Xarici şirkətlər Ermənistandan gedir

Xarici şirkətlər Ermənistandan gedir

Ermənistan hökuməti iqtisadi artımın davam elədiyini desə də, böyük xarici şirkətlər bu ölkədən gedirlər.

İqtisadiyyat naziri Karen Cşmarityan buna normal hal kimi baxır. Nazir deyir ki, müəyyən müddət ərzində müxtəlif ölkələrdə müxtəlif şirkətlər çalışa bilər, sonra isə gedə bilərlər.

Ermənistanı tərk edən tanınmış şirkətlər arasında Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways” hava şirkəti, Cənubi Koreyanın nəhəng "Samsung” və Fransanın "Orange” telefon şirkətləri də var.

Ermənistan bazarına ötən ilin aprelində girən "Etihad” şirkəti bu ilin sentyabrından fəaliyyətinin dayandırılacağını bəyan edib.

Amma şirkət bunun səbəbi barədə ətraflı açıqlama vermir.

"Samsung”a gəldikdə isə şirkətin keçmiş sovet məkanı üzrə nümayəndəsi Karen Asoyan deyir ki, şirkət ermənistanı optimallaşma, regional tədbirlər çərçivəsində tərk edir.

O ki qaldı bu şirkətin məhsullarının Ermənistanda satışına, Asoyan deyir ki, Ermənistan bazarı şirkətin Gürcüstandakı regional ofisindən idarə olunacaq.

Fransanın "Orange” şirkəti də bu ay Ermənistandakı filialını satmaq fikrində olduğunu bəyan edib.

Şirkət bildirir ki, 6 il ərzində Ermənistanda keçirdiyi əməliyyatlara 460 milyon dollardan çox vəsait xərcləsə də heç nə qazanmayıb və artıq Ermənistana sərmayə qoymağı məqsədəuyğun saymır.

İqtisadiyyat naziri Cşmarityan deyir ki, buna ölkədə iqtisadi vəziyyətin pizləşməsi kimi baxmaq düzgün deyil və onların əvəzində ölkəyə yeni şirkətlər gəlir.

Amma "Aykakan Jamanak" qəzetinin iqtisadi analitiki Hayk Gevorkyan deyir ki, şirkətlərin getməsi məhz ölkədə iqtisadi və hətta deyərdim ki, siyasi vəziyyətin pisləşməsi ilə bağlıdır.

Gevorkyan əksinə, başqa iri şirkətlərin hələ də Ermənistanda qalmasına təəccüb edir(azadliq.org).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az