“Xankəndi seçki dairəsindən namizədliyimi irəli sürəcəm” - Ceyhun Ələkbərov

“Xankəndi seçki dairəsindən namizədliyimi irəli sürəcəm” - Ceyhun Ələkbərov

Azərbaycan Respublikası Parlamentinə 5-ci çağırış seçkilərində namizədliyini verməyi planlaşdırdığını bəyan edən "Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov belə bir açıqlama ilə çıxış edib. Hüquqi baxımdan haqqı çatan bir Azərbaycan vətəndaşı kimi deputatlıq mandatı üçün seçkiyə qatılacağını bildirən QHT sədri, bu ilki seçkilərin olduqca maraqlı keçəcəyini vurğulayıb. "Hər dəfə Parlament seçkiləri yaxınlaşanda quruma üzv seçilmək arzusunda olanlar ciddi fəaliyyətə başlayır. Millət vəkili olmaq uğrunda demək olar ki, qızğın yarış gedir. Seçiciyə vədlər verilir, gözəl planlardan bəhs edilir, təbliğat kompaniyası daxilində və xaricində bir sıra tədbirlər həyata keçirlir. Amma bu dəfəki seçkinin tam fərqli olacağını düşünürəm. Çünki daha ölkə rəhbərliyi də, xalq da sırf vəzifəyə gəlmək naminə "çalışan” şəxslərdən yorulub. Artıq real işlərə imza atmaq vaxtıdır. Millət vəkili seçilən şəxs xalqın və ölkənin mənafeyini müdafiə etməli, vəzifəsi gərəyincə yararlana biləcəyi bütün işlərdə Vətən üçün çalışmalıdır.”

Xeyriyyəçi və Azərbaycan dövlətçiliyinin mənafeyini qoruyan ictimai fəal şəxs kimi bir sıra uğurlu layihələr reallaşdıran QHT sədri, Vətənin milli maraqlarına söykənən bütün istiqamətlər üzrə fəaliyyətini bundan sonra da davam etdirəcəyini qeyd edib. "Özünüz də canlı şahidisiniz ki, rəhbəri olduğum "Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai birliyi bir çox QHT-in bacara bilmədiyi işlərin öhdəsindən gəlib. Tam məsuliyyətlə deyirəm ki, olduğum və olacağım yerdən asılı olmayaraq hər zaman biz bu mübarizəni davam etdirmək fikrindəyik. Ermənilərin əsrlərdir azərbaycanlıların və türklərin başına gətirdiyi müsibətlləri dünyaya car çəkib, bu barədə faktları sübuta yetirib, illərdir ermənilər və onların havadarları tərəfindən uğradığımız hərbi və maddi-mənəvi təcavüzləri ifşa etmək istiqamətində işlərimiz birmənalı olaraq hər zaman davam etdiriləcək.”

Azərbaycanın hər bölgəsinin ona doğma olduğunu bəyan edən QHT sədri vurğulayıb ki,Vətənin hətda bir qarış torpağı belə bizim üçün hər şeydən dəyərlidir. "Ürəyi Vətən ilə döyünən bir vətəndaş kimi Azərbaycan mənim üçün sülhün, dostluğun, uğurun, sevginin rəmzidir. Bir həqiqəti hər kəs yaxşı bilir ki, müasir tariximizdə Azərbaycanın sızıldayan Qarabağ adlı yarası var. Vətənin uğradığı xəyanət nəticəsində Qarabağ kimi dərd görməsi, olanları canlı yaşayan bir vətəndaş kimi mənim üçün izahı çox çətin hissdir. Pozulan torpaq və insanlıq hüququnun davasını o torpağın yetirməsindən yaxşı heç kim edə bilməz. Bu səbəbə görə də Azərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırışda Qarabağ torpağının yetirməsi olaraq 122-ci Xankəndi seçki dairəsindən namizədliyimi irəli sürəcəm.”

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən noyabrın 1-də Azərbaycan Respubliksının Milli Məclisinə 5-ci çağırış seçkiləri keçiriləcək. Artıq bununla bağlı bir sıra siyasi partiyalar ilkin siyahını açıqlayıb. Bitərəf olaraq Parlament seçkilərində iştirak edəcək namizdələr isə öz seçki marafonlarına hazırlığa başlayıblar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az