Erməni müəllifin təhlili: "Moskva Qafqazda küncə sıxışdırılıb, təcavüzə əl ata bilər"

 Erməni müəllifin təhlili:

Rusiya XİN Gürcüstanda NATO-nun məşq mərkəzinin açılmasına reaksiya verib. Tədbir avqustun 28-də qurumun baş katibi Yens Stoltenberqin bölgəyə səfəri çərçivəsində baş tutub. Mərkəzin açılması haqda razılıq NATO-nun Uels sammitinin gedişində əldə edilib. Nəzərdə tutulur ki, həm NATO üzvü ölkələrin, həm də müttəfiq ölkələrin hərbçiləri burada təhsil ala bilər.

Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova bildirib ki, Moskva NATO mərkəzinin açılışına NATO-nun təsirinin genişlənməsi üzrə fitnəkar addım və bölgədə durumu sabitsizləşdirməyə aparan amil kimi baxır.

Moskvanın reaksiyası gözlənilməz deyildi, çünki Gürcüstanda NATO-nun mərkəzinin açılması Alyansın bölgədə institut səviyyəsində iştirakı və deməli, Rusiyanın Qafqazdakı "jandarm” monopoliyasının buraxılması prosesinin startı deməkdir.  

Beynəlxalq hüquq baxımından Rusiyanın mövqeyi cəfəng görünür, çünki söhbət iki suveren subyektin suveren qərarından gedir. Həm də Rusiyanın Ermənistanda hərbi bazasının varlığına nə Gürcüstan, nə də NATO fitnəkar addım kimi baxır. Hərçənd ki, Tiflis bazadan qaynaqlanan təhlükə ilə bağlı bir neçə dəfə rahatsızlığını ifadə edib. Ermənistan hökuməti dəfələrlə inandırıb ki, Ermənistan ərazisindən Gürcüstanı təhlükə gözləmir. Ermənistanla Gürcüstanın qonşunu təhlükə altında qoyacaq addımlar atmayacağı barədə təminat  bir-iki həftə əvvəl Ermənistan müdafiə nazirinin birinci müavininin Gürcüstana səfəri zamanı bir daha səsləndi.   

Gürcüstana təhlükə quzeydən qaynaqlanır və Rusiya XİN-in təmsilçisi Mariya Zaxarovanın açıqlaması buna dəlalət edir. O deyib ki, Gürcüstan 2008-ci ilin avantüraları ilə barışmır və qonşu dövlətin yeni ərazisinə iddialıdır: "Gürcüstanı qızğın şəkildə NATO-ya sürükləyənlər məsuliyyətin dərəcəsini anlamalıdırlar. Təəssüf ki, 2008-ci ilin kədərli təcrübəsini nəzərə almaqla”.

Birincisi, söhbətin hansı dövlətin yeni ərazilərindən getdiyi maraqlıdır. Güman etmirəm ki, Abxaziyanın və yaxud Güney Osetiyanın. Bu o deməkdirmi ki, Rusiya müstəqilliyni tanıdığı bu respublikaları bundan sonra öz ərazisinin bir hissəsi hesab edir?

İstənilən halda Rusiya XİN-in açıqlamasını Gürcüstana 2008-ci ilin hadisələrinin təkrarının təhdidi kimi nəzərdən keçirtmək lazım gəlir. Məsələ bundadır ki, Rusiya bunu etmək durumundadırmı? Söhbət hərbi gücdən getmir, Rusiya bu mənada təhdidi tamamilə gerçəkləşdirə bilər. Lakin Moskva bu siyasi qərarı qəbul edərmi?

Gürcüstanın keçmiş müdafiə naziri bu günlərdə 2008-ci il müharibəsi haqda məlumat verdi və bildirdi ki, Rusiya silahlı qüvvələri yalnız ABŞ-ın önləyici fəaliyyəti sayəsində Tiflisə qədər gəlmədi və hakmiyyəti dəyişdirmədi.

Onun dediyinə görə, beşgünlük müharibənin gedişində Rusiya ordusu artıq Tiflisin həndəvərində olarkən ABŞ silahlı qüvvələri İordaniyadan havaya qalxdı, Amerika komandanlığı müəyyən qərarlar qəbul etdi və rus ordusu bu təzyiqin altında geri dönməyə məcbur oldu.

Bununla bərabər, NATO infrastrukturunun Gürcüstanda peyda olması Rusiyaya təsirli zərbədir və Rusiyanın Qafqazdan uzaqlaşdırılmasının hərbi-strateji startının yeni mərhələsini ifadə edir. Rusiya siyasi isteblişmentinin Qafqazı Rusiya imperiyası üçün önəmli zona hesab etdiyi və imperiyanın Qafqazsız domino kimi aşınacağı nəzərə alınmaqla isə ehtimal etmək lazım gəlir ki, Moskva küncə sıxışdırılmış duruma düşüb və irrasional təcavüzə əl ata bilər.

Eyni zamanda Rusiya Ukrayna böhranına görə tətbiq edilmiş sanksiyaların bütün ağırlığını hiss edir. Həmçinin imperiyanın digər zonalarında – Mərkəzi Asiyada və Quzey Qafqazda islamçı təhlükənin fəallaşması təhdidi də var. Rusiya Avroatlantik yardım olmadan bunun öhdəsindən gələ bilməz.

Yeni cəbhənin açılması Rusiya üçün fəlakətli ola bilər və böyük ehtimalla Moskva sərt ritorika ilə kifayətlənəcək ki, daha dərin çuxura düşməsin.

 

Akop Bədəlyan

"Lragir" (Ermənistan),

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az