Klassik elektron qəzet fəaliyyətə başladı
Ölkənin ilk klassik-elektron qəzeti artıq fəaliyyətdədir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlama verən baki-baku.az klassik-elektron qəzetinin ideya müəllifi və baş redaktoru tanınmış jurnalist Rauf Ağayev bildirib ki, bu yeni layihə print-media həvəskarlarını yeni və müasir ünvanda birləşdirir:
"Çap mediasının, xüsusilə də qəzetin öz həvəskarları var. Bu layihədə klassik qəzetçilik dəyərləri qorunaraq elektronlaşdırılıb, nostalji və müasir çalarlar bir növ sintez edilib. Günbəgün sürətlə inkişaf edən jurnalistikada qəzetçiliyi itib-batmaqdan qurtarıb ayaqda saxlamaq üçün bu kimi layihələrə ehtiyac duyulduğunu əsas götürərək belə bir elektron qəzet təsis etdik”.
Qeyd edək ki, baki-baku.az klassik-elektron qəzetinin yaradıcıları bir zamanların "Bakı” və "Baku” axşam qəzetlərinin keçmiş əməkdaşlarıdır və bu layihəni də həmin qəzetlərin baş redaktoru olmuş Nəsir İmanquliyevə ithaf ediblər.