Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Gürcüstanda cərimələr yeni diferensiallaşdırılmış sistemə keçir. Belə ki, sürət həddinin aşılmasına görə sürücülər üçün nəzərdə tutulan cərimələrin miqdarı azaldılıb.
Azərbaycanda da cərimələrin azaldıb-azaldılmayacağı maraq doğurur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayevin sözlərinə görə, hər bir ölkə yol hərəkəti təhlükəsizliyini öz reallıqlarına uyğun tənzimləyir.
O qeyd edib ki, Azərbaycanda da cərimələrin effektivliyi və ədalətliliyi ilə bağlı ictimai müzakirələrin aparılması normaldır: "Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil, yol-nəqliyyat hadisələrinin və insan itkilərinin qarşısını almaqdır. Bununla yanaşı, mövcud cərimə balının yenidən nəzərdən keçirilməsi sosial sifarişdir. Hazırda tətbiq olunan 20 ballıq limitin 30-40 bala qədər artırılması və ya ictimai təhlükəsizliyi nisbətən aşağı olan bəzi inzibati xətalara görə cərimə ballarının ləğv edilməsi müzakirə predmeti ola bilər. Əsas prinsip isə budur: yol hərəkəti təhlükəsizliyi hər şeydən üstündür. İnsan həyatını riskə atan kobud qayda pozuntularına görə məsuliyyətdən qaçmaq olmaz. Dəyişikliklər olacaqsa, təhlükəsizliyə xələl gətirməyəcək istiqamətlərdə həyata keçiriləcəyini düşünürəm”.