Bayağı verilişlərin "qara siyahı"sı hazırlanır
"Televiziya və radio yayımı haqqında” Qanunda edilmiş son dəyişiklikdən
sonra Milli Televiziya və Radio Şurasına qanun pozuntularına yol verən
verilişləri dayandırmaq səlahiyyəti verilib. Özəl televiziya
kanallarında yayımlanan şou xarakterli verilişlər haqqında dosyelərin
hazırlanması da məhz bundan irəli gəlir. Tutaq ki, sabah hansısa
verilişi dayandırmaq məsələsi ortaya çıxanda həmin dosye əlimizin
altında olacaq”.
Vətəninfo.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının
(MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül
Dadaşov deyib. O bildirib ki, dosyedə verilişlərin ümumi məzmunu və
məqsədi geniş şəkildə əksini tapacaq: "Ümumiyyətlə, verilişdə hansı
məsələlər müzakirə olunur, veriliş tok-şoudur, ya əyləncəlidir, yaxud
maarifləndiricidir, yəni bu kimi məsələlər dosyedə göstəriləcək. Bir də
verilişdə əvvəl və indi yol verilən qanun pozuntuları da dosyedə əks
olunacaq ki, verilişlə bağlı ümumi mənzərə yaransın. Məsələn, bu gün
verilişdə qanun pozuntusu baş verir. Amma əvvəl verilişdə belə bir hal
aşkarlanmayıb. Yaxud da əksinə. Bu kimi təsadüfi hallar dosyedə nəzərə
alınacaq. Digər bir verilişdə qanunvericiliyin pozulması, milli-mənəvi
dəyərlərə hörmətsizlik halları mütəmadi olaraq təkrarlanır”.
Şöbə
müdirinin sözlərinə görə, dosyeləri hazırlanacaq verilişlərin siyahısı
konkretləşməyib: "Bütün verilişlər haqda hazırlanacaq dosyelərə eyni
yanaşma tətbiq olunacaq. Başqa cür anlaşılmasın, bu, bizim işimizin
mahiyyətidir. Biz bütün verilişlərlə bağlı məlumatlı olmalıyıq.
Monitorinq şöbəsində hər bir monitorinqçinin cavabdeh olduğu kanal var.
Dosyelərin əsasında rəhbərliyə arayış təqdim edəcəyik ki, məsələn, filan
verilişdə müsbət məqamlar, filan verilişdə isə mənfi məqamlar üstünlük
təşkil edir. Buna tam "qara siyahı” da demək olmaz. Çünki müsbət
məqamlar da dosyedə qeyd olunacaq. Amma təbii ki, neqativ aspektdən
fərqlənən verilişlərin dosyelər əsasında ayrıca "qara siyahısı” olacaq”.
T.
Dadaşov qeyd edib ki, indidən dosyeləri hazırlanacaq verilişlərin
adlarını açıqlamaq tezdir: "Lakin ictimaiyyət mütəmadi qanun
pozuntularının baş verdiyi verilişlərin adını yaxşı bilir. Həm də əksər
verilişlər tətildədir. Bəlkə də haqqında dosye hazırlanacaq verilişlərin
bir neçəsi proqramdan çıxarılacaq. Yeni verilişlər də yayımlana bilər
ki, onlar haqda da dosye hazırlansın. Yeni verilişlərdə də nöqsanlar ola
bilər. Növbəti mövsümdə, sentyabrda dosyelər daha təkmil şəkildə
hazırlanacaq”.
Qeyd edək ki, bir müddət əvvəl MTRŞ sədri
Nuşirəvan Məhərrəmli bildirib ki, özəl televiziya kanallarında
yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye
hazırlanacaq və o dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda
arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı
təqdirdə, bu məsələyə Şura tərəfindən baxılacaq.