Əllərini göndər gəlsin yanıma...
Əlizadə Nuri
Ürəyimi görməmişəm, nə bilim,-
Bəlkə elə damar yeri ağrıyır?
Bu dünyanın əyri daşı ağrımaz,
Bu dünyanın hamar yeri ağrıyır.
O qoca da atıb getdi qarısın,
O qarı da yarı adam, yarı su...
Köhnə yaram təzələri sarısın,
Canımdakı qubar yeri ağrıyır.
Mənim əlim bəlkə sənin əl izin?
Qoyma dünya gözlərində ərisin..
Bir dəfə sən adımı çək, əzizim,--
Adımdakı qabar yeri ağrıyır...
Üfüqləri kim çəkibdi tarıma?
Aman bulud, için- için zarıma.
...Əllərini göndər gəlsin yanıma,--
Saçlarımda tumar yeri ağrıyır...
Miq.Az