Aprel müharibəsindən sonra qaçan ermənilər...
Onlar Ermənistandakı qohumlarının yanına sığınıblar
Ötən ilin aprel ayında cəbhədə baş verən gərginlikdən sonra minlərlə erməni Azərbaycanın işğal altındakı torpaqlarındakı ev-eşiklərini ataraq qaçıb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, ermənilər Ermənistana sığınıblar.
Bu barədə məlumatı BMT-nin qaçqınlar üzrə ali komissarlığının nümayəndəsi Kristof Birvirt deyib. Qaçanlar arasında qadınlar, qocalar və uşaqlar daha çoxdurlar.
Qarabağdan qaçan ermənilər Ermənistanda öz qohumlarının evlərində məskunlaşıblar. Aprel döyüşlərindən bir ildən artıq zaman keçsə də, onların böyük əksəriyyəti öz evlərinə qayıtmaq niyyətində deyillər.
Hərbi əməliyyatların getdiyi əraziyə daha yaxın olan Ağdərənin Talış kəndinin sakinləri də geri qayıtmaq barədə düşünmürlər.
Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı kənd erməni işğalçılarından azad edilib. 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar.
Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.
Bundan sonra yüzlərlə erməni ailəsi kəndi tərk edərək Ermənistana və Xankəndinə qaçıb.
2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəkliklər almaq məqsədilə təxribat törədiblər.Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.Talış kəndində qalan 10-15 ailə isə oranı tərk ediblər.
Miq.az