Bərdədə QURUDULAN şəhid adına bulaqlar- Əhdimizə niyə xilaf çıxırıq?

Bərdədə QURUDULAN şəhid adına bulaqlar- Əhdimizə niyə xilaf çıxırıq?

Əvvəlcə şəhidlərin adını əbədiləşdiririk, sonra isə əhdimizə xilaf çıxırıq

Bərdənin Mirzəxan kəndində şəhidin adına həm bağça var, həm də bulaq. Ancaq ikisi də göz dağına çevrilib.

Bərdənin Mirzəxan kəndində 2014-cü ildə içməli su layihəsi icra olunub. İcma əsaslı fəaliyyət əsasında kənd sakinlərindən müəyyən qədər məbləğdə pul da yığılıb. Kimin gücü nəyə yetirsə, kimi 10 manat, kimi 20 manat layihəyə dəstək olub. Kənd sakinlərinin dediyinə görə layihə hansısa şirkət tərəfindən icra olunub. Gözəl , savab əməl yerinə yetirilərkən kəndin müxtəlif yerlərində 4 bulaq inşa olunub ki, biri də şəhid xatirəsinə ehtiram olaraq ehsan bulağı adlandırılıb.Üzərində qara mərmərdən hazırlanmış şəkilli lövhədə vurulub. Vətənpərvərliyin təbliği baxımından gözəl addımdır. Eyni zamanda belə bir addım şəhidin anası, ailəsi üçün  həm də bir təsəllidir. Ancaq vətənpərvərliyin bariz nümunəsi şəhidin bulağına gələn suyun quruması, icra hakimiyyətinin, bələdiyyənin seyrçi olması istər kənd sakinləri üçün vətənə verilən canın belə urvatsız olması , dəyər verilməməsi onların da vətən üçün can verməyə dəyərmi?- sualı ilə düşünməyə vadar edir. Şəhidin anasıdakı suyu qurumuş bulağı görəndə yarası yenidən qanamış olur.Bu şəkilli lövhənin əks olunduğu bulağa baxdıqca yanıb, yanıb, yaxılır.

 "Oğlum 1992-ci ildə Ağdərənin Drombon kəndində şəhid olub. Bulağa oğlumun şəkilinin vurulmasını təklif eliyəndə fikirimdən xeyli düşüncələr keçdi. Oğlumun son nəfəsində susuz dünyadan köçdüyü ağlıma gəldi. Burdan su içən, su götürən, desin ki, Allah sənə rəhmət eləsin! Mənim təsəllim ancaq bu ola bilərdi. Vətən sağ olsun, bayrağımız uca olsun!Oğlumun adı bulağa veriləndən sonra vur-tut bircə il suyu gəlib. Ondan bəri bulağın suyu kəsilib. İndi bulağı belə görəndə üzülürəm.Hansı hisslər keçirirəm, onu bir Allah bilir. Dəfələrlə icra hakimiyyətində olmuşam.Yerli hökumətimizə müraciət eləmişəm. Ya gəlin bulağa su verin, ya da  şəkili ordan çıxarın, verin özümə, mən də bu rəzaləti görüb, yaşadığım əzablardan heç olmasa azad olum. Çox demişəm, şəkili çıxarın! Ancaq mənim, bir şəhid anasının sözünü  eşidən yoxdur.”- deyə şəhid Müşfiqin anası Səltənət  Musayev deyib.

Mirzəxanlılar dörd bulaqdan heç birində su olmadığını bildiriblər. Kənd sakini Əhməd Yusifov bildirib ki, onlara gələn suyu bir neçə nəfər həmkindliləri həyətlərinə aparıblar.” Ekanla, İsrayıl deyirlər ki, artezian bizimdir. Ordan Sizə su vermirik. Hansı ki, yüz ilə yaxındır ki, artezian vurulub. Yerdən özü qaynayır. Bu adamlar kəndə gələn suyun qabağını kəsib evlərinə çəkiblər. Onlar rahatca sudan istifadə etdikləri halda, bizim qadınlar kəndin bu başından o başına kilometrlə yol gedib su gətirməli olurlar.”
Kənd sakini Azər Yusifov bildirib ki, kənddə içməli su layihəsi 2014-cü ildə bir şirkət tərəfindən çəkilib. Hamılıqla kənddə yaşayanlar da bu layihəyə maddi dəstəkdə göstəriblər. Ancaq ki, bulaq çəkiləndən bir müddət sonra suları quruyub.

Şəhid Müşfiqin qardaşı Bəhruz Musayev bulaqların qurumasından danışaraq əlaqədar təşkilatları günahlandırıb: "Su çəkiləndə bizdən 10 manatdan pul yığılıb. Hamının bu layihənin başa gətirilməsində haqqı var. Ancaq təəssüflər olsun ki, su çəkiləndən az sonra icmanın istifadəsi üçün nəzərdə tutulmuş bulaq qurudu. Buna da səbəb bəzi adamların, suyun mənbəyinə yaxın olanların müdaxilələridir.Onlar arteziana daha aşağı səviyyədən olmaqla borular qoşublar ki, bu da suyun ancaq onlara axmasına səbəb olur. Nəticədə şəhid bulağına su gəlmir. Vətən uğrunda canından keçənin xatirəsinə hörmət qoyulmursa, buna hansı adı vermək olar.? Şəhidimizin adına kitab da var, müdafiə nazirliyi də bu əsgər haqqında məlumatlıdır. Ancaq bir bulağın timsalında şəhidimizə göstərilən münasibət  budur. Şəhid bulağının dörd yanında güllər əkilib, becərilməli olduğu halda, ətrafı bərbad , özünədə ki, su gəlmir. "

Mirzəxanlılarla söhbət zamanı məlum olub ki, onlar suyun elektrik motorları vasitəsilə yüksək səviyyəyə qaldırılmış çəndən istifadənin əleyhinədirlər. Çünki, elektrik xərclərini camaatda toplamaq olmur.Bunun üçün də onlar çənin aşağı endirilməsini, öz axımı ilə işləyən artezianın suyunu həmin çəndə toplayıb, kəndə vurulmasını artıq suyun digər sakinlərin həyətlərinə aparılmasını təklif edirlər.

Mirzəxandakı artezianının gürünən halı həqiqətəndə kənd sakinlərinin dediyi kimidir. Arteziana qoşulmuş çoxsaylı borular suyun kənd bulaqlarına çatdırılmasına mane olur. Kənd sakinlərinin fikrincə  kənddəki 4 bulaqdan üçü işləməsə də olar. Heç olmazsa şəhidin bulağına su verilsin.

Kənd sakinlərinin bulaq probleminə görə Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin sədri Əziz Şəmilovla əlaqə saxlamaq istəsək də cavabı konkret oldu. – "Əşi, məni narahat etməyin”.
Əvəzində Mirzəxan kənd icra nümayəndəsinin mavini Zamin  Abdullayev  məsələyə aydınlıq gətirib. Bildirib ki, kənd sakinləri, xüsusilə də şəhid Müşfiqin ailəsi haqlıdı.” Problemin yaranmasına səbəb kənd sakinlərinin elektrik enerjisinin haqqını ödəyə bilməmələri olub. Kənddəki bulaqların qoyulması AZKİL şirkəti tərəfindən icra olunub. Onlar işi kənd bələdiyyəsinə təhvil veriblər. Ondan sonrakı məsuliyyəti kənd bələdiyyəsi daşıyır. Bizim yerli icra nümayəndəliyinin rəhbəri Vəli müəllim kənd icma rəhbəri Nuraya xanımla, kənd bələdiyyəsinin sədri Əziz Şəmilovla danışıb. Tezliklə yuxarı qoyulan çən aşağı yendiriləcək, arteziana qoşulan xətlər doğranacaq. Lazım olan tədbirlər görüləcək ki, kənd bulaqlarına su getsin. Xüsusilədə şəhid Müşfiq Musayevin xatirəsinə qoyulmuş bulağın suyu bərpa olunacaq. "

Onu da bildirək ki, Şəhid Müşfiq Musayevin adının əbədiləşdirilməsi məqsədilə Mirzəxan kənd uşaq bağçasına vətən fədaisinin şərəfinə adlandırılıb. Baxımsız , bərbad olması Şəhidin anasını,ailəsini təsirləndirir. Onlar bağçada əvvəllər şəhidin adını göstərən lövhənin olduğunu deyirlər. İndi isə o, lövhədən əsər əlamət belə yoxdur. Geniş əraziyə malik bağça binasında abad bir otaq belə gözə dəymir. Belədirsə, burada qulluq göstərilən uşaqlar harada oturur, qidalanır,yatır ,görəsən. Hər tərəf dağılmış, insan nəfəsindən yadırğamışdır, sanki. Binanın fasadı boyunca heyvan peyinindən görünür ki, binanın həyətindən mal-qara üçün istifadə olunur. Belə fikir yarana bilərdi ki, bəlkə də bağça fəaliyyətin dayandırıb. Kənd İcra Hakimiyyətindən soruşanda isə bəlli oldu ki, bağça işlək müəssisədir.

Şəhid ailəsini də məhz bu amil incidir. Şəhid Müşfiq Musayevin adını daşıyan bağça  belə olmalı deyil. Bu bağçadan kimlərsə öz mənfəətləri üçün istifadə etməməlidir. Yalançı adlarla uşaq siyahıları tutulmamalı, işləməyə-işləməyə hökumətin pulunu mənimsəməlidirlər. Ya bağça abadlaşdırılmalı, kəndin uşaqlarına xidmət etməli, müəllimləri işə gəlib-getməli,ya da şəhidin adı buradan götürülməlidir. 

Ümid edək ki, şəhidin adını daşıyan bulaq,həm də bağça haqqında əlaqədar təşkilatlar lazım olan tədbirləri görəcəklər.Ən azından şəhidlərin ruhuna hörmət bəsləmək hər kəsin borcudur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az