Redaksiyamıza yeni daxil olmuş məlumatlarda yerli fermerlərin
"Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktoru Həsənağa
Hüseynovun fəaliyyətindən doğan ciddi narazılıqları öz əksini tapmışdır.
Məlum olduğu kimi Qobustan rayonunda əkinçilik ənənəvi sahələrdən
biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə
ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal
olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir. Rayonun kifayət
qədər isti iqlim şəraiti burada ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul
olmaq imkanlarını müəyyən qədər məhdudlaşdırır və çətinləşdirir. Digər
tərəfdən isə, bu sahədə çalışan vətəndaşlara maksimum köməklik
göstərməli olan "Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin
yarıtmaz fəaliyyəti mövcud problemləri bir qədər də dərinləşdirir.
Məlumdur ki, "Aqrolizinq” ASC-nin çoxşaxəli funksiyalarına alınmış
texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə
verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı həm də kənd
təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını
möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd
təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral
gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə,
tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla
təmin etmək aiddir. Təbii ki, bütün bu vəzifələrin effektiv şəkildə
həyata keçirilməsi üçün ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi də
mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə,
Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir
regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik
bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis
filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır.
Təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin Qobustan regional
nümayəndəliyinin yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən
qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Redaksiyamıza daxil olan
məlumatlarda nümayəndəliyin rəhbərliyi səriştəsizlikdə, işə
məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin
kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur.
Bildirilir ki, Həsənağa Hüseynov texnikanın fermerlərə lizingə verilməsi
və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq
vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır.Qeyd olunur
ki, nümayəndəliyin rəhbərliyi tərəfindən taxıl biçən kombaynlar sadə
kənd sakinlərinin adlarına sənədləşdirilərək onlardan alınan yüksək
kirayə haqqı 50% faiz azaldılır. Bundan sonra isə həmin texnikalar ya
rayonda məmurların təsərrüfatlarına, ya da qonşu rayonlara yollanılır və
Həsənağa Hüseynov hər bir texnikaya görə gündəlik təyin etdiyi haqqı
alaraq mənimsəyir. Həmçinin məlumatlarda bildirilir ki, nümayəndəliyin
fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən
biri də gübrə, pestisidlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə
preparatları ilə təchizat xüsusundadır. Qeyd edək ki, Həsənağa müəllimin
doğma qardaşı, Hüseynağa Hüseynov Qobustan RİH-də sektor müdiri-baş
mühasib vəzifəsində çalışır. Təqdim olunan açıqlamalarda diqqəti cəlb
edən daha bir məqam isə budur ki, mənbələr "Aqrolizinq” ASC Qobustan
regional nümayəndəliyinin direktorunun həyata keçirdiyi bütün
maxinasiyalarda onun ən yaxın köməkçisinin də məhz Hüseynağa Hüseynovun
olduğunu iddia edirlər...