"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Regional Təlim-İnkişaf Proqramı-2” layihəsi çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində növbəti regional təlimə start verib.
Vətəninfo.az-ın məlumatına görə, ASC-dən AZƏRTAC-a bildirilib ki, təlimə "Azərsu”nun "Birləşmiş Sukanal" MMC-nin Füzuli, Beyləqan, İmişli, Zərdab, Ağdam, Tərtər, Laçın, Bərdə, Ağcabədi və Xocavənd rayon sukanal idarələrinin 207 əməkdaşı cəlb olunub. Energetik, mexanik, montyor, metrologiya üzrə mühəndis, nəzarət ölçü cihazları çilingəri, su və kanalizasiya şəbəkələrinin mühəndisi, içməli və çirkab su təmizləyici qurğuların mühəndis texnoloqları, kimyaçı, bioloq, laborant, su kəməri təsərrüfatında nəzarətçi, mühasib, kompyuter operator, kadrlar üzrə müfəttiş və digər peşələrdən olan əməkdaşlar təlimlərdə bilik və təcrübələrini artırmaq imkanı qazanıblar.
Təlimlər "Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri tərəfindən aparılır. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq və qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə səfərləri də təşkil olunur. Avqustun 28-dək davam edəcək təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusi diqqət yetirilib.
Ümumilikdə "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində "Azərsu” ASC-nin 1000-dən çox əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur.