Şeyxülislamın ötən ili – QMİ 2021-ci ildə nə ilə yadda qaldı?

Şeyxülislamın ötən  ili – QMİ 2021-ci ildə nə ilə yadda qaldı?

Təqvimdən daha bir il tarixə qovuşur. 2021-ci il son günlərini başa vurmaq üzrədir. Vətən Müharibəsindəki möhtəşəm Qələbədən sonra yeni ilə böyük ümidlərlə başlayan Azərbaycan bu ötən ildə bir çox yaddaqalan günlərə şahidlik etdi.

Nəhəng tikinti meydanına çevrilən Qarabağ bütün il boyu ölkənin vuran nəbzi oldu. Hamı üçün öz fəaliyyətində Qələbə və Qarabağ görüləcək işilərin əsas hissəsini təşkil etdi.
 

2021-ci il Qafqaz Müsəlmanları İdarəsi üçün də yaddaqalan günlərlə zəngin olub. Azərbaycanlı din xadimləri hələ də davam edən pandemiyanın çətin şərtləri altında cəmiyyətə mənəvi dəstək oldular, Qələbənin təbliğatçısna çevrildilər.

Şeyxülislamın bu ilki gündəliyi zənginliyi ilə yadda qalıb. Beynəlxalq tədbirlər, xarici səfərlər, dini liderlərlə görüşlər, azad edilmiş torpaqları ziyarət ötən ilin ən prioritet məsələlərindən olub.

2021-ci ilin ilk tədbiri olaraq Şeyxülislam Allahşükür Paşazadə yanvarın 12-də KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin vebinar iclasında iştirak edib. Qeyd edək ki, QMİ sədri qurumun 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini liderdir.

Yanvarın 14-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşən Şeyxülislam Vətən müharibəsinin ilk günündən Azərbaycana dəstək vermiş bu təşkilata təşəkkür edib.

Yanvarın 19-da Roma Papası Şeyxülislam Allahşükür Paşazadəyə məktub yazıb. Papa Fransisk bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar etdiyini bildirib.

Yanvarın 20-də  dini icma rəhbərləri ilə Şəhidlər Xiyabanını ziyarət edən Şeyxülislam 20 Yanvar qırğınının baiskarlarının, o cümlədən SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçovun cəzalandırılmasını tələb edib.

Yanvarın 27-də QMİ sədri Roma Papası və Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyibin təşəbbüsü ilə yaradılmış İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla video formatda görüş keçirib.

Fevralın 4-də Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəliyinin keçirdiyi "Beynəlxalq İnsan Qardaşlığı Günü: Gələcəyə Bir Yol” adlı xüsusi tədbirdə iştirak edib. Yüksək səviyyəli tədbir BMT-nin baş katibi Antonio Quterreşin müraciəti ilə açılıb.

QMİ sədrinin səfirlərlə görüşləri də diqqət çəkib.

Fevralın 9-da Şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovu, fevralın 10-da isə  İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

Fevralın 26-da  Xocalı abidəsini ziyarət edən QMİ sədri və dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.
 

Martın 2-də Şeyxülislam Fransanın nüfuzlu "Le Mondе” qəzetinin müxbiri Emmanuel Qrinzpama müsahibə verib.

A.Paşazadə Azərbaycan dövlətinin hər zaman sülh, bölgədə dinc qonşuluq, iqtisadi əməkdaşlıq tərəfdarı olduğunu qeyd edib. 30 ildən artıq müddətdə erməni kilsəsinin dini liderləri ilə apardığı dialoqlardan, münaqişənin dini müstəviyə keçməməsi üçün səylərindən bəhs edib.

Martın 15-də Şeyxülislam Allahşükür Paşazadə Lənkəranda Şəhid məzarlarını ziyarət edib. Martın 18-də Şeyxülislam Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Mart ayında daha iki ölkənin diplomatları ilə təmaslar olub: Martın 18-də Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu, martın 19-da isə Yunanıstanın Azərbaycandakı səfiri  Nikolaos Piperiqkosu qəbul edib.

Martın 22-də Şeyxülislam KAlCllD Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib.

Martın 29-da dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara etdikləri müraciətində dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə  soyqırımı cinayətlərinə məruz qalan Azərbaycan xalqının bu faciəsinə dünyanın ədalətli qiymətini verməsi istənilib.

Martın 31-də Şeyxülislam KAICIID Beynəlxalq Dialoq Mərkəzinin videokonfrans formatında keçirilən sessiyasında iştirak edib. Allahşükür Paşazadə yekdilliklə yenidən növbəti 4 il üçün Direktorlar Şurasının üzvü seçilib.

Aprelin 1-də isə QMİ sədri KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirak çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşüb. Şeyxülislam 44 günlük Qarabağ savaşında Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edib tarixi ədaləti bərpa etməsini fəxarətlə qeyd edib. Mitropolit Emmanuel Bakıda beynəlxalq dinlərarası forumun təşkil olunması təşəbbüsünü irəli sürüb. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bu təşəbbüsü dəstəkləyib.

Aprelin 7-də Şeyxülislamın başçılığı ilə Azərbaycanın dini icmaları 44 günlük müharibədən sonra azad edilmiş torpaqlarla səfər edib. Müsəlman, xristian, katolik, yəhudi, alban icmalarının dini rəhbərlərinin Ağdama gəlişi, oradan səsləndirdikləri mesajlar rezonans doğuran bir addım oldu. Ağdam səfərində Şeyxülislamın Roma Papasına müraciəti ziyarətin ən mühüm məqamı idi. Papaya müraciətində A.Paşazadə yarıdağıdılmış məscidin qarşısından katolik dünyasının nufuzlu rəhbərinə müraciət edərək minalanmış ərazilərlə bağlı mövqeyini açıqlamağa çağırıb.

Aprelin 12-də Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

Mayın 11-də Şeyxülislam Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. QMİ sədri builki Ramazan bayramının Azərbaycan xalqı üçün illərlə arzusunda olduğu Zəfər əhval-ruhiyyəsi ilə qeyd olunduğunu bəyan edib.

Mayın 10-da QMİ-də Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib. Məşvərət Şurasının sədri vəzifəsinə Şeyxülislam seçilib.

Mayın 13-də Ramazan bayramı münasibətilə Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb.

Mayın 18-də Şeyxülislam Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçını qəbul edib.

Mayın 19-da Fransadan gəlmiş jurnalistlər Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüblər. QMİ sədri Azərbaycanda dini konfessiyaların real əməkdaşlıq müstəvisi barədə danışıb.

Mayın 27-də Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Kralı Kral VI Məhəmmədin himayəsi altında keçirilən "Peyğəmbər Sirəsində Sivilizasiya dəyərləri” mövzusunda Beynəlxalq Konfransda iştirak edib. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, müqəddəs Qüds və Əl-Əqsa ibadət və dialoq məkanı olmalıdır.

İyunun 10-da Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin birgə sessiyasında iştirak edib. QMİ sədri KAICIID nəzdində müxtəlif regionları təmsil edən dini liderlər şurasını təsis etmək təşəbbüsü ilə çıxış edib.

İyunun 22-də Şeyxülislam ABŞ-ın nüfuzlu "Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayerlə videoformatda görüşüb. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq və çağırışları, perspektiv və imkanları müzakirə olunub.
 

İyunun 25-də Şeyxülislam və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Ordu Günü ilə bağlı ikinci Fəxri xiyabanda qəhrəman şəhidlərin məzarlarını ziyarət ediblər.

İyulun 11-də Şuşada səfərdə olan Şeyxülislam və dini icma rəhbərləri Yuxarı Gövhər Ağa məscidini ziyarət edib və namaz qılıblar.

İyulun 15-də Şeyxülislam və dini icma başçıları Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri Xiyabandakı məzarlarını ildönümü münasibətilə ziyarət ediblər.

İyulun 17-də Şeyxülislam Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. ​”Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq”-deyə müraciətdə vurğulanırdı.

Qeyd edək ki, iyulun 20-21-də Azərbaycanda Qurban bayramı qeyd olunub. "Təzəpir” məscidində və "Əjdərbəy” məscidində bayram namazı qılınıb.

İyulun 28-də Şeyxülislam ölkəmizdə səfərdə olan ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou ilə görüşüb.

Avqustun 7-də Allahşükür Paşazadə İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Avqustun 9-da Şeyxülislam din xadimləri ilə videokonfrans formatında görüş keçirib. Avqustun 19-da QMİ-də Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib. Tədbirdə Şeyxülislam Allahşükür Paşazadə, dini konfessiyaların nümayəndələri iştirak edərək qan veriblər.
 

Avqustun 23-də QMİ sədri Qroznı şəhərində Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş rəsmi tədbirdə iştirak edib. Şeyxülislam öz çıxışında Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun əziz xatirəsini yad edərək onun Çeçenistanın intibahı naminə misilsiz töhfələrini, xalqın xoşbəxtliyi naminə canından keçərək şəhid olduğunu bildirib.

Sentyabrın 1-də Şeyxülislam Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu qəbul edib.

Sentyabrın 2-də Şeyxülislam narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin həyəcanlı durumu ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət edib. Müraciətdə vurğulanıb ki, yerlərdəki din xadimlərinə bu mövzuları öz moizə və xütbələrində mütəmadi olaraq şərh etmək barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

Sentyabrın 8-də Şeyxülislam Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanovu qəbul edib. Səfir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə təltif olunduğu "Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi” medalını və Prezident Şavkat Mirziyoyevin imzaladığı vəsiqəni QMİ sədrinə təqdim edib.
 

QMİ sədrinin 12-14 sentyabr tarixlərində Bolonya şəhərində keçirilmiş "G20 8-ci Dinlərarası Forum”da görüşləri zəngin olub. QMİ sədri sentyabrın 13-də Boloniyada BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinosla, sentyabrın 14-də İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin şəxsi nümayəndəsi Məhəmməd Əbdül Salamla, həmçinin İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb.

Sentyabrın 15-də Şeyxülislam Boloniyada KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar tərəfindən təşkil olunan görüşdə iştirak edib və "G20 VIII Dinlərarası Forum” çərçivəsində Konstantinopol Patriarxı I Varfolomeylə görüşüb.

Sentyabrın 24-də Şeyxülislam Allahşükür Paşazadə İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib. Görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışılıb.
 

Sentyabrın 27-də "Təzəpir” məscidində Şəhidlərin anım mərasimi keçirilib. Məsciddə Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınıb, şəhidlərin ruhuna dualar oxunub. Sentyabrın 27-də Kəlbəcərin Xudavəng məbədində və Şuşa məscidində şəhidləri anım mərasimi keçirilib.

Sentyabrın 28-də Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım günlərində İkinci Fəxri xiyabanı ziyarət ediblər.
 

Oktyabırn 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfəri çərçivəsində ölkənin Dövlət katibi Krımbek Kuşerbayevlə görüşüb. Şeyxülislam A. Paşazadəni elbası Nursultan Nazarbayev və Prezident Kasım-Jomart Tokayevin adından salamlayan Dövlət katibi Qafqazın dini liderinin Dünya və ənənəvi din liderlərinin Qurultaylarında iştirakını yüksək dəyərləndirib.

Oktyabrın 7-də  QMİ sədri Qazaxstanın KİV nümayəndələrinə müsahibə verib. Şeyxülislam bildirib ki, dünyada bu gün zorakılığa, ayrı-seçkiliyə səbəb olan nifrət çağırışları real siyasi və sosial təhlükəyə çevrilib. Dinin bəzi siyasətçilər tərəfindən öz mənafeləri və siyasi məqsədləri üçün istifadə etmə halları da artmaqdadır.

Oktyabrn 7-də Allahşükür Paşazadə Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim heyəti ilə görüşüb. Tədbirdə çıxış edən rektor Yerlan Sıdıkov Şeyxülislam A.Paşazadənin bu nüfuzlu elm ocağının Fəxri professoru adına layiq görüldüyünü bildirib və ona diplomu təqdim edib.
 

Bu il Rusiya Patriarxı Kirilin təşəbbüsü ilə QMİ sədrinin Erməni Apostol Kilsəsinin rəhbəri, katolokos Qareginlə görüşü ictimai-siyasi gündəmin əsas müzakirə olunan mövzularından oldu.

Oktyabrın 12-də əvvəlcə Moskvada, Müqəddəs Danil Monastırında Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiyanın Patriarxı Kirill arasında ikitərəfli, oktyabrın 13-də  isə Şeyxülislam Allahşükür Paşazadə, Rusiyanın Patriarxı Kirill və ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib. Bu, 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilmiş görüşdən sonra ilk təmas olub. Dini liderlər üçtərəfli görüşün yekununa dair birgə bəyanat qəbul edib. "Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, qonşuya hörmətlə yanaşmaq və qarşılıqlı yardıma hazır olmaq çox vacibdir”-deyə Bəyanatda vurğulanırdı.

Şeyxülislam oktyabrın 13-də Moskvada keçirilmiş görüşü barədə danışarkən deyib ki, üçtərəfli görüş onun üçün xüsusi əhəmiyyət daşıyıb: "Çünki ilk dəfə qalib tərəf kimi görüşdə iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu bizim Qələbəmizin nəticəsi idi. Görüşdə katolikos "Qarabağın statusu” məsələsini qaldırdı. Mən isə vurğuladım ki, Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini bildirib, heç bir status olmayacaq”.

Oktyabrın 25-də ABŞ-dan olan dini icma rəhbərləri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüblər.

Oktyabrın 27-də Şeyxülislamla Türkiyənin Diyanət Bakanı Ali Erbaşla Füzuliyə və Şuşaya səfər edib. Oktyabrın 29-da isə  Şeyxülislam və Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə çıxış edən QMİ sədri Türkiyə-Azərbaycan qardaşlığından danışıb. Bildirib ki, Azərbaycanla Türkiyə iki qardaş dövlət olaraq xoş və çətin günlərdə daim bir-birinin yanında olublar.

Noyabrın 4-də QMİ-nin nəşri olan "Vətən və İman” kitabının təqdimat mərasimi keçirilib. Kitabda Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın din xadimlərinin Vətən torpağı uğrunda imanlı mübarizəsinə dair indiyədək heç yerdə dərc olunmamış məlumatları ilk dəfə geniş oxucu kütləsinin diqqətinə təqdim edilir.

Noyabrın 6-da  Allahşükür Paşazadə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salam ilə görüşüb.
 

Noyabrın 6-da Zəfər Günü münasibəti ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu göndərib. 8 noyabr – Zəfər Günündə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində "Şükür” namazı qılınıb. Şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxunub.

Noyabrınn 12-də  Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.

Dekabrın 3-də  Şeyxülislam Bakıda keçirilən "Mədəniyyət naminə sülh” Forumunun iştirakçıları ilə görüşüb.

Forumun böyük əhəmiyyət daşıdığını deyən QMİ sədri qeyd edib ki, sülh və mədəniyyət bir-birindən çox asılıdır. Sülh olan yerdə mədəniyyət də olur.

Göründüyü kimi Qafqazın mötəbər dini lideri sayılan Allahşükür Paşazadə və rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi İsa Məsihin mövlud tarixinin 2021-ci ilində məhsuldar fəaliyyəti ilə seçilə bilib.

"Analitik” Təhli Mərkəzi
 
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az