MƏNƏVİ DƏYƏRLƏRİMİZİN YORULMAZ TƏDQİQATÇISI

MƏNƏVİ DƏYƏRLƏRİMİZİN YORULMAZ TƏDQİQATÇISI
Azərbaycanın dini-mədəni irsindən bəhs edilərkən keçmişdə yaşamış din alimləri və ruhani şəxsiyyətlər haqqında ən çox müraciət olunan araşdırma müəlliflərindən biri ilahiyyatçı-tədqiqatçı Samid Quliyevdir. Onun uzun illər ərzində apardığı elmi araşdırmalar sayəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərmiş çoxsaylı din xadimlərinin həyatı, elmi irsi və dini xidmətləri sistemli şəkildə öyrənilərək ictimaiyyətə təqdim edilmişdir.
Samid Quliyev müasir Azərbaycanda dini elmlə ictimai məsuliyyəti uzlaşdırmağa çalışan ilahiyyatçı, tədqiqatçı və xətiblərdən biridir. O, elmi fəaliyyəti, dini maarifçilik missiyası və publisistik çıxışları ilə tanınır. Onun yanaşmasına görə, minbər təkcə dini moizə üçün yox həm də mənəvi tərbiyənin, ictimai şüurun və sağlam dini düşüncənin formalaşdığı mühüm maarifçilik platformasıdır.
Samid Qənbər oğlu Quliyev 04 may 1984-cu ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuş, 2001-ci ildə Kərgəlan kənd tam orta məktəbini bitirmişdir. 2007-ci ildə həqiqi hərbi xidmət keçmişdir.
Onun elmi dünyagörüşünün formalaşmasında aldığı dini təhsil mühüm rol oynamışdır. İlk dini təhsilini Lənkəran şəhərində fəaliyyət göstərən Abbasiyyə mədrəsəsində almışdır. Bununla yanaşı bölgənin tanınmış din xadimləri Sərdar Axund, Hacı Səməd, Hacı Əliağa və Hacı Bəhluldan klassik İslam elmlərini mənimsəmişdir. Daha sonra Bakı İslam Universitetini bitirmiş, Qafqaz Müsəlmanları İdarəsinin göndərişi ilə Misir Ərəb Respublikasına ezam olunaraq İslam dünyasının ən nüfuzlu elm mərkəzlərindən biri olan Əl-Əzhər Universitetində dini təhsilini tamamlamışdır.  Burada Quran elmləri, hədis, fiqh, əqidə, xitabət və digər İslam elmləri üzrə biliklərini daha da dərinləşdirmişdir.
Samid Quliyevin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın dini-mədəni irsinin, xüsusilə respublikamızın cənub-şərq bölgəsinin dini-elmi mühitinin öyrənilməsidir. Onun araşdırmaları bölgənin tanınmış alimlərinin həyat və yaradıcılığının, dini məktəblərinin və elmi ənənələrinin tədqiqinə həsr olunmuşdur. Bu tədqiqatlar regional dini tarixşünaslığın inkişafına, milli dini yaddaşın qorunmasına və yeni elmi materialların elmi dövriyyəyə daxil edilməsinə mühüm töhfə verir.
Samid Quliyev "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları” (həmmüəllif Etibar Vəliyev, Bakı 2018), "Ruhumuzun qidalandığı məkan – Ləj” (həmmüəllif İlkin Yaqubov, Bakı 2019) adlanan iki kitabın, onlarla elmi və yüzlərlə elmi-dini məqalənin müəllifidir. Elmi və publisistik fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilmiş, "Qızıl Qələm" media mükafatına layiq görülmüşdür. Haqqında "Lənkəran: ensiklopedik məlumat" (II nəşr, Bakı 2017) kitabında məlumat verilmişdir. 

Hazırda Samid Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun doktorantı, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin əməkdaşı və Sumqayıt Cümə məscidinin imamı kimi fəaliyyət göstərir. Elmi araşdırmaları, xütbələri və maarifçilik fəaliyyəti ilə o, müasir Azərbaycan ilahiyyatının inkişafına, milli dini irsin öyrənilməsinə və cəmiyyətdə sağlam dini düşüncənin formalaşmasına töhfə verməyə davam edir. 
Samid Quliyevə can sağlığı, yorulmaz və təqdirəlayiq fəaliyyətində uğurlar arzulayıram!

İldırım Şükürzadə
tədqiqatçı-tarixçi


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az