Paşa Talıblı: "Yarana vuruldum, könül"
Paşa Talıblı
*
...huş lazımdı saxlamağa bir başı!
...huşun varsa daha sənin nə dərdin?
...gözün varsa, gözün üstdə qapqara
qaşın varsa, daha sənin nə dərdin?
...minbaşını, yüzbaşını vurmağa,
qaş - gözünü, üz - başını vurmağa,
...hərdən - hərdən öz başını vurmağa
daşın varsa, daha sənin nə dərdin?
De, necəsən içindəki çöl ilən?
...yelnən gələn gedər elə yel ilən!
...dünya ilən, ölüm ilən, öl ilən
xoşun varsa, daha sənin nə dərdin?
*
...məni haramdan vurdular
oramdasan, könül yaram!
...könlümdəsən, könlüm sevən
yaramdasan, könül yaram!
...ox dəydi, sevər yerindən
yaralandı Bamsı Beyrək!
...yar alandı, könül yaram,
əynimdəki qanlı köynək.
"Könüldən - könülə yollar"...
...düş könüldən min könülə!
...yarana vuruldum, könül,
bir könüldən min könülə!
Miq.Az