Azərbaycanlı iş adamından ölümünü gözləyən MİLYARDERLƏ baglı- Açıqlama

Azərbaycanlı iş adamından ölümünü gözləyən MİLYARDERLƏ baglı- Açıqlama

Türkiyədə yaşayan cənubi azərbaycanlı iş adamı Rza Zərrab İranda dələduzluqda və dövlətin pulunu mənimsəməkdə ittiham olunan və haqqında edam hökmü qərar verilən milyarder Babək Zəncani ilə şərik olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Zərrab iranlı iş adamı Babək Zəncanı ilə şərik olması haqda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını və bunun təxribat məqsədi ilə yayıldığını bildirib: "Mən heç vaxt Babək Zəncanı ilə şərik olmamışam və heç bir zaman İran dövlətinin pulu ilə biznes qurmamışam. Bu xəbərlə bağlı bir neçə dəfə açıqlama versəm də, bəzi qəlbiqara insanlar öz təxribatından əl çəkmirlər. İranda belə bir ciddi mövzuda aparılan araşdırmada, istintaq materiallarında və məhkəmənin qərarında adımın keçməməyinə baxmayaraq Türkiyədə bəzi şəxslər həmin məsələdə mənim adımı hallandırmaqda israrlıdırlar. Bu isə qanunazidd bir hərəkətdir. İran dövləti məni heç bir şeydə ittiham etməyib və mənə cinayət işi açılmayıb".

Rza Zərrab bildirib ki, haqqında belə xəbərlər yayanları məhkəməyə verəcək: "Bəzi çirkin niyyətli insanlar mənim guya mülkiyyətimi satışa çıxardığım xəbərlərini yazırlar. Belə yalan xəbərlərin məqsədi məni heç bir əlaqəm olmayan cinayət və istintaq işi ilə bağlamaqdır. Mən Türkiyə vətəndaşıyam və ölkəmə xeyir verən vətəndaş kimi də işləməyə davam edirəm. Ailəm, mülkiyyətim və sərmayələrimlə birlikdə Türkiyədəyəm. Siyasi uğursuzluqlarının günahını məndə görənlər, məni təhqir edərək reytinq yığmağa çalışanlar, haqqımda yalan xəbərlər yazaraq gündəmi dəyişdirməyə çalışanlar, sizinlə türk məhkəmələrində hesablaşmaqdan heç vaxt əl çəkməyəcəyəm".

Qeyd edək ki, bir müddət əvvəl Rza Zərrab və həyat yoldaşı, tanınmış müğənni Ebru Gündeş yazar Öncel Öziçerin cütlük haqqında yazdığı məqaləyə görə məhkəməyə müraciət etmişdilər. Məhkəmənin qərarı ilə Öncel Öziçer cütlüyə 7 min lirə mənəvi təzminat ödəməlidir.

Məlumat üçün qeyd edək ki, Türkiyədə 2014-cü ildə keçirilən rüşvət və qaçaqmalçılıq əleyhinə əməliyyatda bir neçə iş adamı ilə birlikdə Rza Zərrab da həbs olunmuşdu. İş adamı bir müddətdən sonra azadlığa buraxılmışdı.

Son günlər isə Türkiyə mətbuatında ard-arda Zərrab haqqında müxtəlif xəbərlər yer alıb. İddialara görə Rza Zərrab 500 milyon lirəlik (təxminən 173 milyon 850 min dollar) dəyərindəki sərvətini satışa çıxarıb. Bundan əlavə Rza Zərrabla Ebru Gündeşin boşanmaq mərhələsində olduğu da xəbərlər arasında yer alıb.

Xatırladaq ki, Babək Zəncani Türkiyədə yaşayan azərbaycanlı Rza Zərrabın ortağı kimi təqdim edilir. 42 yaşlı Zəncani 14 milyard dollar sərvətlə İranın ən varlı adamı sayılır. Cənubi Azərbaycanın Zəncan şəhərindəndir.

Babək Mörtəzə Zəncani 12 mart 1974-cü ildə anadan olub. Əslən Cənubi Azərbaycanın Zəncan şəhərindən olan Babəkin həyatında dönüş nöqtəsi Rəfsəncaninin prezident olduğu dövrə düşür. Belə ki, 1999-cu ildə Zəncani İran Mərkəzi Bankının rəhbəri Möhsen Nourbahın şəxsi sürücüsü olur. Nourbaharla müəyyən müddət işlədikdən sonra Zəncani onun böyük etibarını qazanır. Onun sayəsində xeyli pul əldə etdikdən sonra Babək Türkiyəyə yun və qoyun dərisinin ixracına başlayır. Lakin qısa müddət sonra iflas edir. Buna əsas səbəb isə Türkiyədəki ortağının Zəncanini aldatması olur. 

Nəticədə Zəncani həbs edilir. Azadlığa çıxdıqdan sonra isə Türkiyədə iqtisadiyyat üzrə təhsil alır. Yenidən iş həyatına atılır və İran hakimiyyətinin yuxarı təbəqəsi ilə əlaqələrini gücləndirir. İranda film təqdimatlarının birində eks-prezident Mahmud Əhməd Necat və spiker Laricani ilə görüşür və İran neftinin xaricə çıxışını həyata keçirməyə icazə alır. Bu isə Zəncaninin sürətlə varlanmasına səbəb olur. 

Maraqlı məqam isə İranın siyasi və hərbi dairələri ilə çox sıx əlaqələri olan Zəncaninin qəflətən xəyanətdə ittiham edilməsidir. Görünür, İran sanksiyalar zamanı qeyri-qanuni üsullarla ölkə xaricinə neft satan Zəncaniyə verdiyi böyük dəstəyin açılmasında maraqlı deyil və bu məşhur iş adamını onun bildiyi çoxsaylı sirlərlə birgə birdəfəlik o dünyaya göndərməkdə qərarlıdır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az