“Barışığa xidmət edən addımlar atmırsınız” –Şeyxülislam Kilsələr Şurasının Baş katibinə müraciət etdi

“Barışığa xidmət edən addımlar atmırsınız” –Şeyxülislam Kilsələr Şurasının Baş katibinə müraciət etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın Baş katibinə məktub göndərib.

Məktubda Şura tərəfindən Azərbaycana münasibətdə regionda baş vermiş son hadisələrin ciddi şəkildə təhrif edildiyi qeyd olunub.

Məktubda belə yanaşmanın qəbuledilməz olduğu bildirilib.

"Təmaslarımız zamanı etiraf etmişdiniz ki, erməni kilsələri mütəmadi olaraq sizə təsir etməyə cəhd göstərir. Təəssüf ki, görünür bu cəhdlər öz "bəhrəsini” verməkdədir və ÜKŞ həqiqətə uyğun olmayan və sülh prosesini pozan qızışdırıcı təbliğatın aparılmasında və məsələyə süni şəkildə dini çalarlar gətirmək cəhdlərində alət kimi istifadə olunmaqdadır.

1993-cü ilin 8 fevral tarixində Montrödə ÜKŞ-nin vasitəçiliyi ilə görüşdə o vaxtkı bütün ermənilərin Katolikos-Patriarxı I Vazgen ilə imzaladığımız Birgə Kommünikedə bəyan etmişdik ki, "günahsız qanların tökülməsi ilə nəticələnən bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qiymətləndirən bəzi cəhdlərə baxmayaraq, bu, dini münaqişə deyil. Xristian ermənilər və müsəlman azərbaycanlılar bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşamalıdırlar.” Bu mövqeyimiz o zaman ÜKŞ tərəfindən birmənalı olaraq dəstəklənib.

Əfsuslar olsun ki, sizin ÜKŞ-yə rəhbərliyiniz dövründə təşkilatınız erməni kilsəsi ilə bizim aramızda barışığa xidmət edən addımlar atmır”.

Məktubda xatırladılıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i 30 ilə yaxın müddətdə işğal altında qalıb, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarından zorla didərgin düşüb:

"BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən 4 qətnamə qəbul edib və erməni silahlı birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edib.

2020-ci ildə Azərbaycan beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad edib. 2023-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bir sıra bölgələrində törədilən genişmiqyaslı silahlı təxribata cavab olaraq Azərbaycan, həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra öz suverenliyini tam bərpa edib.

Bununla əlaqədar, Azərbaycanın tarixi torpaqlarını erməni ərazisi kimi təqdim etmək beynəlxalq hüququn pozulması və tarixi reallıqlara məhəl qoymamaqdır. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci ilin oktyabrında Praqa görüşü nəticəsində verilmiş bəyanatda hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı vurğulayıb, Ermənistanın Baş naziri Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını rəsmən bildirib. Ötən ilin avqust ayında Vaşinqton Sammiti zamanı Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində birmənalı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur. Buna baxmayaraq, erməni kilsəsi hər zaman olduğu kimi, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktını qəbul etmir, erməniləri işğalçılıq siyasətinə, aqressiv separatizmə və revanşizmə çağırır, bu da, öz növbəsində iki ölkə arasında sülh prosesinə ciddi maneələr yaradır.

Bununla yanaşı, ÜKŞ bəyanatında guya erməni sakinlərin Qarabağdan zorla qovulduğu və onların hüquqlarının tapdalandığı barədə iddialar da tamamilə əsassızdır. Vurğulamaq istərdim ki, 2023-cü il anti-terror tədbirlərindən dərhal sonra BMT tərəfindən bölgəyə səfər etmiş missiyalar bu ərazidə dinc əhaliyə, mülki infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq ediblər. Erməni təbliğatının dezinformasiyalarına baxmayaraq, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq və ya zorakılıq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk ediblər.

Bəyanatda eyni zamanda, Azərbaycanın ərazilərində dini və mədəni irsə münasibətdə səsləndirilən iddialar da əsassızdır. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Ölkəmiz öz ərazisində yerləşən bütün dini abidələrin, məscidlərin, kilsələrin və sinaqoqların heç bir fərq qoyulmadan qorunmasını və bərpasını təmin edir. Eyni zamanda Şuşada yerləşən erməni Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Bununla yanaşı, işğal dövründə Azərbaycanın məscid və digər dini-mədəni abidələrinin sistemli şəkildə dağıdılması faktlarının beynəlxalq dini qurumlar tərəfindən diqqətə alınmaması da təəssüf doğurur”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az