Makkeynin xəbərdarlığı, Sobyaninin vədi: Qarabağı nə gözləyir?

Makkeynin xəbərdarlığı, Sobyaninin vədi: Qarabağı nə gözləyir?

Azərbaycanın siyasi ekspertləri həm ABŞ, həm də Rusiyadan gələn mesajlara sərt reaksiya verdilər

Elxan Mehdiyev: ““Azərbaycan Avrasiya Birliyinin üzvü olandan sonra Qarabağ məsələsi həll oluna bilər” fikri baş aldatmaqdır...”; Elxan Şahinoğlu: “Makkeyn Krım və Donbası birmənalı Ukrayna ərazisi saydığı halda bircə kəlmə demir ki, “Dağlıq Qarabağ Azərbaycan ərazisidir...”
Dünyanın iri paytaxtlarından növbəti dəfə Azərbaycanla bağlı xəbərdarlıqlar və mesajlar gəlməkdədir. Özü də diqqətçəkən budur ki, Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsinin tənzimlənməsi barədə açıqlamalar əsasən həmsədr ölkələrin müxtəlif səviyyəli şəxslərindən gəlir.
Ötən həftə fransalı keçmiş həmsədr Jak For iddia etmişdi ki, Qarabağın Azərbaycanın bir hissəsi olması artıq qeyri-mümkündür. Bunun ardınca Moskvadan Azərbaycana Qarabağ mesajı verildi. Rusiyalı hərbi ekspert Aleksandr Sobyanin erməni portalına müsahibəsində bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olandan sonra Dağlıq Qarabağ məsələsinin həlli mümkün ola bilər. Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsini hərbi yolla həll etmək imkanına malik deyil. “Rusiya üçün müharibə - yasaqlanmış üsuldur. Biz 2008-ci il avqustun 8-dək Gürcüstanın ərazi bütövlüyünü tanıyırdıq. Ancaq Tiflisin Cənubi Osetiyaya birbaşa müdaxiləsindən sonra hər şey dəyişdi. İstənilən halda müharibənin təzədən qızışması Moskva üçün yolverilməzdir, çünki sən başqa fikirdə, düşmən münasibətlərdə ola bilərsən, ancaq insanları öldürməyə haqqın yoxdur” - deyib ekspert.
 Sobyaninin fikrincə, Türkiyə NATO üzvü olduğu üçün Azərbaycanla strateji müttəfiqlikdən ötrü alyansın bütün üzvlərinin razılığını almalıdır: “Rusiya isə həm Türkiyə, həm də Azərbaycanla əməkdaşlıq qurub. Ancaq Kremlin strateji əməkdaşlığı yalnız Ermənistanladır. Və istisna deyil ki, müharibə variantında Rusiya KTMT çərçivəsində müdaxilə eləsin”.
Bu fikirlər müstəqil təhlilçiyə məxsus olsa da, şübhə yoxdur ki, mesajlar həm də Kremlin iradəsinin inikasıdır. Bir neçə gün öncə Putin hakimiyyətinin danışan dili Aleksandr Duqin də Azərbaycanı öncə Avrasiya Birliyinə qoşulmağa çağırmışdı. Bu mənada hesab olunur ki, ekspertlər səviyyəsində dilə gətirilən bu fikirlərin arxasında Rusiyanın siyasəti dayanır.
Bu arada amerikalı senator Con Makkeynin də Rusiya təhlükəsindən bəhs etməsi diqqət çəkir və şimaldan gələn mesajların təsadüfi olmadığına şübhə yeri qoymur.
Azərbaycanın hüquq müdafiəçisi Əhməd Şahidovun sualına cavabında senator bildirib ki, Ermənistanla bağlı durum məlumdur. Bu ölkə Rusiyadan tam asılıdır: “O ki qaldı Azərbaycana, təəssüflə bildirməliyəm ki, Putinin növbəti hədəfi Azərbaycandır və biz bunu gözləyirik. Dağlıq Qarabağ münaqişəsi barədə isə onu deyə bilərəm ki, tərəflər özləri münaqişəni həll etməli və yaxınlıq göstərməlidirlər. ABŞ olaraq, biz sülh naminə atılan istənilən addımı alqışlayırıq”.
Avropa Oyunlarından sonra bölgədə yeni bir situasiyanın yaranacağı ilə bağlı xeyli xəbərlər dolaşır. Hətta oyunlardan sonra Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara qərar verəcəyi barədə də çoxsaylı iddialar var. Azərbaycanın bugünlərdə Rusiyadan daha 100 T 90 S tankını almasından bəhs edən xarici media savaşın yaxında olduğunu iddia edir. Bundan az öncə Azərbaycanın hərbi əməliyyatlara başlamasına böyük güclərin razılıq verdiyi iddiaları da yayılmışdı.
Siyasi şərhçi Elxan Mehdiyev deyir senator Con Makkeyn burada da sona qədər səmimi deyil: “O, Rusiya ilə bağlı hər zaman ağ-qara danışsa da, erməni işğalı ilə bağlı yenə də susur. Çünki öz maraqları buna imkan vermir. Düşmənin başını sığallayıb ”öz aranızda dil tapın" deməklə normal münasibətdə olan qonşunu düşmən göstərmək bölgədəki reallığı əks etdirmir və Azərbaycana da faydası yoxdur. Rusiya ilə Azərbaycan arasında normal münasibətlərin davam etdirilməsi indiki dönəmdə Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir".
Yeri gəlmişkən, ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bordyujaya  erməni jurnalistin Moskva-Bakı əməkdaşlığı ilə bağlı sualına kəskin reaksiya vermişdi və bu da Moskva tərəfindən Ermənistana sərt şapalaq kimi dəyərləndirildi.
E.Mehdiyev “Yeni Müsavat”a dedi ki, əslində Rusiyanın Azərbaycana hər dəfə silah satması erməniləri narahat edir: “Azərbaycan müasir silah aldıqca, ermənilərin torpaqları işğalda saxlaması daha kövrək hala düşür. Onlar da təbii ki, Azərbaycanı hərbi baxımdan zəif durumda görmək istəyirlər. Bordyuja müəyyən dərəcədə həqiqəti söyləyib. O, Ermənistana verilən silahların Azərbaycana satılan silahlardan artıq olduğunu açıqlayıb. Azərbaycan-Rusiya silah alışı üzrə istənilən anlaşma Rusiya ordusu Baş Qərargahında verilən rəydən sonra qüvvəyə minir və onlar ən yaxşı halda, Bordyujanın dediyi kimi, balansı qorumaq şərtilə müsbət rəy verirlər. Azərbaycana hücum silahı satılırsa, əvəzində Ermənistana o silahlara müdafiə sistemləri verilir. Rusiyanın Ermənistana verdiyi müasir və texnoloji cəhətdən qabaqcıl silahların böyük bir qismi Qəbələ RLS Azərbaycandan çıxandan sonra verildi və bəlkə də Azərbaycanın indiyə kimi aldıqları silahlar ermənilərin aldıqları silahları hələ də balanslaşdırmayıb. Əsasən də erməni tərəfinə orta mənzilli raket sisteminin verilməsi Azərbaycana qarşı ən böyük təhlükə yaradıb, çünki onlar  Bakıya qədər çata bilən raketlərdir. İkincisi, Azərbaycan təyyarələrinin say üstünlüyünə cavab olaraq S-300-lərin Gümrüdəki Rusiya bazasından çıxarıb Ermənistana verilməklə Gorus-Qafan sərhədində yerləşdirilməsi işğal edilmiş ərazilərdə hava hücumundan müdafiə sistemini üst düzəydə təmin edib. Artilleriya və tank sistemləri də say baxımından Azərbaycanın arsenalını aşır. Bu baxımdan, erməni tərəfi balansın olmasını yox, Azərbaycanın 2-3 dəfə zəif olmasını istəyir. Narahatlığın səbəbi budur”.
Ekspertin sözlərinə görə, Azərbaycanın indiki - Qərb dünyası ilə üz-üzə qaldığı bir dövrdə Rusiya ilə münasibətlərinin inkişafının perspektivi daha böyükdür və indiki tendensiya daha da yaxınlaşmağa aparır: “Bunun torpaqların azad edilməsinə aparacaq sualına cavab aydın deyil, çünki Rusiya açıq surətdə ermənilərin işğal etdikləri torpaqlardan çıxmalarını tələb etmir, bəlkə sakit diplomatiya aparır, ona da əmin deyiləm. Bəlkə Azərbaycanın hara qədər Rusiya ilə addımlayacağını gözləyir, bu da dəyişən dünyada qeyri-müəyyənliyə aparan yanaşmadır. Çünki 1997-ci ildə bəlkə də ilk dəfə prezident Yeltsin Heydər Əliyevlə Moskva görüşündə ”Heydər Əliyev Dağlıq Qarabağa muxtariyyət verməyə hazırdır, onlar isə biz daha böyük status istəyirik deyirlər"  dedi və sonra dönüb rişxəndlə “ABŞ-ın statusunu istəyirlər-nədi?”- dedi. Primakovun bu işlə hər gün məşğul olacağını açıq söyləsə də, sonu nə oldu məlumdur. Bu baxımdan, mən daha çox Rusiyadan nəticə gözləsəm də, hələlik Moskvanın yanaşmasında köklü dəyişiklik görmədiyimdən, proseslərə nikbinliklə baxmıram".
E.Mehdiyev Sobyaninin dediklərinə də reaksiya verdi: “Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olandan sonra Dağlıq Qarabağ məsələsinin həlli mümkün ola bilər” fikri, yumşaq desək, boş danışıqdır və baş aldatmaqdır. Hər halda, indi Azərbaycan cəmiyyətinin bu işlərdə daha çox təcrübəsi var, nəinki Sobyaninin. Heç kim Moskvanın hərbi əməliyyatlara girməsini xahiş etmir və tələb etmir. Əgər Moskva Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edirsə, o, erməni tərəfinə işğalın davam etməsinə kömək edən hərbi və siyasi dəstəyi durdurmalı və işğalı bitirməsini açıq dillə söyləməlidir. O zaman hər kəs Moskvanın sülhpərvər və səmimi olduğunu qəbul edəcək və Rusiyanın nüfuzu da həqiqətən böyük olacaq. İkincisi, onun sözləri təbliğat və basqı xarakteri daşıyır və Rusiyanın Donbasdakı hərbi müdaxiləsi ilə heç uyğun gəlmir".
Politoloq Elxan Şahinoğlu isə qəzetimizə bildirdi ki, Rusiya hakimiyyəti və Kremlə yaxın ekspertlər bizi tora salmaq istəyirlər: “Deyirlər ki, əvvəlcə Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olsun, bundan sonra Moskva Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Əslində birincisi, bununla etiraf edirlər ki, münaqişənin həllinin açarı əllərindədir, sadəcə, istifadə etməyə həvəsləri yoxdur. İkincisi isə kim zəmanət verə bilər ki, Azərbaycan Avrasiya Birliyinə daxil olduqdan sonra Moskva bu münaqişəni həll edəcək? Üzv olacağıq, sonra da deyəcəklər ki, bilirsiniz, bu, çətin münaqişədir, həllinə vaxt lazımdır. Azərbaycan Moskvanın istəyi ilə vaxtilə Müstəqil Dövlətlər Birliyinə daxil oldu. Məgər bu üzvlük Rusiya hakimiyyətini münaqişənin həllinə həvəsləndirdimi? Əksinə, bu dəfə birinci addımı Rusiya atmalıdır. Qoy Moskva Ermənistan hakimiyyətinə təsir edib işğal altındakı bütün torpaqlarımızı boşaltdırsın, ədalətli sülh müqaviləsi imzalansın, bununla xoş niyyətli olduğunu ortaya qoysun, ondan sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü reallaşa bilər”.
E.Şahinoğlu deyir ki, hətta 2 rayonun azad olunmasının qarşılığında da Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı risk etməməlidir: “Rusiya 2 rayonu azad edəcək, sonra da Dağlıq Qarabağda referendum keçirilməsini tələb edəcək. Yəni kobud desək, bir neçə rayonun azad olunması müqabilində Dağlıq Qarabağın, üstəgəl Şuşa, Kəlbəcər və Laçının itirilməsi ilə barışmalıyıq. Buna Azərbaycanda heç bir hakimiyyət razılaşmaz”.
Senator Makkeyinin fikirlərini şərh edən politoloqun sözlərinə görə, təəssüf ki, Amerikalı rəsmilərin və siyasətçilərin də Qarabağla bağlı mövqeyində dəyişən bir şey yoxdur: “Bu mənada ABŞ Rusiyadan ”uzağa getməyib". Senator Con Makkeyn Rusiyanın qatı düşməni, Ukraynanın ən yaxın dostudur. O, Ukraynadan sonra Rusiyanın Azərbaycanı təhdid edəcəyini söyləyib. Makkeyn onu da etiraf edib ki, Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın təsiri altındadır. Belə olan halda Rusiya əleyhdarı olan senator Azərbaycanı dəstəkləyən bəyanat vermək əvəzinə deyir ki, tərəflər özləri Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Makkeyn Ukraynanın ərazi bütövlüyünü vurğuladığı, Krım və Donbası birmənalı Ukrayna ərazisi saydığı halda bircə kəlmə demir ki, “Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişənin həlli bu çərçivədə mümkündür”. Və ya ABŞ-ın Macarıstandakı keçmiş səfiri xatirələrində yazıb ki, Makkeyn bu ölkənin rəsmi qurumlarını Ramil Səfərovu Azərbaycana təhvil verdiyinə görə qınayıb. Amerikalıların bu cür yanaşmalarının nəticəsidir ki, ABŞ-ın Azərbaycan ictimaiyyətində nüfuzu azalıb. Bəli, rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlər soyuqdur, ancaq Azərbaycan ictimaiyyətinin Amerikanın regional siyasətindən razı qaldığını söyləmək çətindir".

musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az