Deputatdan reaksiya: "Gürcüstanda fermerlərin bazara çıxışı genişləndirilməlidir "
Xəbər verdiyimiz kimi, aprelin 29-da Marneuli bələdiyyəsinin Şulaveri kəndində kənd təsərrüfatı məhsullarının satışı zamanı yaranan çətinliklərlə bağlı fermerlər etiraz aksiyası keçiriblər.
Aksiya Marneuli–Sadaxlı avtomobil yolunda keçirilir. Etirazçılar Marneulinin Qırxılı, Arflı, Qullar və digər kəndlərindən olan sakinlərdir.
Aksiya iştirakçıları bildiriblər ki, qonşu ölkələrdən pomidor və xiyarın idxalı yerli məhsulların ucuzlaşmasına və satışın dayanmasına səbəb olur. Onlar xarici məhsullara tətbiq olunan rüsumların artırılmasını və yerli istehsala daha çox dəstək göstərilməsini tələb ediblər.
Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Razi Nurullayev qeyd edib ki, bu kimi hallarda əsas məsələni siyasiləşdirmək yox, problemin mahiyyətini düzgün anlamaq və praktik həll yolları üzərində düşünmək daha məqsədəuyğundur.
"Fermerlərin məhsullarını realizə etməkdə çətinlik çəkməsi bazar mexanizmləri, logistika, qiymət siyasəti və ya vasitəçi zəncirindəki problemlərlə bağlı ola bilər. Bu səbəbdən məsələ kompleks yanaşma tələb edir.
Hər bir dövlət öz vətəndaşlarının, o cümlədən kənd təsərrüfatı ilə məşğul olan insanların sosial-iqtisadi rifahının qorunmasında maraqlıdır. Bu baxımdan, Gürcüstan hökumətinin də fermerlərin səsləndirdiyi problemləri diqqətlə araşdırması, onların bazara çıxış imkanlarını genişləndirən və şəffaflığı artıran addımlar atması gözləniləndir.
Eyni zamanda, bu kimi məsələlər region ölkələri arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı anlayış mühitində həll olunduqda daha effektiv nəticə verir. Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri də belə həssas məsələlərin dialoq və konstruktiv yanaşma yolu ilə həllinə imkan yaradır.
Ümumilikdə, burada əsas məqsəd fermerlərin haqq səsinin eşidilməsi, onların əməyinin qorunması və bazar mühitinin daha ədalətli şəkildə formalaşdırılması olmalıdır. Bu istiqamətdə atılacaq hər bir addım həm sosial sabitliyə, həm də kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edər”.