"Nərimanov rayonu ərazisində yerləşən 73 saylı orta məktəb söküləcək”.
Vətəninfo.az xəbər verir ki, bu haqda Modern.az saytının sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva məlumat verib.
Sektor müdiri deyib ki, məktəbin söküntüsü növbəti il üçün planlaşdırılıb:
"Azərbaycan prezidentinin 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq edilən "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən Nərimanov rayonu 73 saylı tam orta məktəbin sökülərək yenidən tikilməsi nəzərdə tutulub. İşin icrasına 2016-cı ilin yay aylarında başlanması gözlənilir”.
Məktəbdə təhsil alan şagirdlərə gəlincə, A.Tairquliyeva deyib ki, tikinti işləri yay tətili günlərinə planlaşdırıldığından problem yaşanmayacaq: "Tikinti işlərinin 3 ay müddətində başa çatdırılması nəzərdə tutulub. Yeni tədris ilinə çatmasa belə, şagirdlər yaxınlıqdakı məktəblərdə müvəqqəti yerləşdiriləcək”.