Tofiq Zülfüqarov: Azərbaycan üçtərəfli komissiya ilə bağlı seçim qarşısındadır

Tofiq Zülfüqarov: Azərbaycan üçtərəfli komissiya ilə bağlı seçim qarşısındadır

"Moskvadan səslənən son açıqlamalar Yerevanda qıcıq yaradır"

"Ermənistanın regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırması mövcud vəziyyəti sınaqdan keçirmək istəyindən doğur. Çünki üçtərəfli komissiya razılaşması Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Ermənistan fəaliyyətini dayandırırsa, deməli, sənədin bir bəndinin icrasından imtina edib. Beynəlxalq ənənəyə görə, Azərbaycan seçim qarşısındadır, yəni bilmir digər bəndlərə əməl etsin, yoxsa etməsin”.

Bu açıqlamanı Meydan TV-yə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ötən gün üçtərəfli komissiyada fəaliyyətlərini dayandırması haqda bəyanatını şərh edərkən deyib.

Tofiq Zülüfqarov Yerevanın bu addımını belə qiymətləndirib: "Çox ciddi məsələdir”.

Onun fikrincə, indiki vəziyyətdə Azərbaycan yanvar bəyanatının icrası üçün sənədin vasitəçiliyini üzərinə götürən Rusiyaya müraciət edə bilər:

"Rusiyanın cavabından çox şey asılıdır. Çünki bu məsələdə Putinin şəxsi iştirakı sual altına qoyulur. Bu baxımdan Azərbaycan indi sərbəst olduğundan digər öhdəliklər barədə düşünüb qərarını verə bilər. Faktiki olaraq, Ermənistan yanvar bəyanatından imtina etdiyindən məsuliyyət daşıyır. Güman ki, Rusiya məsələnin aydınlaşmasını gözləyəcək. Məsələ ondadır ki, Ermənistandan son vaxtlar bir-birinə zidd bəyanatlar səslənir. Bəli, indi seçkiləri də səbəb göstərə bilərlər, amma öhdəlik öhdəlikdir, üzərinə götürmüsənsə, yerinə yetirməlisən. Əgər onlar öhdəliyi yerinə yetirməsələr, biz də başqa bəndləri də sual altına qoyacağıq. Məsələn, Laçın dəhlizini 1 sutka ərzində bağlaya bilərik”.

Politoloq Əhməd Əlili qeyd edib ki, hazırda Rusiya mətbuatı Baş nazir Nikol Paşinyanın Fransa səfərindən sonra Yerevanın noyabr və yanvar sənədlərindən imtina etdiklərini xüsusi vurğulayır:

"Ehtimal ki, bu qərar Paşinyanın özünə digər yerlərdən dəstək axtarışından irəli gəlir. Məsələ burasındadır ki, Rusiya Xarici İşlər Nazirliyi də rəsmi Bakının bu yöndə açıqlamalarını təkrarlayır. Mariya Zaxarova da bildirdi ki, baş verənlərin Dağlıq Qarabağ probleminə aidiyyatı yoxdur. Nəzərə alın ki, Zəngəzur dəhlizinin açıqlmasında Rusiyanın da maraqları kifayət qədərdir. Bunun üçün iki respublika arasında ən azı demilitasiya və demarkasiya sənədləri imzalanmalıdır. Yalnız ondan sonra dəhliz məsələsinə keçmək olar. Moskvadan səslənən son açıqlamalar isə Yerevanda qıcıq yaradır, konkret olaraq, sərhədlərin müdafiəsi üçün ATƏT-nin Minsk Qrupu ölkələrindən dəstək istəyir. Yerevan bununla Rusiyanı onların maraqlarını satmasına işarə edir”.


Əhməd Əlilinin sözlərinə görə, əgər üçtərəfli sənədin bir bəndi icra olunmursa, digərləri də icra edilməməlidir: "Deməli, Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi bəndindən də imtina edə bilər. Əslində, Mqer Qriqoryanın məlum müsahibəsi Rusiyaya qarşı çağırışıdır, nəinki Azərbaycana. Bununla Bakı Moskvaya göstərməlidir ki, Yerevan bundan imtina edirsə, siz sənədin icrasına şərait yada bilmirsiniz və bütün problemlər Rusiyadan qaynaqlanır. Əgər Rusiya bir müddət sonra adekvat qərarlar qəbul etməzsə, Qarabağdakı sülhməramlıların statusunu şübhə altına almalıyıq”.

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bir gün əvvəl bildirib ki, Yerevan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır.

O, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın "təcavüzü” ilə izah edib.

Yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. 44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir./meydan.tv/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az