəniyyət Sarayı illərdir nə istifadəyə verilir, nə də taleyi ilə bağlı konkret addım atılır. Ortada isə nə mədəniyyət var, nə fəaliyyət, nə də nəticə... Sadəcə, dağıdılmış, şüşələri sındırılmış, talan edilmiş və təhlükə saçan bir bina var.

Ən ağrılı məqam isə budur ki, vaxtilə müəyyən işlər görülmüşdü. Pəncərələr qoyulmuşdu, daxili suvaq işləri aparılmışdı. Yəni dövlət vəsaiti xərclənmişdi. Amma sonra hər şey yarımçıq saxlanıldı. Nəticədə nəzarətsizlik üzündən həmin şüşələr sındırıldı, daxili hissələr dağıdıldı, bina sözün həqiqi mənasında xarabalığa çevrildi. İndi isə aidiyyəti qurumlar yenə eyni köhnə cümlələri təkrarlayır: "məsələyə baxılır”, "monitorinq aparılır”, "maliyyə ayrıldıqdan sonra tədbir görüləcək”. İnsanlar artıq bu cür formal və nəticəsiz açıqlamalardan yorulub.

Sual olunur: beş ildə bir mədəniyyət sarayını istifadəyə vermək mümkün olmadısa, bəs bu qədər vaxt və vəsait hara getdi...? Niyə bir layihə başlayırsa, sonuna qədər məsuliyyət daşınmır...? Niyə dövlətin və xalqın pulları hesabına görülən işlər yarımçıq saxlanılır...? Əgər bu bina istifadəyə hazır vəziyyətə gətirilə bilməyəcəkdisə, niyə ümumiyyətlə təmirə başlanılmışdı...?

Bu gün həmin bina sadəcə yarımçıq qalmaqla yanaşı, həm də sosial təhlükə mənbəyinə çevrilmək üzrədir. Çünki baxımsız və nəzarətsiz qalan hər bir obyekt sabah daha ağır problemlərin mərkəzi olur. Orada narkotik istifadəçiləri yuva sala bilər, alkoqol aludəçilərinin toplaşdığı məkana çevrilə bilər, cinayət və xoşagəlməz hadisələr baş verə bilər. Ən qorxulusu isə odur ki, sabah həmin xarabalıqda bir uşağın, bir yeniyetmənin və ya hər hansı bir insanın həyatı təhlükəyə düşə, hətta faciə yaşana bilər. O zaman bunun məsuliyyətini kim daşıyacaq...?



Hövsan kimi böyük bir qəsəbənin illərdir normal fəaliyyət göstərən mədəniyyət mərkəzindən məhrum qalması özü ayrıca biabırçılıqdır. Gənclərin inkişafı, uşaqların yaradıcılığı, insanların sosial həyatı üçün nəzərdə tutulan bir bina bu gün dağıntı görüntüsü verir. Halbuki mədəniyyət sarayı insanların maariflənməsi, asudə vaxtının səmərəli təşkili və gələcəyin formalaşması üçün xidmət etməli idi.

Sakinlər də bildirirlər ki, bu məsələ artıq vədlərlə, ümumi açıqlamalarla ötüşdürüləcək mövzu deyil. Artıq 30-dan çox Hövsan sakini vəziyyətə etiraz edərək başladılan imza kampaniyasına qoşulub. Toplanan imzaların isə Azərbaycan Prezidentinə və  Administrasiyaya təqdim olunacağı bildirilir. Sakinlər tələb edir ki, həmin tikintini başlayan qurumlar məsuliyyətdən yayınmamalı, iş dərhal yenidən başlanmalı, yarımçıq qalan təmir yekunlaşdırılmalı və Hövsan Mədəniyyət Sarayı tam şəkildə sakinlərin istifadəsinə verilməlidir. Çünki dövlət layihələri yarımçıq qalmaq üçün yox, xalqa xidmət etmək üçün həyata keçirilir.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az