“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”

“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
"Ramiz Mehdiyevlə əlaqəli mənim dindirilməyim xəbərinin heç bir əsası yoxdur. Bu, yalan məlumatdır. Mənim Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanım olsaydı və bilsəydim ki, o, dövlət çevrilişinə hazırlaşır, bununla bağlı bəyanat verərdik, hökumət orqanlarına müraciət edərdik”.

Miq.az xəbər verir ki, bu sözləri Axar.az-a açılamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyev işi üzrə aparılan istintaq çərçivəsində onun şahid qismində dindirilməsi ilə bağlı yayılan məlumat haqda danışarkən deyib.

"Yəni faktiki olaraq Ramiz Mehdiyevin deputat etdiyi, hüquq-mühafizə orqanlarına yerləşdirdiyi adamlar, bilavasitə xeyir-duası ilə icra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, Sərdar Cəlaloğlu ifadə verir? Bu, tamam yalan bir məlumatdır. Bunu niyə yayırlar, nə üçün yayırlar, anlamıram. Qətiyyən belə bir şey yoxdur və olmayıb. Sadəcə olaraq, o vaxt Ramiz Mehdiyev məsələsi çıxanda Əli Kərimov tərəfdarları bizə hücum etdi ki, guya bizim Ramiz Mehdiyevlə əlaqəmiz var. Mən də onlara cavab verdim. O cavabla bağlı DTX-dən mənə müraciət etdilər, getdim. O vaxt qəzetlərdə Əli Kərimli ilə bağlı olanları bir də təkrarladım. 

Vəssalam. Yerdə qalanı boş şeylərdir. Bunları kim edirsə, şərəfsiz adamlardır”, - Cəlaloğlu bildirib.
 
****
 
"BU İFADƏ DEYİLDİ, SADƏCƏ SÖHBƏT İDİ...” - Sərdar Cəlaloğludan AÇIQLAMA

"Mən Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa ifadə verməmişəm. Mənim ona nə aidiyyatım var? Qoy onun deputatları, təyin etdiyi məmurlar ifadə verib nə əməllər törətdiyi barədə məlumat versinlər. Mehdiyevlə yaxından-uzaqdan heç bir əlaqəm olmayıb”.

Bunu "AzPolitika”ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Xatırladaq ki, "Gununsesi.info” saytı "Ramiz Mehdiyev işi” üzrə məhkəmədə ADP sədrinin, Prezident Katibliyinin keçmiş rəisi Eldar Namazovun və "Baku Stell Company” şirkətinin həbsdəki sabiq direktoru Rasim Məmmədovun şahid qismində ifadə vecəkləri dair xəbər yayıb. Bildirilir ki, adıçəkilən şəxslər istintaqa şahid qismində ifadə verdiklərinə görə məhkəmə prosesinə də dəvət olunacaqlar.

S.Cəlaloğlu qeyd edib ki, vaxtı ilə AXCP sədri Əli Kərimli barədə dediklərinə görə istintaq orqanına dəvət olunub:

"Onun tərəfdarları Vüqar Məmmədovun həbsindən sonra bizə hücum etmişdilər. Mən də mətbuata onun haqqında açıqlamalar vermişdim. Məni çağırıb bu haqda söhbət etdilər, mən də mətbuatdan oxuduqlarım haqqında fikir yürütdüyümü dedim. Bu ifadə deyildi, sadəcə söhbət idi”, - S.Cəlaloğlu vurğulayıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az