Mübariz Mənsimovdan AÇIQLAMA- Oqtay Güləliyevlə bağlı

Mübariz Mənsimovdan AÇIQLAMA- Oqtay Güləliyevlə bağlı

"Bir az əvvəl mənə bir yazı göstərdilər. Oqtay bəy Gülalıyevin oğlu paylaşım edib və ehtimal edir ki, guya məni onun atasına yardım göstərməmək üçün təhdid ediblər. Əziz qardaşım! Əvvəla, Allah sənin atana can sağlığı versin. İkincisi, real vəziyyət düşündüyün kimi deyil. Mən dəfələrlə demişəm və bir daha təkrar edirəm ki, mən Allahdan başqa heç kimdən və heç nədən qorxmuram. Məni kimsə təhdid də etmir. Sadəcə, gerçəkliyi olduğu kimi qəbul etməyi bacarmaq lazımdır. Mən köməyimi təklif etdikdən sonra xəbər gəldi ki, Heydər Əliyev Fondu Oqtay bəyin müalicəsini öz üzərinə götürüb. Dövlət Oqtay bəyə sahib çıxdı və mənim göstərəcəyim yardımdan bəlkə də artığını etdi." 

Miq.Az xəbər verir ki, bu sözləri "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov özünün feysbuk səhifəsində Oqtay Güləliyevlə bağlı  məsələyə aydınlıq gətirərkən deyib:

"Bir işi dövlət öz öhdəsinə götürürsə, qorxmağa və ya çəkilməyə lüzum yoxdur. Bəli, mən də təyyarə göndərəcək idim, Oqtay bəyi xəstəxanaya yerləşdirəcək idim. Allah razı olsun, bunların hamısını dövlət etdi. Dövlət bu işi öz üzərine götürdükdən sonra bütün lazımı prosedurlar həyata keçirildi. Naşükürlük etmək lazım deyil. Burada başqa niyyət yoxdur və ola da bilməz. Həkimlərin məsləhətlərinə əsasən, addım atmaq lazımdır. Siz Oqtay bəyi başqa olkəyə də aparsanız, eyni vəziyyətlə qarşılaşacaqsınız. Sizin ağrı-acınızı anlayıram. Heç kim sevdiklərini bu vəziyyətdə görmək istəməz. Amma reallıq var. İndi ümid sadəcə Allahadır. Bəndədə ümid axtarmayın. Bu məsələni siyasiləşdirmək ve bunun ətrafında manipulyasiya etmək düzgün deyil. Həqiqəti demək lazımdır. Mən hər zaman deyirəm: mən siyasətçi deyiləm. Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur. Bir-birimizə ziyan verməyək. Hamının məqsədi odur ki, Oqtay bəy tezliklə sağalıb ayağa qalxsın. Bu qədər yaxşılığı boşuna çıxarmaq düzgün deyil. Xəstəxananı bəyənmədilər, dəyişdirdilər və istədikləri tibbi müəssisəyə yerləşdirdilər. Həkimi istəmədilər, müalicəni mənim ailə həkimim davam etdirdi. Nə lazımdırsa, hər şey yüksək səviyyədə təşkil və təmin olundu. Bundan sonra bizə yalnız gözləmək və dua etmək qalır. Bu qədər insanın və həkimlərin əziyyətini yerə vurmaq da insafsızlıq olardı. Hər şey Allahın hökmündədir."-deyə Mübariz Mənsimov bildirib.

Qeyd edək ki, bu gün Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev də feysbuk səhifəsində atasının son durumu ilə bağlı belə bir yazı paylaşmışdı:

"Atam Oqtay Gülalıyevin qara ciyərində geriləmə olduğu kimi, verilən dərmanlara görə böyrəklərində də problem yaranıb, keratinin səviyyəsi artıb. Bu səbəblərdən qanında və ağ ciyərində olan infeksiyalara qarşı edilən antibiotikləri saxlayıblar.

Onu da qeyd edim ki, sabah ayın 9-u Heydər Əliyev fondu 'imkanları məhdud' olması səbəbi ilə atamın müalicəsini dayandırıb, Bakıya qaytarmaq istəyirlər. Əlavə olaraq, 1 həftə öncə Mübariz Mənsimov`un köməkçisi Fidan xanım atamı xəstəxanada ziyarət edib, durumu ilə maraqlanıb. Anama bildirib ki, fond dəstəyini saxlasa belə Mübariz bəy Azərbaycan hakimiyyəti ilə münasibətini pisləşdirməmək üçün maləsəf Oqtay bəyə dəstək ola bilməyəcək. Əgər Fond həqiqətən də imkanların məhdud olması səbəbi ilə dəstək ola bilmirsə nəyə əsasən dəstək ola biləcək insanları təhdid edib, atama yardım etməyə qoymurlar?

Dərindən təəssüf hissi keçirirəm ki, indiyənə kimi ətrafında baş verən haqsızlıqların heç birinə biganə qalmayan, qanunsuzluqla üzləşən hər bir vətəndaşımızın yardımına qaçan atamın hazırda həyatda qalmaq uğrunda apardığı çabalara cəmiyyətimiz çox yüksək səviyyədə etinatsızlıq göstərir. Fondun atama göstərdiyi bu ögey münasibət təkcə onun indiyənə kimi apardığı mübarizəyə görə yox, məhz, həm də insanlarımızın laqeyd olmasının təcəssümüdür!"

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az