Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Antalyada
keçirilən üçtərəfli toplantısı çərçivəsində Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Vətəninfo.az-a
verilən xəbərə görə, görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli
və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir
mübadiləsi aparılıb. Terrorizmin
bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən
terror aktları qəti şəkildə pislənib, terror qurbanı olan şəhidlərin
ailələrinə başsağlığı ifadə olunub.
Tərəflər
regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal
dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin
tezliklə fəaliyyətə başlayacağından məmnunluğunu bildirib. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi vurğulanıb.
Bu
günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə
Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında
hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və
regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi qeyd
olunub. Ermənistan-Azərbaycan
münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll
edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün
başlıca maneə olduğu bildirilib.
Üçtərəfli
formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı
əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulanıb. Bu
formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət,
humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına
mühüm töhfə verdiyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.