Gəncədə qohumlar arasında kütləvi dava: ölənlər var
Ötən gecə Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri - 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.
Baş Prokurorluq və Daxili Ìşlər nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.