ANS TV-də yayımlanan "Sən tək deyilsən!” və "Xoşqədəmlə axtarıram
səni” verilişlərinin bağlanması ilə bağlı Milli Televiziya və Radio
Şurasının (MTRŞ) qərarından irəli gələn suallara ANS TV-nin baş
direktoru Mir Şahin Ağayev cavab verib.
-Mir Şahin müəllim, teleməkanın ən yüksək reytinqli iki verilişinin bağlanması barədə qərar bizdən ötrü gözlənilməz oldu...
-Elə mən də bu qərarı, daha doğrusu qərarın mətbuatda bu şəkildə
afişalandırılmasını gözləmirdim. Ona görə ki, MTRŞ-nın bu gün keçirilən
toplantısında mən iştirak edirdim. Nuşirəvan Məhərrəmli başda olmaqla
Şura üzvlərinin "Sən Tək deyilsən!” və "Xoşqədəmlə axtarıram səni”
verilişinin aqibətinə münasibəti mənə elə ilk dəqiqədən bəlli idi.
Təxminən 1 saat yarım ərzində mən onları dinlədim və sonda məlumat
verdim ki, biz onsuz da bu verilişi gələn həftə, daha doğrusu oktyabrın
5-dən efirdən çıxarmışıq. Bu layihələri biz efirdə yalnız ona görə
saxlamışdıq ki, həmin efir vaxtında oxşar layihə ilə rəqabət zərurəti
var idi. Onu da deyim ki, MTRŞ-da bizim belə bir mövqeyimizdən hələ
çoxdan xəbərdar idilər ki, belə verilişləri bəyənmirik və bu tipli
layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa
faydalı olar. Əks təqdirdə bir kanal bu tip layihəni bağlayanda, başqası
açır, nəticədə standartlar bir olmur. Sentyabr ayının 29-da- ATV-də "Öz
aramızda” verilişi bağlanandan dərhal sonra isə biz Yaradıcılıq
Şurasının qərarı ilə "Sən Tək deyilsən!” verilişini dayandırdıq. Elə
"Xoşqədəmlə axtarıram səni” verilişi də Bazar günü efirdə ənənəvi
formatında son dəfə yayımlanacaqdı. Müəllifin təqdim etdiyi yeni
layihəyə görə burada axtarılacaq şəxslər həm də Azərbaycanı dünyada
müsbət mənada tanıdan, ona şərəf və nüfuz gətirən insanlar olacaqdı. Özü
də bu qərar elə yaradıcı kollektiv tərəfindən verilmişdi. Mən onu da
qeyd etdim ki, efir məkanıda daha ciddi ab-havanın yaradılması məqsədilə
ANS yeni layihələr hazırlayıb. "Günəbaxan”- ın formatı tam
dəyişdirilib,- o indi demək olar ki informativ tok şoudur- "A-dan Z-yə”
və "ŞOKolad” verilişi artıq dayandırılıb. Burda adlarını çəkmirəm,
yaradıcılıq sirridi. Amma orda efirə gedəcək yeni layihələrimizin
adlarını belə çəkdim.
Yəni mən bunları deməklə diqqəti ona yönəltdim ki, ANS-ın öz verilişlərini bağlamaq qərarını MTRŞ-nın rəsmiləşdirməsinə ehtiyac yoxdur. Sadəcə olaraq burda bir məqam var idi: MTRŞ istəyirdi ki, verilişlər dərhal qapansın, mən isə onları soyuq ağıla və məntiqə dəvət edərək bu fikirdən daşındıra bildim. İzah etdim ki, verilişlərin kifayət qədər tamaşaçısı var, yüksək reytinqləri var, ona görə də biz onları bağlamaq qərarını verərkən ilk növbədə bu məqamı nəzərə almışdıq, yəni ən azı müraciətləri araşdırılmağa qəbul olunmuş insanlara hörmətsizlik etməyək, verilişi dəstəkləyənlər qarşısındakı öhdəliklərimizin aqibəti barədə düşünək. Onlar da qısa müzakirədən sonra mənimlə razılaşdılar. Mən toplantının əvvəlindəki gərginliyin, ittiham aqressiyasının sona yaxın səmimiyyətə doğru dəyişdiyini hiss etdim və düşündüm ki, bu, Nuşirəvan Məhərrəmli və hörmətli Şura Üzvlərinin mənimlə sıradan bir görüşüdür və tədbirdən məlumat sızdırılarkən bu ab-hava qərarda öz əksini tapacaq. Çünki, Şura Üzvləri arasında, ANS-ə, onun rəhbərliyinə,olan hörmət və sayğının nümayiş etdirilməsi mənə belə düşünməyə əsas verirdi. Çünki oxşar söhbət ATV kanalı ilə də olmuş, amma onların layihəsinini bağlanması barədə verdikləri adi qərar bizimlə bağlı məsələdən fərqli olaraq az qala ittiham aktı kimi ictimailəşdirilməmişdi. Baxmayaraq ki, belə qərarlar qəflətən verilmir, ən azı əvvəlcədən xəbərdalıq edilir.
-Belə çıxır ki, mətbuata verilmiş məlumatın məzmununun belə olacağını gözləmirdiniz.
-Əlbəttə ki, yox. Çünki sənədin belə tərzdə yazılmasından mənim
məlumatım yoxdur. Hamı ilə normal vidalaşıb çıxmışam. ANS-i az qala
milli mənəvi dəyərləri pozmaqda günahlandıran bu qərar isə bizdən,
şəxsən məndən, yəqin ki Azərbaycanın ANS-in tarixində, onun dövlətimizin
istiqlalı və vətəndaşımızın vətənpərvər ruhunun formalaşmasında
oynadığı rol barədə məlumata malik çox milyonlu tamaşaçı ordusundan ötrü
əsl şok oldu. MTRŞ buna qədər bir dəfə də ANS-in hansısa layihəsi
ətrafında qərəzli qərar vermişdi və o zaman biz qurumu məhkəməyə verdik,
və əsassız xəbərdarlığı ləğv etməyə nail olduq. Düşünürdük ki, bu yəqin
ki N. Məhərrəmliyə ən azı stolüstü vəsait olar ki, gələcəkdə ifadələr
seçərkən ehtiyalı olsun. Amma çox təəəssüf ki, o yenə də tələsib və
bizim MTRŞ-nın növbəti qərarını məhkəməyə vermək haqqımızı tanıyıb.
Çünki verilişlərinin bağlanmasına səbəb kimi göstərilənlər ANS-in
işgüzar nüfuzunu zərbə altına alır və bizim tamaşaçılarımızı incidir,
onların zövq və istəklərini təhqir edir.
-Deməli, ANS qərarla razı deyil?!
- Bayaq dedim ki, bu qərarı biz artıq vermişdik. Sadəcə MTRŞ-nın bizim
verdiyimiz qərara belə ağır ittihamlardan yarlıq quraşdırması artıq
bütün hüdudları keçir. Mən burada qanunun aliliyindən çox, açıq-aşkar
ayrı-seçkilik və ANS-ə qarşı qərəz görürəm. İki televiziya kanalında
eyni tip layihəyə tam fərqli yanaşma. Digər məsələ. Ya xəbər mətbuata
adi bir xəbər kimi verilməliydi, (Özü də burada da mənə qaranlıq
məqamlıar var. İçəridə iclas gedir, bəzi saytlar isə artıq ANS-in
verilişinin bağlanması barədə xəbər yayır. Baxmayaraq ki, hələ heç bir
qərar yox idi, deməli, Şurada bizdən də peşəkar xəbərçilər varmış, ya da
ümumiyyətlə bu məlumatı bizim yayacağımızı gözləmək lazım idi. MTRŞ
niyə və maraqlıdır ki tələsib?! Sanki hansısa sosial şou ilə yox,
Xoşqədəm Hidayətqızıyla şəxsən mübarizə aparır. Mən Nuşirəvan
Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu
dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki, buna qədər bir necə
dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən
ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N. Məhərrəmlinin
Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. məhz Xoşqədəm xanımla.
Təəssüf...
-Məhkəmə olacaq?!
-Bəli... ANS öz imici və işgüzar nüfuzunu qoruyacaq. Həmişə olduğu kimi.
Milli Mənəvi dəyərlərdən çox tez-tez danışılır. Bu ümumi ifadədir. Hər
millətin özünəməxsus dəyərləri var. Azərbacan Tarixinin Milli Azadlıq
səhifələrini qələmə alan ANS özü artıq çoxdan milli mənəvi dəyərə
çevrilib. Bu dəyərlər toplusunu ədalətinə inandığımız məhkəmədə
qoruyacağıq. (Aznews.az)