"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Xəbər verdiyimiz kimi, iyunun 1-də Sabunçu rayonunun Ramana qəsəbəsində 60 yaşlı Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.
Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif iddialar səsləndirilir. İrəli sürülən versiyalardan birinə görə, qətlin motivi Gülüzar Məmmədovanın həyat yoldaşımın ölümündən sonra aldığı müavinətlə bağlı olub. İddia edilir ki, Adıgözəl Məmmədov müavinət kartını ələ keçirmək istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, mərhumun qaynanası Hicran Məmmədova musavat.com-a açıqlamasında ailə ilə gəlin arasında heç vaxt müavinət məsələsinə görə mübahisə yaşanmadığını bildirib. Buna baxmayaraq, Gülüzar Məmmədovanın yaxınları qətlin məhz bu səbəbdən törədildiyini iddia edirlər.
Mərhumun qardaşı Əli Şükürov musavat.com-a hadisənin təfərrüatlarını danışıb:
"Qayınanasıgil bacımı pula görə şərləyib evdən qovdular, uşaqlarını isə əlindən aldılar. Onların davası o idi ki, bacım aldığı müavinətdən onlara da pul versin. Qaynanası ilə bir müddət idi ki, pul üstündə narazılıqları yaranıbmış. Bacım da etiraz edərək deyirmiş ki, pulu sizə versəm, uşaqlarımı necə dolandıracağam. Beləliklə, ailə birgə bacıma qarşı plan qurdu və onu evdən qovdular. Hətta bacımı evdən qovanda onun kartlarını da əlindən almışdılar. Buna görə Gülüzar həmin kartları bloklatmışdı. Əgər davaları müavinət, pul üstündə deyildisə, niyə onun kartlarını əlindən almışdılar?
Bacımı öz yanımıza Yevlaxın Duzdağ qəsəbəsinə gətirdik. Burada uşaqları geri almaq üçün Bakıdan vəkil də tutmuşduq. Vəkil bizə bildirdi ki, bacım Bakıda olmalıdır ki, çağıranda dərhal gedə bilsin. Ona görə də Gülüzar bir neçə gün sonra paytaxta getdi. Bu vaxt uşaqları ona zəng edib ki, ana bayramdır, bizi gəlib görməyəcəksən? Deyib ki, gələcək. Bu zaman uşaqlar ona israrla bildirib ki, saat 2-dən sonra gəlsinlər. Sonra başa düşdük ki, qayınanası uşaqları öyrədib ki, belə desinlər.
Bakıda bacımın rəfiqələri var. Onlar zəng edib deyiblər ki, Gülüzar qayınatan binanın ətrafında gizlənib, ehtiyatlı ol. Bacım da deyib ki, o mənə nə edəcək ki, gizlənsin də. Beləliklə, bacım uşaqları ilə görüşüb ayrılandan sonra liftə minəndə qayınata onu bıçaqlayıb. Bacımın salamat yeri yox idi, başından, gözündən, qulağından 6-7 bıçaq zərbəsi almışdı. Bıçaqlayandan sonra isə bank kartlarını götürmüşdü və pul qabını meyitin üstünə atmışdı. Biz bunu sonradan evə gələndə bildik.
Bizim qətldən xəbərimiz yox idi. Gülzar qaynanasıgilə gedəndə anama deyib ki, onlara gedirəm, çıxanda sizi yığacağam. Bir neçə saat gözləyəndən sonra anam bacımdan xəbər çıxmadığını görüb və ona zəng edib. Ancaq Gülüzara zəng çatmayıb. Mənə xəbər verdi, dayanmadan 30-40 dəfə bacıma zəng etdik. Nəhayət zəng çatdı və tanımadığımız bir adam telefonu götürdü və dedi ki, telefonun sahibi qayınatası ilə dalaşıb, onu xəstəxanaya aparıblar. Hansı xəstəxana olduğunu demədi. Bacımın qaynına zəng etdim ki, bacım hansı, ona nə etmişiniz? Dedi, "ə atam öldürüb, morqdadır, get oradan götür”. Bacım yerindəcə keçinibmiş”.
Ə.Şükürov bildirib ki, pul söhbətinə qədər qayınata ilə gəlin arasında münasibətlər normal olub: "Əvvəllər işləyib pul qazanırdı deyə bacımdan pul istəmirdi. İndi isə işsiz idi və kirayə qalırdı ,içki düşkünü idi deyə qayınata bacımı qaralamışdı ki, puldan ona da versin. Bizim bütün bunlardan xəbərimiz yox idi, bacım çox şeyi bizə demirdi”.
"Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”- Qətlə yetirilən gəlinin qaynanası
Xəbər verdiyimiz kimi, iyunun 1-də Sabunçu rayonu Ramana qəsəbəsində 60 yaşlı Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Qaynatanın gəlnini öldürmə səbəbi ilə bağlı müxtəlif iddialar səslənir. A. Məmmədovun G. Məmmədovanı öldürmə səbəbi kimi müavinət kartını mənimsəmək istəyi göstərilir.
Bu iddialarla razılaşmayan gəlinin qaynanası Hicran Məmmədova Musavat.com-a danışaraq ailə ilə gəlin arasında heç bir zaman müavinət üstündə mübahisə olmadığını bildirib:
"Gəlinimlə mən 6 ildir ki, bir yerdə yaşayırdıq. Aramızda heç bir zaman müavinətə görə söz-söhbət olmayıb. Deyirlər ki, guya biz onunla müavinət üstündə dalaşmışıq. Elə şey olmayıb. Qayınata və mən oğlumdan sonra bizə düşən hər şeyi gəlinimizə bağışlamışdıq. Mən bütün hüquqları və müavinəti gəlinə vermişdim. Həyat yoldaşımla mən 20 ildir ki, ayrıyam, bir yerdə yaşamırıq. O, Şüvəlanda qalırdı, mən isə gəlinim və nəvələrimlə şəhərdə yaşayırdım. İki aydan bir, ayda bir dəfə evimizə gəlib, baba kimi nəvələrini görürdü. Gəlin buna icazə vermişdi. Mənim isə həyat yoldaşımla heç bir ünsiyyətim yox idi.
Gəlinimlə çox mehriban olmuşuq, onu balalarımdan da çox istəyirdim. Aramızda heç vaxt söz-söhbət olmazdı. Ancaq son aylar onun doğru yolda olmadığını gördüm. Buna görə də ata və anasını çağırdım və dedim ki, qızınız doğru yolda deyil və mən bunu qəbul edə bilmərəm. Aprelin 30-u gəlini valideynləri öz evlərinə apardılar. Nəvələrim isə mənimlə birlikdə qalırdılar. Mən ona dedim ki, istədiyi vaxt bizə gəlib, uşaqlarını görə bilər. Uşaqlar telefonda ana ilə danışırdılar, əlaqələri var idi. Mənim isə həmin vaxtdan gəlinimlə xüsusi ünsiyyətim yox idi.
Qətlin baş verdiyi gün qız nəvəmi müayinəyə aparacağım üçün dərsə göndərmədim. Oğlan nəvəmi isə məktəbdə tədbirdə idi. Gəlinim qızına zəng edib dedi ki, nənəniz icazə verərmi gəlib sizi görüm? Dedim, ürəyi haçan istəyirsə, gəlsin. Onu da qeyd edim ki, 10 gün bundan əvvəl də gəlib uşaqlarını görüb getmişdi.
Beləliklə, iyunun biri balaca bir tort və "slaym” alıb bizə gəlmişdi. 1 saat uşaqları ilə oynadı, danışdı, deyib güldülər və sonra çıxıb getdi. Liftdə baş verən qətldən isə mənim xəbərim olmayıb. Mən həyat yoldaşımın bizə gələcəyini heç bilmirdim. O, bəlkə də bayrama görə uşaqları görməyə gəlirmiş liftdə qarşılaşıblar və ya ola bilsin ki, gəlini izləyib. Mənim bu barədə heç bir məlumatım yoxdur. Gəlinlə həyat yoldaşım ona qədər çox mehriban idilər və əlaqələri var idi. Gülüzarı çox istəyirdi, bayramlarda zəng edib onu təbrik edirdi, alnından öpürdü. Gəlinimin doğru yolda olmadığını biləndən sonra isə əlaqələri kəsilmişdi.
Heç kim iddia edə bilməz ki, bu qətl müavinət, mülk, ev və ya hər hansısa pul üstündə baş verib. Bunu faktlarla sübut edərəm ki, hər şeyi gəlinə bağışlamışdıq və o özü xərcləyirdi.
Nəvələrim hazırda mənim yanımdadırlar. Çox kədərliyəm ki, oğlumun ölümündən sonra onun ailəsində belə hadisə baş verdi. Acımızı sözlə ifadə edə bilmərik”, -deyə ana bildirib.