Biləsuvarın Ovçubərə kənd məktəbinin müəllimləri VİZUAL.az-a müraciət edib. Təhsil ocağında çalışan Anar İmanov, Rasim Əmirov, Rasim Nəzərov və Qalabəy Əmirov təhsil naziri Mikayıl Cabbarovdan kömək istəyib.
Onların sözlərinə görə, məktəbin direktoru bir neçə ildir qanunsuz fəaliyyəti ilə işləməyə davam edir: "2014-2015-ci tədris ilində çox hörmətli direktor maliyyə pozuntusu ilə gündəmə gəlmişdi. Seçkidə olan müəllimlərə dərs keçərək onların sinif jurnalını yazmasına şərait yaratmışdı. Bununla küllü miqdarda pul mənimsəmişdi.
Lakin göstərilən faktlar öz təsdiqini tapsa da bununla bağlı heç bir ciddi addım atılmayıb. Səbəb isə direktorun özünün öyünərək dediyi kimi yuxarı orqanlara haqq verməsidir”.
Məktub müəllifləri qeyd ediblər ki, Nazirlər Kabinetinin qərarına əsasən əvəz etmə yolu bir müəllim bir həftə ərzində ikinci iş yerində 6 saat, yəni il ərzində 240 saata qədər dərs yükü apara bilər:
"Buna baxmayaraq il ərzində məktəb direktoru illik planı artıq norma ilə yerinə yetirərək bir həftə ərzində bu göstəricini 24 saata çatdırıb. Bunu bir tədris ili üçün hesablasaq yüksək bir məbləğ alınır.
Direktor 2015-2016-ci Tədris ilində təhsil nazirini aldadaraq vakansiya üçün 10 saat dərs yükü ayırıb. Ancaq bu dərs yükünü müəllim gələn şəxslə sövdələşərək 23 saata çatdırıb.
2015-2016-cı tədris ilində deputat seçkiləri zamanı əvəzetmə yolu ilə bir müəllim seçkidə olan müəllimin həftəlik dərs yükünü əvəz etmiş, bu dərsin əmək haqqını isə digər müəllim almışdı. Bundan nəticə çıxarmaq olar ki, respublikamızda mütəmadi keçirilən seçkilər əziz və hörmətli direktorumuzun çörək ağacıdır”.
Şikayətçilər deyiblər ki, məktəbdə istilik sistemi olmadığı üçün sinif otaqlarını isitmək üçün odun, neft yanacağı və soba verilir:
"Bu məktəblərlə yanaşı sənəddə məktəbimizə 9 m3 odun, neft yanacağı və və biri 45 azn olmaqla 17 soba verilməli idi. Soba və boruları bir yana, deyilən odunun yüzdə biri məktəbə gəlməyib. Gələn odun bir "QaZel” markalı yük maşının yarı hissəsindən də az olub.
Bu yaxınlarda məktəbin təsərrüfat müdiri səhhəti ilə əlaqədar olaraq bülletenə çıxıb. Əvəzində isə direktorun azyaşlı uşağı olan və təhsilsiz qardaşı arvadı bu vəzifəyə təyin edilib: "2014-2015-ci tədris ilinin sonunda direktor bir ibtidai sinfin dərs yükünü iki müəllimə yazıb mənimsəyib.
İbtidai siniflərdə fiziki tərbiyə fənni bir qayda olaraq sinif müəllimi tərəfindən tədris edilməlidir. Ancaq bizim məktəb direktorumuz bunun həlli yolunu tapıb. Sinif müəllimlərindən müxtəlif yollarla , guya "könüllü” razılıq ərizəsi alaraq öz məqsədləri üçün istifadə edib.
Fiziki tərbiyə fənnini tədris edən müəllim direktorun yaxın qohumu olduğu üçün Fiziki tərbiyə fənində olan vakansiya saatları gizli saxlanılır. Hətta Fiziki tərbiyə fənindən bölünmə saatlarını 0,5 Ə-H ilə həmin müəllim alır. Bölünmə dərsləri üçün ayrılmış siniflərdə dərs keçmək üçün şərait yaradılmır. Laboratoriyası olmayan məktəbimizdə laborant ştatı fəaliyyət göstərir”.