Gəl, məndən istəmə bu ayrılığı...
Sevinc Muradxanlı
Bir quru baxışa göz etmə məni,
Nadanın dilinə söz etmə məni,
Sönən bir ocağa köz etmə məni,
Gəl, məndən istəmə bu ayrılığı.
Belə ucaltmısan, zirvədən salma,
Sevgindən pay verib, əlimdən alma,
Dünyanın dərdinə, qeydinə qalma,
Gəl, məndən istəmə bu ayrılığı.
Gözlərimi istə halallıq verim,
Kəs, apar başımı, qurbanlıq verim,
Sevgimdən pay umma ehsanlıq verim,
Gəl, məndən istəmə bu ayrılığı.
Allahdan ən əziz, şirin payımsan,
Sən mənim bəxtimsən, alın yazımsan,
Ömrümə nur saçan ulduz, ayımsan,
Gəl, məndən istəmə bu ayrılığı...
Arxanca sürünən izin olaram,
Yoluna dikilən gözün olaram,
Şəninə deyilən sözün olaram,
Gəl, məndən istəmə bu ayrılığı...
Miq.Az