İstanbulun Azərbaycanlı Fatehləri: bir cümlədə əzəmətli tarix yaşadan Mübariz Mənsimov və şəhidlərimiz!

İstanbulun Azərbaycanlı Fatehləri: bir cümlədə əzəmətli tarix yaşadan Mübariz Mənsimov və şəhidlərimiz!
    
I yazı 

İstanbula uçanda fb-də gözüm Ayxan Ayvazın bir yazısına sataşdı: soyuq başlıqlı xəbərlərdən yazırdı! Doğrusu, Ayxan o çəlimsiz canında özünün və xəbər yazılarındakı soyuq başlıqların acılarını gözəl anlatmışdı – imkan olmadı zəng edim özünə, təşəkkür edim, "ağrılarından, acılarından öpürəm” deyim! Burdan deyirəm Ayxan Ayvaza və elə Ayxan Ayvazın o faciəli və sarsıntılı düşüncələr üstündə sayrışan gözəl nəticələrinin təsiri altında yazıya nəzərdə tutduğumdan fərqli giriş yazıram:

Sadəcə, faktın fiksasiyasıdır bu bir cümlə: "Mübariz Mənsimov şəhid qardaşların adına gəmi buraxdı!” - bu qədər soyuq cümlə ilə yaşantıları, atılan addımları, görülən işləri, verilən dəyəri ifadə etmək... peşənin və sözün qəddarlığıdır, acımasızlığıdır!

Əslində...

Məni heç kim heç hara dəvət etməyib, etmir, etməyəcək də... ölkədə(və ölkədə)n kənarda keçirilən tədbirlərə - amma harda azərbaycanlı varsa, təbliğ etmək lazımdırsa, oralara özüm getdim indiyəcən... Kiyevə, Minskə, Moskvaya, Kazana, Yaroslavla, Sankt-Peterburqa: öz hesabıma – evdə arvadın nişan üzüyünü satıb təyyarəyə bilet aldım, dostların yanında girov qoydum, pul götürdüm, faizə borc aldım, getdim!!! Və... biləndə ki, mənə İstanbula o baş-bu baş bilet alınır, üç günlük səfərə dəvət olunuram, həddən artıq gözlənilməz oldu, şmardım, şaşırdım, kövrəldim!

İstanbula... şəhid qardaşlar – İman və Bəhram Məmmədzadələrin adına buraxılacaq tankerin dənizə buraxılma törəninə məni şəhidlərimizin atası Elman dayı Aqil Alışovun təklifiylə dəvət etmişdi!
İstanbul haqqında lap əvvəldən tarix kitablarından oxumaqla tanış olmuşam!

Sonra cavan rəhmətə getmiş Nigar İsmayılqızı Orxan Pamuk sevgisinin üstündən yazdığı yazı ilə mənə anladırdı İstanbulu!

Sonra... İradə Tuncayın "Sarı odaları”ndan bilgilənmişdim!

İstanbul bütün hallarda və bütün nüansları ilə mənə doğmaydı!

Ancaq təyyarə trapına qalxarkən... özüm özümə pıçıldayırdım: "sağ ol, İradə Tuncay, Sizin tanıtdığınız İstanbula İstanbulu anlayaraq getmək nə gözəl!” Yəni: kimsə, istənilən azərbaycanlı İstanbula gedirsə, mütləq İradə Tuncayın İstanbul haqqında düşüncələrini oxumalıdır! Ki... bilsin... hara gedir! Əks təqdirdə, İradə Tuncayın yazısını oxumadan İstanbula gedən Moskvaya, Təbrizə, Berlinə, Londona, Dubaya alverə, kefə, bazlığa, bazarlığa gedən biriləri kimi getmiş olacaq!"

"Ah, İstanbul!” demədim, demədən getdim! "Jurnalist heyrətlənməməlidir, heyrətləndirməlidir” prinsipi jurnalistikanın əsas prinsipi və jurnalistin kredosu olmalıdır: belə öyrədiblər!

Mən İstanbula heyran deyildim: nə fiziki-siyasi coğrafiyasına, nə hərbi-siyasi tarixinə, nə də Allahın və zamanın üstündə işlədiyi nəqqaşlığa görə!

Mən İstanbulu fəth edənlərə səcdə edirdim! Əzəmətə qalsa, dünya əzəmətli yurdlarla doludur, amma onun nə qədərində türk izi varsa, mən o fatehlərə səcdə edirəm!

Dünyada xüsusilə iki meqapolis fəthini diktə edir: Moskva və İstanbul!

Moskvanı nə fransızlar, nə almanlar fəth edə bilmədi - ümid var ki... ukrainlər və Ukrayna bu şəhərin sehrini-tilsimini heçə-puça çıxaracaqlar!


Amma... İstanbulu fəth edən Türkün əlindən rus da İstanbulu ala bilməyib!

Amma bir orası da var ki... alınmazlığa yüksəlmiş bu şəhərlərdə fatehlər də olub: Kərim Kərimov, Çingiz Hüseynov, Heydər Əliyev və b.

İstanbulda zirvəyə ucalanları isə... axtarmaq, tapmaq və tanıtmaq lazımdır! 

Belə... məkan və mühit fərqli və miqyaslı düşündürür, arada orbitdən çıxmaq lazımdır!

Mən orbitdən çıxdığımda düşünürdüm:

Kimə minnətdar olaq: Mübariz Mənsimova, yoxsa, adına tanker verilən şəhid qardaşlar İmana və Bəhrama, yoxsa onların valideynləri Elman dayıyla Hicran anaya, bəlkə bizə Zəfər Günü yaşadan Prezident İlham 
Əliyevə?

Fərdiləşdirmək heç cür alınmırdı: biri digərini tamamlayırdı!

İstanbulda belə zəncirvari möhtəşəmlik yaratmaq, yaşatmaq sıradan bir olay deyil...

Ardıcıllıqla... və boy sırasıyla başlayaq:

İstanbulun Yalova körfəzindən dənizə buraxılacaq "İman, Bəhram Məmmədzadə” tankerinin təsisinin məndə, ilk olaraq, yaratdığı assosiasiya buydu:

1453-cü ildən bu yana İstanbul fatehlərindən kimi tanıyırıq, Sultan Mehmetdən başqa?

Heç kimi!

TARİXƏ EKSKURS:

Bir gün Ağ Şəmsəddinin yanına balaca Mehmeti gətirirlər ki, bunu şəyirdliyə götür, irfana ucalt təliminlə! Ağ Şəmsəddin mədəni şəkildə rədd edir! Deyir "ondan mənə şəyird çıxmaz”!

Ağ Şəmsəddin deyəndən sonra, kimin ağzı nədir ki, sözü üç edə. Bəli, zaman dəyişir, məqam gəlir, Sultan Mehmet Konsrtantinopolu fəth edri!

Bu dəm Ağ Şəmsəddinin "ondan mənə şəyird çıxmaz” aşağılaması yada düşür, başlayırlar Sultan Mehmeti tırkalamağa. Əlbəttə ki, Sultan Mehmetin də "boz kardinal”ı olub, çağırırlar Ağ Şəmsəddini aşağlamağa, cəzalandırmağa. Ağ Şəmsəddin qısa və net cavab verir:

 - Ay mən deyənlər, sizin qarşınızda bu gün fateh kimi duran Sultan Mehmetin İstanbul fatehi olacağını mən onun 10 yaşından görürdüm! Siz isə hələ də anlamamısınız ki, mən onu özümə şəyird götürsəydim, o uzaqbaşı mənim üçün dəstəmaza aftafa tutan şəyird olardı, bəs onda İstanbulu kim fəth edərdi?

Bəli, İstanbulun fəthi çox şey deməkdir, bizim üçün həm də o deməkdir ki, uşaqlarımızdan öz istəyimizlə prokuror, hakim, polis rəisi qayırmaq təpkimizdən özümüzü xilas edək, əgər görə bilmiriksə ki... Xankəndinin, Xocalının, Xocavəndin fatehidir! Necə ki, İlham Əliyevin Şuşa fatehi olduğunu görmürdük!

Hə-ə, İstanbul hava limanında düşündüyüm ilk buydu: 1453-cü ildə İstanbulu türkün qalasına çevirənlərin başçısı... Sultan Mehmetin adına o boyda İstanbulda (əhalisi artıq 20 milyondan o yanadır) bir ədəd körpü veriblər: "bildiniz də nə deyirəm?"

Ərazisi iki qitəyə bölünən, iki boğazla iki dənizi birləşdirən, üç körpüylə gediş-gəliş yapılan İstanbulda... iki qardaş şəhidimizin adına tanker buraxılmağın əzəmətini, möhtəşəmliyini yaşadan Mübariz Mənsimovu görməyə hələ daha bir gün qalırdı!

Bizi isə... Ortaköyə gəlmişdik – aeroportdan 45 km. məsafədə. Və düüüzzz gəlib düşmüşdük "Köprü ayağı” dayanacağına: cəmi yüz metr aşağıda Boğaziçi-Bosfor-İstanbul boğazıydı. Üstündə də Asiyanı Avropayla birləşdirən ikinci körpü! Sabah ikinci körpüdən keçib üçüncü körpüdən qayıdacaqdıq odamıza törəndən sonra: indi isə mən yuxusuzluqdan ölürdüm və artıq Aqillə dalaşırdım (etiraf edirəm: əsəblərim o qədər də yerində deyil və Aqil 22 ildir mənimlə suda-gəmidə, quruda-qatarda, havada-təyyarədə Moskvada, Bakıda, Lənkəranda, Lerikdə, İstanbulda həmişə qənirsiz yoldaşlıq edib, dözüb e, dözüb): "Aqil, mən yatmaq istəyirəm, tez bir tikə çörək yeyək, yatım!” Çünki... İstanbula uçmaq məni varımdan yox etmişdi: düz 12 saat qabaqdan yatmamışdım, yeməmişdim, təyyarədə "meyit” olmuşdum, qeydiyyat nou-hauları məni əldən salmışdı!

Oyananda bir daha düşüncələrimin öz ali statusundan yenmədiyinə əmin oldum - bax, bu gün açılış törənində iştirak edəcəyimiz olay o deməkdir ki: biz 1453-cü il qəhrəmanlarını adbaad tanımırıq! Bu iki şəhid qardaş bu dənizlərdə, bu okeanlarda üzəcək, hamı onların şəhid olduğunu biləcək! Qara dəniz, Egey və Mərmərə dənizi, Atlantik və Sakit Okenaı TÜRK ŞƏHİDLƏRİNİN adına təzim edəcək, ruhlarına baş əyəcək, bundan... İstanbul fatehləri məmnun olacaq! Mənim nəzərimdə, İman və Bəhram Məmmədzadələr İstanbulun şəhid mehmetciklərinin reinkarnasiyasıdır! Onlar bu dənizlərdə üzməyi haqq edir!
Onlar əvvəlki həyatlarında bu torpaqlar uğrunda vuruşub qalib gəliblər! Onlar bu dəfə də dünyaya ona görə gəliblər ki, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, Zəngilan uğrunda vuruşub qalib gəlsinlər və Azərbaycanı dünya okenanına çıxarsınlar, təmsil etsinlər!

Bunu anlayan, dərk edən, bunun təsdiqini Allaha, Zamana, Coğrafiyaya təqdim etmək isə yalnız və yalnız Mübariz Mənsimovun anlayacağı, anladacağı bir missiyadır!

Əvəzində, biz bir cümlə ilə deyirik: "Mübariz Mənsimov iki şəhid qardaşın adına gəmi buraxdı!” Amma daha ardını fikirləşmirik: ən iri tankerlərdən olan "İman Bəhram Məmmədzadə”nin maliyyə ekvivalenti 60 milyon dollardır (tankerin texniki göstəricilərini əlavə edərəm), bundan əlavə, limanlarda ermənilərin hakim olması səbəbindən, "bazar payı”nın itirilməsidir, yubadılmalar, ləngidilmələr, qıcıq olmalar, süni problem yaradılmalarıdır!

Fərqinə varmırıq!

İstanbul da, Moskva kimi, göz yaşlarına inanmır: gərək fəth edəsən!

İstanbulda daşımaçılıq yapmaq, tərsanə sahibi olmaq kifayət qədər güclü siyasi səbat və sədaqət, praqmatik iqitsadi təfəkkür, maliyyə və biznes avantajı, işgüzar imic və diplomatik səriştə tələb edir!
Hər bir punkt üzrə o qədər punktual olmalısan ki, dövlət rəhbərindən tutmuş "dənizlərin şahı”na qədər sənə göz ağartmasınlar, rəqabət mühitində heç kimin maraqları ilə inkişafın kəsişməsin, üstünə "qabağımdan keçdin” ittihamıyla gələ bilməsinlər!

Təsəvvür edin: Mübariz Mənsimov yoxdur İstanbulda və bu adda tanker də yoxdur!

Nə olur?

İki İstanbul şəhidinin ruhu intizarda qalır!

Mübariz Mənsimov Qara dənizdən okeana buraxdığı hər bir gəmiylə İstnabul fatehlərinin ruhunu şad etmiş olur: Əbülfəz Elçibəy, Heydər Əliyev, Məmməd Əmin Rəsulzadə və şəhidlərimizin hər birinin adıyla. Bu insanlar Türkiyə sevgisi yaşamış, yaşatmış insanlardır! Bu insanlar İstanbuldan dünyaya Türkyə tanıtmış insanlardır! 

Hətta Heydər Əliyevin, lap elə Mahmudovun adına olsun: elmin, siyasətin təmsilçiliyidir... Türkiyə, türk adına!

Səlcuq Baytaktarın bir fikrinə rast gəldim: "Dünənəcən türk gəncliyi fikirləşə bilərdi ki, biz dünyaya tekstillə, paxlava ilə, nə bilim, daha başqa nə ilə çıxa bilərik, amma ağlına gətirməzdi ki, nanotexnologiya uğurları ilə dünyanı heyran edəcək!”

Türkiyə İstanbulu fəth edəndə dənizlərdə şahlıq "məğlubedilməz armada” adı altında ingilisin, fransızın, ispanın monopoliyasında idi!

Bu gün... dünya okeanında bir "Palmali marine” var: türklüyün tərsanə təntənəsi bu!

Mən çox araşdıra bilmədim (amma zaman sərf etməyə dəyər və mən bunu edəcəm), faktiki dünənəcən türk mülki donanması heç bir ciddi listdə səslənmirdi, amma indi ... yüzlərlə gəmi türk və azəri türkü adı altında sirena verir!

Sadəcə, bir cümlə ilə, soyuq başlıqlarla ifadə edirik, amma bu əzəməti, bu möhtəşəmliyi duymaq, dadmaq, duydurmaq, dadırmaq istəmirik!

Təsəvvür edin, Mübariz Mənsimov açılış törənində danışır: "Bu şəhidlər Ukraynada qalıb da Azərbaycan torpaqları uğrunda vuruşmağa gəlməyə bilərdilər, amma hər ikisi – biri digərindən ilyarım böyükdür, təhsillərini yarımçıq qoydular, gəldilər, iki qardaş eyni gündə eyni vaxtda döyüş meydanında şəhid oldular!”

Hər ikisi gəmiçilik məktəbində oxuyub, hər ikisi gəmi kapitanı olmaq istəyib, hər ikisi Rusiya gəmiçilik məktəbindən ona görə çıxıb ki, erməni komandirə əl uzatmayıblar, hər ikisi hələ 44 günlük savaş başlamamışdan Mübariz Mənsimovun sosial seqmentdəki profillərinə yazıblar ki, biz oxuyub qurtaracağıq, sizin gəmilərdə çalışacağıq, daha çox da Bəhram...

Gəmiçi olmaq istəyən, Mübariz Mənsimovla fəxr edən qardaşlar vətən uğrunda vuruşmağa gələndə şəhid olacaqlarını və onların adına fəxr etdikləri Mübariz Mənsimov tərəfindən tanker veriləcəyini bilmirdilər! Onlar bilmirdilər ki, gəmilərində kapitan olmaq istədikləri Mübariz Mənsimov onlar şəhid olandan sonra onların adına gəmi verəcək, minlərlə dənizçi bu gəminin kapitanı olmağı arzulayacaq!

Hicran ana danışırdı... özümü saxlaya bilmədim, ixtisasını soruşdum: heç haranı oxumayıb, orta məktəb bitirən bu ananın vətənpərvərlik dolu çıxışı məni dəhşətə gətirdi: sıravi və sıradan olan bir Azərbaycan qadını ən böyük siyasətçidən və hərbçidən daha çox vətənpərvər dünyagörüşü sərgiləyrdi! Kim olsa, düşünərdi ki, bir oğlum evdə qalsın, amma uşaqlıqdan bir yerdə olan qardaşlar heç vaxt bir-birindən ayrılmayıblar, həmişə, siam əkizləri kimi, eyni məkanda, eyni düşüncədə, eyni amalda olublar! Elə eyni gündə, eyni məkanda, eyni döyüşdə şəhid olublar. Bunları tankerin açılış törənində eşitmək adamı bir an sonra yaşayacağı sevinclə bahəm, dənizlərin belə həzm etməyə aciz olacağı ağrılarla üz-üzə qoyur!

Neyləyəsən ki, qələbələr qurbanlarla müşayiət olunur və zəfərin təntənəsini faciələr üstündə qeyd edirik! Kim daha çox bu zəfərdə özünü fəda, qurban edib, kim daha çox və sərrast atəş açıb!

İki qitəni birləşdirən körpünün ətəyində İstanbulun gecə əzəmətini seyr edirəm: düşünürəm ki, biz bugünkü möhtəşəmliyə görə 1453-cü ildəki fatehlərə borcluyuq!

Düşünürəm ki, bu əzəməti yaşadığımıza, bu möhtəşəmliyi qoruyan və gələcəyə ötürən Mübariz Mənsimova, Elman və Hicran, İman və Bəhram Məmmədzadələrə borcluyuq!
Biz Məmməd Əmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə, Rəcəb Tayyib Ərdoğana borcluyuq. Əlbəttə ki, İlham Əliyevi unutmadan!

Soyuq başlıqların altında böyük sarsıntılar, faciələr, məğlubiyyətlər yatır! Amma o sarsıntıları, məğlubiyyətləri bizə içimizdən keçirməkdə Zəfər Günü təntənəsi yardımçı olur!
Bütün məğlubiyyətlər keçicidir!

Zəfər isə əbədi!

Sultan Mehmetdən Mübariz Mənsimovacan... fatehliyin şirinliyini dadızdıran hər kəsə sevgilər və səcdələrlə İstanbul hava limanına qayıdıram!
Bakı-İstanbul-Bakı!
 
Aydın Canıyev 
20-22 aprel 2022














İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az