Deputat mühacirlərdən danışdı: “Dövlətimiz nəyi, nə zaman və hansı formada etməyin məqsədəuyğun olduğunu yaxşı bilir”

Deputat mühacirlərdən danışdı: “Dövlətimiz nəyi, nə zaman və hansı formada etməyin məqsədəuyğun olduğunu yaxşı bilir”
"Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər qanunvericiliyin tələbləri, beynəlxalq hüquq normaları və dövlət maraqları çərçivəsində həll olunur. Xaricdə yaşayan ayrı-ayrı şəxslərin və ya radikal qrupların ölkəmiz əleyhinə səsləndirdikləri bəyanatlar Azərbaycan dövlətinin gücünü və nüfuzunu zəiflətmir. Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və vəzifələri ilə bağlı bütün mexanizmlərə malikdir və zəruri hesab etdiyi hallarda qanunun verdiyi imkanlardan istifadə etməyi bacarır. Dövlətin fəaliyyət prinsipi emosional bəyanatlarla deyil, hüquqi prosedurlar, milli maraqlar və strateji yanaşma ilə müəyyən edilir. Buna görə də kimlərinsə özünü toxunulmaz və ya dövlətin imkanlarından kənarda hesab etməsi reallığı əks etdirmir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli xaricdə yaşayan və Baş Prokurorluq tərəfindən barələrində hökm oxunan blogerlərin ölkəyə gətirilmələri barədə danışarkən deyib.

 

Deputat vurğulayıb ki, bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir, beynəlxalq nüfuza malikdir və milli maraqlarını qətiyyətlə müdafiə edir: "Dövlətimiz nəyi, nə zaman və hansı formada etməyin daha məqsədəuyğun olduğunu çox yaxşı bilir və bu məsələlərdə kifayət qədər təcrübəyə və imkanlara malikdir. Buna görə də radikal dairələrin səsləndirdiyi populist və təxribat xarakterli bəyanatlar daha çox daxili auditoriyaya hesablanmış siyasi manipulyasiya kimi qiymətləndirilməlidir. Azərbaycanda konstruktiv tənqid və siyasi plüralizm demokratik inkişafın vacib elementləridir. Lakin daxildəki bəzi dağıdıcı dairələrin - Əli Kərimli qaragüruhunun tör-töküntüləri və xaricdə fəaliyyət göstərən söyüş, təhqir və qarayaxma üzərində qurulmuş radikal qrupların fəaliyyəti nə siyasi mübarizə, nə də demokratik dəyərlərlə uzlaşır. Dövlətə, milli maraqlara və cəmiyyətin mənəvi dəyərlərinə qarşı təhqir, böhtan və nifrət dili üzərində fəaliyyət göstərən bu qruplar faktiki olaraq Azərbaycan xalqının deyil, ölkəmizin uğurlarından narahat olan qüvvələrin maraqlarına xidmət edirlər. Cəmiyyət də çox yaxşı görür ki, onların fəaliyyəti hər hansı proqram, ideya və ya inkişaf konsepsiyasına deyil, yalnız qarşıdurma yaratmağa, dövlətçiliyi hədəfə almağa və xaricdən idarə olunan destruktiv gündəmi təbliğ etməyə hesablanıb. Belə yanaşmalar nə ictimai etimad qazandırır, nə də ölkənin gələcəyinə töhfə verir. Əksinə, milli həmrəyliyə və dövlətçilik maraqlarına qarşı  xəyanət nümunəsi kimi qiymətləndirilməlidir!”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az