“Ermənistan əsir-girovlar haqqında məlumat verməkdən yayınır”
Azərbaycanın milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri,
general-polkovnik Eldar Mahmudov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Patrik Vialı qəbul edib.
Vətəninfo.az xəbər verir ki, komissiyadan
APA-ya verilən məlumata görə, Eldar Mahmudov Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və
Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə fəaliyyətinin ümumən konstruktiv
olduğunu, qarşılıqlı faydalı məcrada davam etdiyini, konkret nəticələr
verdiyini qeyd etmiş və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə
ümidvar olduğunu bildirib.
Günahsız insanların
qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın tutduğu qeyri-konstruktiv
mövqe nəticəsində hələ də öz həllini tapmadığını, bu səbəbdən də
qurbanların sayının hər gün artdığını vurğulayan Komissiya sədri
bildirib ki, mövcud status-kvo dəyişmədikcə humanitar fəlakətin tam
aradan qaldırılması mümkün deyil.
Qeyd olunub ki,
hazırda 4013 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət
Komissiyasında qeydiyyatdan keçmiş, münaqişə dövrü ərzində 1434 nəfər
erməni əsir-girovluğundan azad edilib, son illərdə isə Komissiyanın İşçi
Qrupu tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 1078 nəfərin
taleyinə aydınlıq gətirilib.
Sədr Eldar Mahmudov
Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin
düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və
mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişi üzrə
görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, 2013-cü ildən
etibarən BQXK ilə birlikdə itkin düşmüş şəxslərin yaxın qohumlarından
DNT nümunələrinin toplanması prosesi başlanılıb və bu nümunələrin
saxlanılması ilə bağlı xüsusi yer kimi Milli Təhlükəsizlik Nazirliyinin
Hərbi Hospitalı müəyyənləşdirilib.
2014-cü ildə
100 nəfər itkin ailəsindən bioloji nümunələrin götürülməsi ilə bağlı
BQXK tərəfindən irəli sürülmüş pilot layihə uğurla həyata keçirilib,
cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından
bioloji nümunələrin toplanması işi davam etdirilib. 2015-ci ildə isə
artıq 899 donordan, yəni 326 ailədən nümunələr götürülüb.
Komissiya
sədri Eldar Mahmudov İşçi qrupu tərəfindən naməlum məzar yerlərinin
müəyyən edilməsi ilə bağlı işlərin də davam etdirildiyini qeyd edib.
Bildirilib ki, hərbi əməliyyatlar Ermənistan Respublikası tərəfindən
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və ona bitişik
rayonlarda aparılıb. Axtarışda olan bütün şəxslər də məhz həmin
ərazilərdə itkin düşüb. Buna görə də həm itkinlər, həm də naməlum və
kütləvi dəfn yerləri ilə bağlı məlumatlar daha çox qarşı tərəfdədir.
Buna baxmayaraq, Ermənistan Respublikası kütləvi məzar yerləri və
münaqişə zamanı əsir-girov götürülməsi və saxlanması barədə şahid
ifadələri olan şəxslərlə bağlı məlumat verməkdən indiyədək yayınır.
Sədr
diqqətə çatdırıb ki, Ermənistanın qəsb etdiyi Kəlbəcər rayonunun
ərazisinə 2014-cü ildə yaxın qohumlarının məzarlarını ziyarət etmək
məqsədi ilə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin
hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə
yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə
qeyri-humanitar mövqedən yanaşıb. Dövlət başçısı İlham Əliyevin daim
diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan Respublikası
müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış
tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, Ermənistanın tutduğu
qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb.
Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb. İşğal
olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsi ilə məhkəmə şousu
təşkil edilib. Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən
tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə
özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur
və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını
siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir.
Görüşdə,
həmçinin Eldar Mahmudov Ermənistan Respublikasının hakimiyyət
dairələrində hökm sürən korrupsiyaya və qanun pozuntularına, eləcə də
Ermənistan ordusundakı özbaşnalıqlara qarşı apardığı mübarizəyə görə
həmin ölkədə təzyiqlərə məruz qalmış və öz istəyi ilə Azərbaycan
Respublikasına keçərək siyasi sığınacaq istəmiş Ermənistan
Respublikasının vətəndaşı Vaan Martirosyanla bağlı məsələyə də toxunub.
Bildirib ki, Vaan Martirosyanın Yerevanda qalmış ailə üzvlərinə
Ermənistanın dövlət orqanları tərəfindən aramsız mənəvi-psixoloji və
fiziki təzyiqlər göstərilir. Ermənistan hakimiyyəti tərəfindən daim
fundamental insan və vətəndaş hüquq və azadlıqlarının pozulması
faktlarına nədənsə aidiyyəti beynəlxalq təşkilatların və strukturların
biganə yanaşdığı xüsusi vurğulayıb.
Cənubi
Qafqaz bölgəsinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi
Asiya regionu üzrə direktoru kimi ilk səfərini Azərbaycandan başladığını
qeyd edən Patrik Vial səmimi qəbula və dolğun məlumata görə Dövlət
Komissiyasının sədri Eldar Mahmudova təşəkkürünü bildirib. Qonaq itkin
düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların
toplanmasının çox ağır proses olduğunu vurğulayaraq, münaqişə
qurbanlarının taleyinə aydınlıq gətirilməsi işində təmsil etdiyi qurumla
Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin
formalaşdığını, indiyədək aparılan müzakirələrdən və onların
nəticələrindən razı qaldıqlarını qeyd edib, bu istiqamətdə göstərilən
hərtərəfli və davamlı yardıma görə minnətdarlığını bildirib.