Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır.

Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun davamlılığı prinsipidir.Bu gün kənd təsərrüfatının inkişafı prioritetdir və bu zaman aqrar sahədə ixtisaslı kadrların olması mühüm əhəmiyyət kəsb edir.

Ölkədə aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan yeganə dövlət ali təhsil müəssisəsi isə Azərbaycan Dövlət Aqrar Universitetidir.

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində tədris keyfiyyətinin yüksəlməsi və müasir təhsil infrastrukturunun yaranması məhz gənclərin bu ali təhsil ocağına marağını daha da artırıb. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)  infrastrukturun modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşma və startap ekosisteminin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər qazanıb.

Son illərdə professor-müəllim heyətinin apardığı tədqiqatlar nəticəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən 25 patent əldə olunub. Alternativ enerji və "Ağıllı kənd” ("Smart Village”) təsərrüfatı texnologiyaları üzrə yeni layihələr işlənib hazırlanıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun rəhbərliyi altında 2026-cı ildə universitet bir sıra mühüm akademik və beynəlxalq nailiyyətlərə imza atıb.

Universitet "QS Avropa 2026” və "QS Qərbi Asiya 2026” reytinqlərində uğurlu debüt edib. Həmçinin, "Times Higher Education (THE) Sustainability Impact Ratings 2026” nəticələrində yüksək mövqelər qazanıb, universitetin maddi-texniki bazası gücləndirilib, elmi-tədqiqat fəaliyyəti genişləndirilib və rəqəmsallaşma istiqamətində əsaslı irəliləyişlər əldə edilib.

Bu gün ADAU-da 7 fakültə, 27 kafedra fəaliyyət göstərir. Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində 30-dan çox ixtisas, 70-dən çox ixtisaslaşma üzrə 7 500 nəfərdən çox tələbə əyani və qiyabi təhsil formasında təhsil alır.

Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi ilə həyata keçirilir. Universitetin dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə əməkdaşlıq əlaqələri var.

Son illər universitetin əldə etdiyi ən mühüm uğurlardan biri odur ki, Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında "aqronomluq”, "bitki mühafizəsi”, "aqromühəndislik” və "iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Universitetin aqronomluq, ekologiya, baytarlıq təbabəti, əczaçılıq, informasiya texnologiyaları, kompüter mühəndisliyi, maliyyə, marketinq, menecment (alman proqramı) və digər ixtisaslarında yüksək və müasir standartlara uyğun aparılan tədris nəticəsində bir çox uğurlara imza atılıb.

Bununla da universitet qlobal çağırışlara, müasir, innovativ təhsil və tədris infrastrukturuna malik olmaqla, aqrar sahə üzrə təhsil və tədqiqatlar yolu ilə yüksək ixtisaslı mütəxəssislər hazırlamağa və beləliklə də,  fermerlərin gəlirlərinin artırmağa, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməyə, ərzaq təhlükəsizliyinə töhfə verməyə çalışır.

Xüsusən təcrübəli kadrların bilik və bacarıqlarından, elmi yeniliklərdən istifadə ilə tədris və təcrübənin vəhdətinə xüsusi diqqət ayrılır. Universitetin professor-müəllim heyətinə daxil olan Qənbər Abdullayev, Zahir Ələsgərov, Həsənəli Aslanov, Arif Qazıyev, Nizami Seyidəliyev, Arif Tağıyev, Hasil Fətəliyev, Namiq Mustafayev, Eldar Zeynalov, Məhərrəm Hüseynov və digərlərinin bilik və təcrübələri əsasında yeni kadr potensialının yaradılması istiqamətində uğurlu tədris prosesi öz nəticəsini verməkdədir.

Onu da qeyd edək ki, ADAU ötən il "UI GreenMetric 2025” reytinqində infrastruktur və maddi-texniki baza üzrə 1000 xal yığaraq ölkə birincisi olub.

ADAU 105 ölkədən 1 745 universitet arasında 4 520 xal alaraq 1 174-cü ölkə üzrə isə 19 ali təhsil müəssisəsi arasından 13-cü yerdə qərarlaşıb.

Bundan başqa 15 ali təhsil müəssisəsinin yer aldığı RUR beynəlxalq reytinq agentliyinin ("Round University Ranking”) 2025-ci il üzrə nəticələri nəticələrə əsasən ADAU dünya universitetləri reytinqinə görə 1148-ci (ölkə üzrə 11-ci), beynəlmiləlləşmə göstəricisinə görə dünya üzrə 752 (ölkə üzrə 2-ci) tədrisə görə 961-ci (ölkə üzrə 7-ci), tədqiqata görə 1 207-ci (ölkə üzrə 13-cü) yerdə qərarlaşıb.

Təsadüfi deyil ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 2025/2026-cı il tədris ilinin nəticələri ilə bağlı Elmi Şurasının iclasında çıxışlar zamanı 2025/2026-cı tədris ilində universitetdə həyata keçirilən fəaliyyətlər, əldə olunan nailiyyətlər və qarşıda duran əsas hədəflər, universitetin tədris, elm, beynəlxalq əməkdaşlıq, innovasiya və rəqəmsallaşma istiqamətlərində uğurların əldə edildiyi bildirilib. 

Hesabat dövründə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və tələbəyönümlü mühitin formalaşdırılması istiqamətində mühüm işlər görülüb.

Qeyd olunub ki, ADAU beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırıb, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirib, eləcə də tələbə və müəllimlərin akademik mobilliyinin artırılması istiqamətində uğurlu nəticələr əldə edib.

Universitet üçün yeni korpusların tikintisi, tələbə yataqxanalarının istifadəyə verilməsi, universitetin təcrübə-sınaq bazasının yenilənməsi, müasir kitabxana sisteminin formalaşdırılması, laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və özəl sektorun sifarişləri hesabına bu laboratoriyaların əlavə vəsaitlər qazanmaq imkanlarının yaradılması, ikili diplom proqramlarına qoşulması, beynəlxalq elmi mübadilə layihələrində iştirak, universitetdə gənc müəllimlərin işlə təmin olunması ilə kadr bazasının yenilənməsi və prosesin davamlı olması, tələbələrin biliyinin stimullaşdırılması, məzunların elektron məlumat bankının hazırlanması, xüsusilə həm dövlət, həm də qeyri-dövlət qurumları ilə əməkdaşlığın nəticəsi olaraq məzunların işlə təmin olunması istiqamətində görülən işlər bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin ortaya qoyduğu nümunələrdir.

Son illər universitetdə bir sıra stimullaşdırıcı addımlar da atılıb. Belə ki, 400-600 arası bal toplayaraq ADAU-ya qəbul olanlara 150 manat, 600 baldan çox toplayanlara isə 250 manat, sessiyada bütün fənlərdən əla qiymət alanlara əlavə 100 manat, ingilis dilində tədris alan tələbələrə isə əlavə 70 manat təqaüd təsis olunub.

Son uğurlardan biri kimi Azərbaycan Dövlət Aqrar Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan akkreditasiya qiymətləndirilməsini uğurla başa vuraraq 5 il müddətinə akkreditasiya olunub.

Bu, ADAU-da həyata keçirilən davamlı inkişaf strategiyasının, keyfiyyət təminatı siyasətinin və beynəlxalq standartlara uyğun ali təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlərin nəticəsidir.

Beləliklə, ADAU hazırda ölkədə aqrar sektorun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərlə yanaşı bu sahədə savadlı kadrların yetişdirildiyi məkana çevrilib.   


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az