
Vətəninfo.az xəbər verir ki,məlumatlı mənbədən "AzPolitika.info"-ya səti olaraq "kredit işi" adlanan cinayət işi ilə əlaqədar sensasion məlumatlar daxil olub.
Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, Beynəlxalq Bankdan kredit
adı ilə götürülüb mənimsənilən və ya qaytarılması qeyri-real olan
vəsaitlərlə bağlı cinayət işinin istintaqı artıq 3 aydır ki, davam edir.
Bu proses Prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə göstərişindən sonra başlayıb.
Nazir Ramil Usubovun birbaşa nəzarəti altında "Bandotdel”
tərəfindən aparılan bu işlə əlaqədar ilk günlərdən xeyli sayda insan
istintaqa cəlb olunub. "Bandotdel”ə çağırılıb dindirilən iş adamları və onların yaxınlarının sayının 100-lərlə olduğu bildirilir. Bu
işlə bağlı 5 mindən artıq şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda
həbs qətimkan tədbiri seçildiyi də verilən məlumatlar sırasında idi.
Borcunu ödəməyə hazır olanlar və qısa müddətdə (bir neçə gün ərzində)
ödəmək öhdəliyi götürənlərin sərbəst buraxıldığından hazırda onların
sayının 20-yə düşdüyü bildirilir. Ancaq bu heç də cinayət işinin
miqyasının kiçilməsi demək deyil.
Belə
ki, bu işlə bağlı verilən son məlumata görə,
"Bandotdel” Beynəlxalq Bankdan kredit alan hər kəsi tədqiqata cəlb edib.
Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən
çıxışına qadağa qoyulub.
Nə qədər qəribə olsa da, ölkədən çıxışına qadağa qoyulanlar arasında
Beynəlxalq Bankdan götürdüyü kreditləri vaxtında ödəməyən və ya aylıq
ödənişləri gecikdirənlərlə yanaşı, vaxtilə kredit alıb qaytaranların da
adları var. Məlumata görə, bu şəxslərin siyahısı "Bandotdel”ə Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib.
Əksəriyyəti Beynəlxalq Bankdan istehlak krediti götürən bu şəxslərin bir
çoxunun "Bandotdel”ə çağrıldığı, krediti nə üçün, hansı yolla
götürdüyünə dair sorğu-sual edildiyi də verilən məlumatlar sırasındadır.
Mənbəmiz bunun nə məqsədlə həyata keçirildiyinə dair dəqiq bilgiyə malik
olmasa da, siyahıda adı olanların böyük hissəsinin Beynəlxalq Bankdan
kredit adı ilə götürülərək mənimsənilən kreditlərlə heç bir bağlılığının
olmadığını bildirir.
Bankın "yoxa çıxan” milyardlarının isə təxminən 25-30 nəfərdə olduğu bildirilir.
Belədə həqiqətən Beynəlxalq Bankdan istehlak krediti götürmüş, hətta
nə vaxtsa götürdüyü kreditləri qaytaran vətəndaşların istintaqa cəlb
olunmasına, ölkədən çıxışına qadağa qoyulmasına məntiqi izah tapmaq
çətindir. Nəzərə alsaq ki, bu insanların içərisində xaricə
işgüzar səfər edənlər, müalicə üçün gedənlər də var, bu "STOP” qərarının
həm də vətəndaşların hüququnu da kobud şəkildə pozduğunu söyləyə
bilərik.
Hansı ki, buna görə, "Bandotdel”dən daha çox müştərilərinin siyahısını
sanki cinayət törətmiş şəxslər kimi bu quruma təqdim edən Beynəlxalq
Bankın rəhbərliyi daşıyır.
Bunun dəqiq izahını vermək çətin olsa da, ehtimal etmək olar ki, Beynəlxalq Bankdan 100 milyonları götürüb xərcləyənlərin böyük himayədarları olduğundan, onlara nə bank rəhbərliyini, nə də hüquq-mühafizə orqanlarının gücü çatır. Milyardların kiçik bir qrup tərəfindən YEYİLDİYİNİ GİZLƏTMƏK üçün isə CİNAYƏT İŞİNƏ cəlb olunanların sayını artırlar.
Yeri
gəlmişkən qeyd edək ki, ilkin məlumatlarda Beynəlxalq Bankdan verilən
və geri qaytarılmayan kreditlərin həcminin 6-7 milyard manat olduğu
bildirilsə də, bunun izahı verilməyib. Məsələ ondadır ki, Beynəlxalq
Bankın ötən ilə dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1
milyard 100 milyon manat olub. Onun 749.2 milyon manatı vaxtı keçmiş,
lakin dəyərsizləşməmiş, 377.7 milyon manatı isə dəyərsizləşmiş kreditlər
sayılır.
Böyük ehtimalla, bu zaman Beynəlxalq Bankdan alınan, hələ vaxtı
keçməyən, ancaq şübhəli layihələrə yatırıldığı üçün qaytarılması
perspektivi görünməyən vəsait nəzərdə tutulur.
Belə ki, 2014-cü ilin hesabatına görə, Beynəlxalq Bankın ümumi
kredit portfeli 8 milyard manatdan çox təşkil edir. Onun 7 milyarddan
çoxu korporativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da
ümumi portfelin 90 faizindən çoxdur. Yəni bu pullar iri iş
adamlarına, dövlət qurumlarına, oliqarxlara verilib. Onlar isə bu
pulları adətən sonradan ləğv etdikləri şirkətləri vasitəsilə şübhəli
layihələrə yatırıb ortadan çıxarırlar. Sonradan bank pulunu istəyəndə
də, nə ortada bir şirkət tapılr, nə də müsadirə etməyə əmlak.
Təsdüfi deyil ki, Beynəlxalq
Bankın ötənilki hesabatına görə, qaytarılma vaxtı keçmiş 1,1 milyard
kreditin demək olar ki, hamısı iş adamlarına məxsusdur. Belə ki,
dəyərsizləşmiş kreditlərin 356 milyon manatını (bu istiqamətdə olan
borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon
manatını korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan
aydın olur ki, Beynəlxalq Bankdan kredit götürən iş adamlarının heç biri
borcunu geri ödəməyib və belə fikri də olmayıb.

Bu cür hallarla bağlı məlumatlar zaman-zaman mətbuatda da işıqlandırılıb. Məsələn, hələ 4 il əvvəl mətbuatda Xəqani Bəşirov adlı iş adamının Beynəlxalq
Bankdan müxtəlif şirkətlər vasitəsilə 185 milyon manat kredit götürdüyü
və qaytarmadığına dair araşdırma dərc olunmuşdu. Hansı ki, Xəqani
Bəşirovun Cahangir Hacıyevlə yaxın dost olduqları məlumdur.
Başqa bir fakt: hələ bir neçə il əvvəl «K 800» traktoru sürmüş Füzuli Dünyamalıyev adlı şəxsin adına təsis edilən "Qafqaz
Holdinq”in Beynəlxalq Bankdan zəmanətsiz 10 milyonlarla dollar kredit
götürdüyü, sonradan isə holdinqin "iflas etdiyi”, milyonların ortadan
çıxarıldığı məlum olmuşdu. Onun baş nazir Artur Rəsizadənin himayəsi
altında olduğu da bilinmişdi.
Və yaxud iki il öncə «Anonious» haker qrupu «Azərenerji» ASC ilə bağlı sənədləri açıqlayarkən maraqlı faktlar ortaya çıxmışdı. Məlum
olmuşdu ki, Beynəlxalq Bankdan «Azərenerji» 140 milyon manat, «Şəki
RET» MMC isə ə 36.02 milyon manat kredit götürüb qaytarmayıb. İş
məhkəməyə getsə də, nəticə olmayıb.
"Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Beynəlxalq Bankdan
götürdüyü 100 milyon manatdan artıq krediti qaytarmadığı üçün məhkəməyə
verilməsi haqda məlumatı isə ötən il "Azpolitika.info” yaymışdı.
Belə
faktların sayını artırmaq da olar. Hansı ki, bunun nəticəsində
Beynəlxalq Bank həm vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük
problem yaşayan, həm də maliyyə çətinliyi ilə qarşılaşan banka çevrilib…
Göründüyü kimi, Beynəlxalq Bankda belə bir vəziyyətin yaranmasında
Cahangir Hacıyevlə yanaşı, müxtəlif sahələrin rəhbərlərinin, ayrı-ayrı
oliqarxların da ciddi rolu olub. Sözsüz ki, C.Hacıyev Hacı
İbrahim, Nizami Piriyev kimi iş adamlarına 10 və ya 100 milyonlarla
krediti onları himayə edən, arxasında dayanan yüksək vəzifəlilərin
xahişi, zəmanət ilə verib. Bəzi yerli və xarici iş adamlarına,
oliqarxların sonradan ləğv olunan şirkətlərinə külli miqdarda pul
verilməsinə də C. Hacıyevin təkbaşına qərar vermədiyi şübhə doğurmur.
İşin "Bandotdel”də məxfi aparılmasının və konkret bir nəticə əldə edilə
bilinməməsinin səbəbi də yəqin ki, budur.
Hər halda istintaqın 3 aydır davam etməsinə rəğmən, hələ də 100
milyonlarla vəsaiti girovsuz verənlərin və təyinatından yayındıranların
məsuliyyətə cəlb olunmaması (və ya bu barədə məlumatın yayılmaması) işin
arxasında oliqarxların, ciddi dairələrin dayandığı ehtimalını artırır.
Mümkündür ki, prezidentin bank sektorundakı maxinasiyalara son
qoyulması və özəlləşdirmədən öncə Beynəlxalq Bankdakı vəziyyəti
tənzimləmək barədə göstərişini yerinə yetirən dairələr oliqarxların,
yüksək vəzifəli şəxslərin müqaviməti ilə üzləşiblər. Bu üzdən də bankdan
götürülüb qaytarılmayan və təyinatından yayındırılaraq mənimsənilən
milyardların məsuliyyətini daha geniş çevrə ilə bölüşmək istəyirlər.
Bacaracaqlarmı, zaman göstərəcək!