Əhməd Əhmədov xəstəxanadan qaçıb? – Yayılan bu FOTO şok edir

Əhməd Əhmədov xəstəxanadan qaçıb? – Yayılan bu FOTO şok edir
Hazırda gündəmin əsas mövzusu Əhməd Əhmədov və bir neçə xəstənin Maştağadakı psixiatriya xəstəxanasından qaçması haqda iddialardır.

DİN Globalinfo.az-a bildirib ki, xəstələrin psixiatriya mərkəzindən qaçması haqda məlumat ƏSASSIZDIR!

Həmin xəstəxanada qohumu, yaxını işləyənlər də deyirlər ki, belə bir hadisə baş verməyib.

Buna rəğmən, iddiaların miqyası fantastik həddə çatır: guya xəstələr ordan qaçıb iki polisi öldürüblər, guya marketə basqın edib satıcıları yaralayıblar.

Boş yerə insanlar arasında panika yaşanır, valideynlər övladlarına görə narahat olmağa başlayıblar.

3 gündür sözügedən məlumat ortalıqda dolaşır, ancaq nə bıçaqlanmaya dair görüntü var, nə də polisin qətli xəbəri.

Halbuki bu küləklər şəhərində ən kiçik dava belə sürətlə tirajlanır, sosial şəbəkələrdə görüntülər yayılır.

Ola bilər ki, xəstəxananın daxilində hansısa kiçikçaplı insident olub: mümkündür, çünki orada müalicə alanların böyük qismi davranışlarının fərqində deyil, anlaqsızdır.

Burası aydın məsələ!
 

Narahatlıq doğuran məqam anlaqlıların etdiyi yanlışlardır.

Dünəndən etibarən bəzi paylaşımlarda Əhməd qəhrəmanlaşdırılır.

Sanki doğma qardaşını, bacısının azyaşlı övladını və digər ailə üzvlərini xüsusi amansızlıqla öldürən o deyildi.

Onun həbsdən qaçışını, guya polisləri öldürməsini, marketə basqın etməsini əks etdirən posterlər də hazırlanıb. Adam heyrət edir.

Sanki hansısa Hollivud və ya Marvel filminin qəhrəmanıdır.

WhatsApp Image 2026 05 03 at 02.24.09

Bu cür yanaşma xüsusilə yeniyetmələr arasında yanlış təsəvvürlərin formalaşmasına və təhlükəli davranış modellərinin təşviqinə səbəb ola bilər.

Ümumiyyətlə, cəmiyyətdə cinayətə haqq qazandırma ənənəsi formalaşmağa başlayır.

Həkimə qumbara atan şəxs qəhrəmanlaşdırılır. Hələ üstəlik deyirlər ki, bu hadisə başqa həkimlərə ibrət olsun.

Bu həmin həkimlərdir ki, cəmi 3-4 il əvvəl koronavirus xəstəsi doğmalarımızı, öz canımızı əmanət edib kömək diləyirdik.

Həmin həkimlərdir ki, karantin vaxtı neçəsi yorğun düşüb xəstəxana dəhlizlərində yatırdı, evinə belə gedə bilmirdi.

Şübhəsiz ki, xəstələrə laqeyd, ədalətsiz davranan həkimlərə də rast gəlinir. Lakin bu, ümumi mənzərəni əks etdirmir. Cəmiyyətimizdə öz peşəsinə məsuliyyətlə yanaşan, humanist dəyərləri rəhbər tutan, hətta zərurət yarandıqda xəstələri təmənnasız şəkildə müalicə edən vicdanlı və mərhəmətli həkimlər də var. Ona görə də hansısa neqativ hal bizim belə qanlı aktları dəstəkləməyimizə əsas yaratmır.

Hazırda oxşar yanaşma ilə çıxış edən, Əhmədə və guya onunla birlikdə müəssisədən qaçdığı iddia olunan digər şəxslərə haqq qazandırmağa çalışanlar da var.

Maraqlıdır, deyək ki, Əhməd və digər xəstələr ordan qaçsalar, bir yaxınınıza ağır xəsarət yetirsələr, yenə onların qaçışına haqq qazandıracaqsız?

Sual ritorikdir və məsələyə emosiyadan deyil, ədalət və məsuliyyət prizmasından yanaşmağın vacibliyini bir daha xatırladır.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az