Cavid Fərzəlidən yeni şeir: "Mənə bir ölüm doğmadır, bir də sən..."

Cavid Fərzəlidən yeni şeir:
Küçələrin ürəyindəki xoşbəxtliyə yox, 
azadlığa tərəf ayaq açır sənsiz hər günüm...
Üstünə döndüyüm pərdə buludlarda
sənsiz pəncərəm göz açmır səhərə. Sən tərəfimin günü qaradı, 
ağzı bıçaq kəsir sənsizliyin...
...Hər günün qapısı,
hər saatın ayağı 
sənsiz kor bir ocaqdı.

Görən, Allah bilirmi
yağış üzlü kişilər 
bədənindən ayrı düşür.
Hər qadınsız damın altı
dünya bir ev gecə düşür.

...Sağ qalan ağaclara tərəf yüyürmək 
canından qopursa,
qanadları qırılmış yarpaqlar müharibə payızıdı...      
Döndüyüm bütün yollar 
sənə qayıdmaqdır.

Kaş ki, dənizlə sahil arası olaydıq,
aramızdan su keçməzdi bizim.
Nə xoşbəxt idik sevda olanda biz.
..nə aramıza ayağı dəyməzdi payızın,
nə mövsüm dəyişməzdi ürəyimiz.

İndi sənsiz küçələrə yağışlar əl tutubdur,
həsrətin evimin içində ev tikibdir,
gözlərin kor olduğum hər anıma arxa durubdur,
susqun olduğum hər saniyəmlə dil tapıbdır.
Mən indi bilmişəm
yaman şirin olurmuş ayrılığın dili, 
Hamı ayağına düşürmüş öldüyü yolun.

Səni sevməksə 
eyni rəng adamların
çiçək yuxusu deyil, 
eyni sabahları oyanmaqdır...

Qoy, bir çiçək qopmasın ürəyin, baxışları solanım.
Gözlərin düşmən çəpəridir sənin,
yad güzgülərdə ölənim!

Küçələrin ürəyindəki xoşbəxtliyə yox, 
azadlığa tərəf ayaq açır sənsiz hər günüm...
Üstünə döndüyüm buludlarda
pəncərəm göz açmır səhərə.
Hələ də 
göz açan gecəyə sevirəm səni.
Mənə bir ölüm doğmadır 
bir də sən...

Cavid Fərzəli
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az